Sabit Dosanov (Qazaxıstan)
12:20 21-06-2015
İQTİSADİYYAT
Sənin gözlərin
Gözlərin qızılı halə içində,-
Necə də vərq vurur şəffaf kölgəsi.
Bu şəffaf kölgələr dümağ qar kimi
Hər yana ağappaq şəfəqlər səpir.
O gözlərdə bunca gizlin əzablar
Dərin fikirləri andırır hərdən.
Bilməz qəzəb nədir, darıxqanlıq nə,
O gözlər uzaqdır bəd niyyətlərdən.
O müdrik gözlərin öz aləmi var,
Əsiri olmuşam o baxışların.
Bu gücü, qüvvəni hardan alıram,
Özüm də bilmirəm, sənlə yarışım.
O dopdolu gözlər, mənalı gözlər
Bəzən soyuq-soyuq süzülür, budur.
Sanki göm-göy olmuş buz parçasıtək
Mənə əzab verir, qəsdimə durur.
Dibsiz dəfinəyə bənzəyir bəzən,
Bəzən günəş kimi yandırıb-yaxır.
Bəzən mirvariyə bənzəyir, bəzən
Qaynar qır misallı üstümə axır.
Heyranı olduğum bax o gözlərdən
Etibar boylanır, məhəbbət baxır.
Vaxtdır, bizə həsəd aparanlara
"Sizdən ötdü hər şey"- söyləyək axır.
İlham çırağımdı o gözlər mənim!
Mən xoşbəxt olacam o zaman ancaq
Sənin o yaqutun , sənin o ləlin
Təkcə mənim üçün işıq saçacaq.
***
Dalğalar
Mən bütün sədləri aşa bilərəm,
Zəfər nəğməsini oxumaq üçün.
Artıq geridədir dağlar, səhralar,
Amma sənə yetmək çətindir, çətin.
Usanmam, yalvaram sahillərinə,
Canım fəda olar dalğalarında.
Sənə dönə-dönə dua edərəm,
Küləklərə dönüb sığallaram da.
Bəzən dənizlərdə tufan olursan,
Mənim dalğalarım çəkilir geri.
Bəzən məxmər kimi yumşaq olursan,
Yavaşca toxunur sənə əllərim.
Sənlə nəfəs alıb, səndə yaşaram,
Sən mənim əzizim, müqəddəsimsən.
Ölüncə gözlərim tapammaz aram,
Sənin sahilində ağlar, bilirsən.
***
Məhəbbət səması
O qanad əllərin qucaqlar məni,
İnana bilmərəm bu xoşbəxtliyə.
Yaqut dodaqların dəyər üzümə,
Sancılar baxışlar düz ürəyimə.
İpək tellərindən sərxoş olaram,
Başıma hərlənər dünya sevincdən.
Gənclik çağlarımız qayıdar geri,
Vücudum titrəyər öpüşlərindən.
Göylər qəlpə-qəlpə məhəbbət olar,
Arxanca atıllam alovlara da.
Ey mənim sirdaşım, ey mənim ruhum,
Gizli sirlərimiz qalsın arada.
Astaca başımı əyərəm sənə,
Toxunsan ayrıllam xəyallarımdan.
Süzərik o mavi səmanı yenə...
Biz tanış olaydıq gərək lap çoxdan.
***
Qəm məni özümdən alıb aparır
Mən sənə əyilib, sevgi umuram,
Fərəhim, hər yerdə gəzirəm səni.
Mənə yox deyirsən, qəmgin oluram,
Çapanda yuxundan süzürəm səni.
Ürəyim hıçqırır, vücudum yanır,
Qəlbimi doğrayıb-didir əzablar.
Bir sənin səcdənə ruhum dayanır,
Nə yaxşı sən varsan, sənli günlər var.
Dərd-kədər qoşunla çökür sinəmə,
Qəm məni aparır, gəl könül bağla.
Sənə əylirəm, aç qollarını,
İşıq ucu boyda bir ümid saxla.
Məni xilas etməz əziz çapan da,
Gəl apar, nəyim var qurbandır sənə.
Mən öz sevgisini danan deyiləm,
Haçan qovuşarsan, həsrətlim mənə?!
***
Nə vaxt mənimləsən
Nə vaxt mənimləsən, əzizim onda
Başımın üstündə göylər açıqdır.
Danmıram - o zaman xoşbəxt oluram
Gözlərim dikilir sonsuzluqlara,
Dünyanı qəlbimlə qucaqlayıram.
