Sənədsiz evlər söküləcək yoxsa, qanuniləşəcək....
09:58 24-06-2015
İQTİSADİYYAT
Sənədsiz evlər söküləcək yoxsa, qanuniləşəcək....
Mövzu ilə bağlı müəmma davam edir; hər iki variantın tərəfdarları və əleyhdarları var
Bir neçə il əvvəl Bakıda "xruşşovka" tipli binaların sökülməsi məsələsi gündəmə gələndə həmin binaların sakinləri xeyli narahatlıq yaşadılar. Qeyri-müəyyən müddətə təxirə salınan məsələ sonralar ara-sıra yenə də gündəmin mövzusuna çevrildi. Amma bu günlərdə baş nazirin müavini Abid Şərifovun "xruşşovkalar"ın sökülməsi məsələsi gündəmdə deyil" açıqlaması həmin binalarda yaşayanlara sakitlik gətirsə də "naxalstroy"ların sökülməsi məsələsinin gündəmə gəlməsi bu ərazilərdə yaşayanlar üçün əslində gözlənilən xəbərə çevrilib. Həm sevinc, həm də narahatlıq baxımından.
Amma qəribədir ki, hökumət rəsmisinin açıqlaması bəzi dövlət qurumları, ekspertlər tərəfindən təkzib olunur. Hərçənd heç kəs bu tip evlərin təhlükəsizliyinə, bu günə qədər mülkiyyət hüququnun tanınmamasına haqq qazandırmır.
"Mənim fikrimcə, hazırda gündəmdə «naxalstroy"ların sökülməsi məsələsi yox, ölkə prezidentinin göstərişinə əsasən həmin evlərin sənədləşdirilməsi və onların qeydiyyat hüququnun bərpası məsələsi durur" deyə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şöbə müdiri Cahangir Qocayev gündəmdə belə bir məsələnin olmadığını bildirib: "Bu ilin mart ayında dövlət başçısı Bakı şəhər İcra Hakimiyyətində keçirdiyi müşavirədə sənədsiz evlərin mülkiyyət hüququnun tanınması ilə bağlı göstəriş verdi. Prezident «naxalstroy" məsələsini gündəmdən çıxardı. Çünki həmin ərazilərdə müvafiq İcra Hakimiyyəti orqanları, bələdiyyələr fəaliyyət göstərir. Təbii ki, onlara yaşamaq üçün müəyyən prinsiplər əsasında icazə veriblər. Ancaq onların çoxu sənədləşdirilməyib".
Xatırladaq ki, sovet dövründə də bu cür «naxalstroy"lar olub. Belə ki, Bakı şəhər İH həmin evlər üçün üç dəfə amnistiya elan edib. C.Qocayev Bakıda bu tip evlərin artmasını müstəqilliyin ilk illərində məcburi köçkünlər və qaçqınlar, o cümlədən, uzun müddət özlərinə ev ala bilməyənlərin müəyyən ərazilərdə özlərinə ev tikmələri ilə əlaqələndirib: "Artıq elə bir mühit yarandı ki, insanlar özlərinə yaşayış qurmağa məcbur oldular. Bizdən asılı olmayan fors-major şəraitdən belə vəziyyət irəli gəldi. Sabunçu rayonu ərazisində insanlar mədənlərin arasında özlərinə ev tikdilər. Təbii ki, bu, təhlükəlidir. Orada radiasiya yüksəkdir, qazlaşmış ərazidir. Bu, baxımdan bu cür məsələlərin araşdırılmasına ehtiyac var. Onların əksəriyyəti həmin evləri özəlləşdirib mülkiyyət sənədi ala bilmirlər. Amma bu evlərin bir qismi doğrudan təhlükəli yerlərdə, sürüşmə zonalarında tikilib. Yəqin ki, onlardan xüsusi yanaşma tələb olunacaq, ya da sürüşmənin qarşısını almaq üçün tədbirlər görüləcək. Bundan ötrü hətta, xüsusi komissiya da yaradılıb. Həmin komissiyanın rəyindən sonra bu məsələlər araşdırılacaq".
