Özümüzü yanğın təhlükəsinə necə atırıq?
11:55 21-06-2015
İQTİSADİYYAT
Özümüzü yanğın təhlükəsinə necə atırıq?
Çoxmərtəbəli binaların çoxunda yanğın çıxışları yoxdur, bəs, çıxış yolu nədir....
Bakıda 16 mərtəbəli binada baş verən və 15 adamın ölümünə səbəb olan yanğından sonra çoxmərtəbəli binalarda yanğın təhlükəsizliyi məsələsi gündəmə gəlib. İndi bu mövzu həm müvafiq dövlət qurumları, həm də ictimaiyyət üçün böyük aktuallıq qazanıb. "Unikal" qəzeti olaraq mövzunun önəmini nəzərə alaraq, məsələylə bağlı aparılan araşdırmanı təqdim edirik...
Bununla bağlı kifayət qədər açıq qalan suallar var ki, ilkin olaraq həmin suallara cavab tapmağa çalışacağıq: Bakıdakı çoxmərtəbəli binaların neçə faizində ehtiyat yanğın çıxışı var? Binalarda yanğın nərdivanları quraşdırılıbmı?
"Mən köhnə binalarda, doqquzmərtəbədə yaşayıram. İçi mən qarışıq, evini təmir edənlər eyvanında qonşuya keçən arakəsməni söküb, yerini kərpiclə hörüb. Evdə bir yanğın olsa, bloka tüstü dolsa, çıxış yoxdur. Halbuki bu arakəsməni sındırmaqla qonşuya, deməli, həm də qonşu bloka çıxa bilərdin".
Bunu Bakının Əhmədli qəsəbəsində yaşayan Muraz Nağıyev deyir. Onun sözlərinə görə, yanğın zamanı dama qalxmaq olar, ancaq damda sakinlərin su çəni, çanaq antenası olduğu üçün dama giriş qapısı bağlı olur.
Paytaxtın "20 yanvar" metrosunun yaxınlığındakı yeni çoxmərtəbəli binaların birində yaşayan Zümrüd Əliyeva deyir ki, hadisədən sonra 10-cu mərtəbə sakini kimi narahatçılıq içində yaşayır: "Blokda bir pilləkənlərdir, bir də lift. Başqa heç bir çıxış yoxdur. Bircə blokda pəncərələr var, açıb-bağlanır. Havalandırmaq olur. Balkondan isə qonşuya keçid yoxdur. Dama da qalxmaq üçün ən yuxarı mərtəbənin qonşusunun evinə getmək lazımdır, çünki damda mansarddır, o da qonşuya baxır".
"Həzi Aslanov" metrosunun yaxınlığındakı yeni çoxmərtəbəli binada yaşayan İsmayıl Əyyubov da deyir ki, yanğına qarşı bircə su boruları keçiriblər, ancaq bu işlər də tam başa çatdırılmayıb: "Bunu da tələb elədilər, sonradan düzəltdilər, ancaq etibar olunası deyil. Yanğına qarşı siqnalizasiya yoxdur. Liftdir, bir də pilləkənlərdir".
Adının çəkilməsini istəməyən inşaat mühəndisi isə deyib ki, sovet vaxtı tikilən binaların həyətində kiçik binalar da tikilirdi və yanğına qarşı ehtiyat tədbirləri ilə təchiz olunurdu: "Binaların özündə eyvanlarda yanğın keçidi qoyulurdu, bəzilərində çöldən dəmir pilləkənlər var idi. Alışıb yanmasın deyə pilləkənlər dəmirdən olurdu. İndi bəzi yerlərdə var, ancaq çox ziqzaqvaridir, sakinlərin ondan istifadə etməsi çətindir. Amma indiki çoxmərtəbəli binalarda pilləkənlər həmin yanğın çıxışını əvəz edir. Döngələrdə pəncərə yoxdur, eyvana çıxış var. Açıqlığa çıxır yəni.