Nə vaxt mənimləsən, əzizim onda
Qartaltək zirvələr məskənim olur.
Danmıram - təpərim artır bir az da,
Uca sevdamızın şövqü coşdurur,
Birinci oluram hər bir yarışda.
Elə ki, əzizim, sənsiz oluram,
Donur qaynar qanım damarlarımda.
Köməksiz, yaralı bir quş oluram,
Döyüküb qalıram odlar içində,
Surətin canlanır xəyallarımda.
Elə ki, əzizim, sənsiz oluram,
Tənhalıq dünyamı yıxıb, uçurur.
İşlərim tərs-avand olur bir anda,
Məni kim qurtarar bu qınaqlardan,
Tutuşub yanıram dərd alovunda.
Elə ki, əzizim, sənsiz oluram,
Yaralı ürəyim elə qan verir.
Aysız gecələrdə kədərim artır,
Kimsəsiz yollarda veyillənirəm,
Elə ki, nazənim, sənsizlik çatır.
Nə vaxt mənimləsən, əzizim, onda,
Xatalar, bəlalar məndən yan keçir.
Zaman da ram edə bilməyir məni,
Və xoşbəxt oluram duyğularımla
Nə vaxt mənimləsən, əzizim, onda!
***
Ürək deyir
Qəlbimdə nəğmələr aşıb-daşanda,
Gözləyirəm xoşbəxt günlər gələcək.
Ürəyim, sahilsiz dəniz olursan,
Üstünə qonuram qağayılartək.
Gah itib-batıram düşüncələrdə,
Ordan parlayırsan bir inci kimi.
Uzaq ulduz olub işıq saçırsan
Qəlbimə xoşbəxtlik sevinci kimi.
Mən sənin yanına hamar yolla yox,
Uca dağlar aşıb gəlib çıxmışam.
Səni axtarmışam illər boyunca,
Ümidin izindən sənə baxmışam.
Sənin sözlərindən incə mətləblər,
Sənin gözlərindən kədər boylanır.
Vəsf etməyə şeirin gücümü yetər,
Nursan - camalından səhər boylanır.
Mən sənin zirvənə can atmışam hey,
Səni fəth eləmək asan olmayıb.
Kazqunu, Qafqazı dolaşmışam hey,
Məni gözəlliyin bil ovsunlayıb.
Sənin uğurunda nələr çəkmişəm,
Buna şahid mənim məhəbbətimdir.
Ayağına gəlsəm ürəyim dinib,
Səni gördüyüm gün səadətimdir.
***
Ulduz yağışına tutulub sinəm,
Göylərin ən parlaq ulduzu sənsən.
Sənə hava kimi ehtiyacım var,
Mən bir ac, sən isə sünbüldə dənsən.
Günlərimiz keçdi alda, yaşılda,
Gah sevindik, gah da qüssəyə batdlq.
Bilməzdik həyatda tufanlar da var,
Sandıq uzaq-uzaq tarlalardayıq.
Sıxdı ürəyimi qəfil bu dünya,
Ayrılıq qorxudar yaxlnları da?..
Qorxuram kumirim kəsə qarşımı,
Ya da ki, yox edə qorxuları da.
Sevincim, dincliyim sənə bağlıdır,-
Göylərə millənir bir təyyarədə.
Sənə əl edirəm küskün, kədərli,
Necə yaşayacam sənsiz, bilmirəm.
***
Səni ağuşuna alan təyyarə,
Mənim ürəyimdə tufan qoparır.
Ayrılıq çətindir- göylərə dedim,
Yalvardım da, səni hara aparır?
Artıq on gün ötür bu ayrılıqdan,
Ön gündür sənsizəm, ürəyim əsir.
Hisslərim güc alır alovdan, oddan,
Səni əvəz edən adam nə gəzir!
Məhəbbət əbədi məşəl kimidir,
Birlikdə adlarıq bu ayrılıqdan.
Şəhla gözlərində varlığım gedir,
Səni gözləyirəm, ümidim, hər an.
***
Mənim qazaxlarım, hara gedirsiz?
Mən də bir taleyin peşinə düşüb
Dünyaya ağlaya-ağlaya gəldim.
Mənim də ömürdə öz hədəfim var,
Rəhmə dost, nifrətə düşmən kəsildim.
Və bu gün çox şeyi xatırlayıram,
Şükürlər edərək uca Tanrıya.
Allahın əliylə qurtula bildim,
Göylər az qalmışdı sala qəzaya.
Bir yol yox, azından düz yeddi dəfə
Ayağım üzüldü bu yer üzündən.
Hər dəfə Allaha tapınmaq ilə,
Qurtuldum, etiraf etməyimmi mən?
Müdrik və dəyərli Muxtar müəllim,
Mənə ümid dolu yollar salğadı.
Sabit Mukanovu da unutmaram,
Parlaq gələcəyə o uğurladı.
Özümdən narazı olduğum qədər,
Narazı olmadım mən bir kimsədən.
Qorxmadan hökümət rəhbərləriylə,
Söhbətlər apardım bir səviyyədə.
Qınaya bilmərəm rəhbərləri də,
Demərəm diqqətdən kənarda qaldım.
Uzun illərdən və hadisələrdən,
Azadlıq, çılğınlıq payımı aldım.
Vəfalı dostlara ehtiyacımız
Çox oldu illərlə, deyilmiş asan.
Etibarlı dostu göylər göndərir,
Və ucaldır bizi ulduzlaracan.
Bulud layıdırmı uzaqda uçan,
Yoxsa ki, durnalar tutub göyləri.
Oljasın, Çingizin, Mustayın adı
Adımdan ayrılmaz, tale böylədir.
Mən həmən atlıyam, səhrada çapan,
Zamanı zamana bənd eləyirəm.
Onlar da süzürlər ay haləsində,
Biz eyni ilxını yedəkləyirik.
Orda ki ordular üzür kirməni,
Dinclik yuxu kimi gələr mənə də.
Mən az döşləmədim burda düşməni,
Vurub qalib çıxdım hər bir döyüşdən.
O vaxtın "PRAVDA" qəzetində mən,
Hansı ki, ölkəyə tribunaydı,
Dirəniş, azadlıq deyə səsləndim,
Yol bir ölüm-dirim savaşınaydı.
"Qazaxlar haqqında kim düşünəcək?"
Yazımda həyəcan zəngini çaldım.
Bunun əks-sədası gəldi Qərbdən,
Şərqdən müttəfiqlik sədası aldım.
Yox, mələk deyildim günahkarlara,
Vaxt xəyanət etdi oğullarına.
Təəssüf... tələsən vaxt axarında
Nə özüm, nə sözüm qıydı varına.
Həzm edib hər yetən yenilikləri,
Ev-eşik, qayğılar çıxdılar yaddan.
Ayağım tutduqca dünyanı gəzdim,
Biləm ki, hardadı həqiqət, harda.
Döyüşə atılan bir qılınc kimi,
Üfüqlər əyilmiş lap uzaqlarda.
Gün üzlü qazaxlar hara gedirsiz,
Qoşur ardınızca əqrəbalar da.
II
Nifrətə layiqdir məddah şairlər,
Şan-şöhrət şərəfli kişilərindir..
Sözdə yox, əməldə Vətəni sevək,
Vətənə and içmək vaxtıdır indi.
Sınmağın özü də bir azardı, bil,
O bəzən mənə də kəməndin atdı.
Bəzi insanlarsa haqqı ilə yox,
Tərəfkeşlik ilə ad-sana çatdı.
Özüylə baş-başa qalmaq yanğısı,
Gün-gündən artdı və qəlbimə doldu.
Bir yaşıl ormana bənzədim, orda,
Hər bahar bülbüllər hökmran oldu.
***
Qaranquş
(Musiqisi: Mansur Saqatovundur)
Bir an gözləyirəm gödək ömürdən,-
Mənim qaranquşum gələcək haçan?
Məhəbbət deyilən əbədidirsə,
Ölümdən nə qorxum, asandır, asan.
Nəqarət:
Qaranquşlar, qaranquşlar,
Siz səadət quşusunuz.
Nəğmətək yaddaşa köçüb
Lap uzaqlara uçdunuz.
Göyləri yerlərə yaxın etdiniz,
Hara uçursunuz göy səmalarla?
Yanan ürəklərə siz su səpdiniz,
Sağaldı qəlblərdə o yaralar da.
Bilirəm yenə də qayıdacaqsız,
Çəmənlər yenə də çiçək açacaq.
Qanadlı quş kimi bu küləklərdə
Mənim gəncliyim də alışır ancaq.
Çevirəni: İbrahim İLYASLI
Digər Xəbərlər
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05