Təbii, son yanan binalar kimi fasadından alışıb yanma nadir müşahidə olunan haldır. Yanğın olar bir mənzildə, söndürə bilməzsən, bu alov yayılana qədər camaat binanı tərk edə bilər".
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, polkovnik Rasim Kərimov isə açıqlamasında deyib ki, bütün çoxmərtəbəli binalarda yanğından mühafizə sistemləri inşa olunur.
O, qeyd edib ki, ancaq sakinlər mənzil alarkən yalnız binanın dizaynına, mənzilin görünüşünə fikir verirlər, bu sistemlərlə maraqlanmırlar, onların saz vəziyyətdə olmasına, kranların işləməsinə, təyinat səbəbinə fikir vermirlər.
Polkovnik əhaliyə məsləhət verir ki, mənzil alarkən əvvəlcə binanın təhlükəsizlik sistemi ilə maraqlansınlar: "Yanğın xəbərvericisinin, yanğınsöndürmə kranının olmasına, necə işləməsinə, təxliyə yollarına, bu yolların təhlükəsizliyinə fikir versinlər. Yanğın baş verən zaman insanlar təşvişə düşürlər, lakin 101 - Yanğından Mühafizə Xidmətinə və 112 - Fövqəladə Hallar Nazirliyinin qaynar xəttinə müraciət etməyi unutmaq olmaz.
Müraciət zamanı ünvanı dəqiq demək lazımdır, öz adını, telefon nömrəsini bildirmək lazımdır. Ünvanı deyərkən ora yaxın olan hər hansı oriyentiri də mütləq qeyd etsinlər. Bizim hissələr gələnə qədər yanğın su kranlarından, od söndürücülərdən, sudan, yanmayan materialdan təhlükəsiz şəkildə istifadə edərək yanğını söndürməyə çalışmaq olar.
Qapalı yerdə olan insanlar dərhal təhlükəsiz yerə çıxmalıdırlar. Demək olar ki, bütün yanğınlarda insanlar yanğın baş verən yerdən nəyisə çıxarmağa çalışır, bu, bizim işimizə çox mane olur. 101 xidmətinə məlumat daxil olan kimi biz dərhal polis orqanlarına, Dövlət Yol Polisinə, təcili yardıma, "Azərsu"ya, "Azərişığa" müraciət edirik, bu, işimizin mütləq qaydasıdır".
Yanan binanın içində qalan insanlar nə etməlidir? Bəzi adamlar bu barədə bilgili olsa da, çoxları məlumatsızdır.
"Hamama girin, hamama" - həmin gün, 16 mərtəbəli bina yananda aşağıdan yuxarı bağırırdılar.
Alov bürümüş binada qalan sakinlər isə pəncərədən "kömək edin" qışqırırdılar.
Yanğın zamanı içəridə qalanlardan biri mətbuata danışıb ki, alov binanı bürüyəndə bloka çıxıb, bir neçə mərtəbə düşəndən sonra anlayıb ki, bu tüstüdə boğula bilər, təzədən mənzilinə qayıdıb, təhlükəsiz yer tapıb xilas olmağını gözləyib.
4 saata yaxın yanan binanın içində 40 günlük körpəsi ilə qalan jurnalist Sevinc Fədai sonradan deyib ki, həmin vaxt dostlarının telefonla ona zəng edib nəm dəsmalla nəfəs almağı məsləhət görməsi onların həyatını xilas edib.
Əhali arasında yanğın və digər fövqəladə hallarda davranış qaydaları barədə təlim keçirilməsə də bu qaydalar Fövqəladə Hallar Nazirliyinin saytında yerləşdirilib.
Rəsmi məlumatlara görə, 2012-ci ildən bəri Azərbaycanda çoxmənzilli yaşayış binaları və evlərdə 4873 yanğın olub. Bu hadisələrdə 120 nəfər həlak olub, 225 nəfər də yaralanıb.
Şahin
Digər Xəbərlər
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05