Şöbə müdirinin sözlərinə görə, bu cür evlərin kütləvi surətdə sökülməsi haqqında planlaşdırma sənədi yoxdur: " Prezident İlham Əliyevin göstərişindən sonra Bakı şəhər İH həmin sənədi hazırlaya bilmədiyinə görə, məsələ parlamentin müzakirəsinə çıxarılıb və MM-də bununla bağlı xüsusi qanun layihəsi hazırlanır. Milli Məclisin rəhbərliyinin dediyinə görə, bu layihə əsasında təhlükəsiz, heç kəsə ziyan vurmayan evlərin hamısına amnistiya veriləcək. ". C.Qocayev hesab edir ki, həmin evlərə mülkiyyət sənədi veriləndən sonra onların sökülməsi reallaşa bilər. «Naxalstroy"larda insanların hüquqi ünvanlarının, qeydiyyatlarının olmamasına gəlincə, DŞAK rəsmisi bunu vaxtilə Bakı şəhərində qeydiyyat məsələsinin mürəkkəb olması ilə əlaqələndirib: «Həmin ərazilərdə yaşayanların bir qismi qohumlarının evlərinə qeydiyyata düşüblər. Onlar müxtəlif yerlərdə qeydiyyatda olub, amma başqa yerlərdə ev tikiblər. Bu yolla seçicilik hüquqlarını da saxlayıblar. Ancaq ən böyük problem həmin mülkiyyət sahiblərinin bu gün də öz mülkiyyətlərinə görə, əmlak vergisi ödəyicisi olmamasındadır: "O insanların mülkiyyət hüququnun tanınması ilə biz onları eyni zamanda əmlak vergisi ödəyicisinə çeviririk. Həmçinin həmin ərazilərdə yaşayan insanları məmurların sıxmasından, səksəkədən xilas etmək üçün belə bir sənədin hazırlanmasına böyük ehtiyac var. Bununla həm vətəndaşların sosial vəziyyətini normallaşdırmaq, həm də iqtisadi səmərə əldə etmək mümkündür". C.Qocayevin sözlərinə görə, ümumiyyətlə, söküntü və tikinti məsələsi şəhər planlaşdırılması ilə bağlı məsələdir: "Yeni məcəllədə də söküntünün, abadlığın layihələrinin olması və onlara xüsusi rəy verilməsi qeyd olunub". DŞAK rəsmisi həmçinin Bakı şəhərinin Baş planının konsepsiyasının bu ayın sonuna qədər təsdiqlənəcəyini, gələn ilin ortalarına qədər hazır olacağını da bildirib.
Sabiq millət vəkili, iqtisadçı ekspert Nazim Məmmədov isə "naxalstroy"lara bu günə qədər mülkiyyət hüququnun verilməməsini məmur özbaşınalığı kimi dəyərləndirib: «Əslində sovet dövründə də «naxalstroy"lar var idi. Sabunçu, Alatava, Razin, "Sovetski", "Kubinka" ərazilərində bu tipli evlər çox idi. Həm 70-ci illərin sonunda 80-ci illərin əvvəllərində orada yaşayan insanların qeydiyyata alınması və «naxalstroy"lara mülkiyyət hüququnun verilməsi tədbirləri keçirilmişdi. Dövlət başçısının məlum göstərişinin bu günə qədər həll olunmaması isə müxtəlif qurumların öz aralarında "razılaşa bilməməsi" ucbatından, müxtəlif «məqsədlər" daşıdığından həll olunmayıb və indiyə qədər aktual olaraq qalır".
Ekspertin fikrincə, bu gün Bakı ərazisində - şəhərin həm girəcəyində, həm də mərkəzində kifayət qədər geridə qalmış kommunal xidmətləri olan "naxalstroylar" var. Belə ki, Bakı ətrafında təqribən 450 min evin olması, təxminən 1 milyon 800 min vətəndaşımızın isə bu cür evlərdə yaşaması göz qabağındadır: "Bu vətəndaşlar rayonlardan, kəndlərdən öz pay torpaqlarını buraxaraq, öz evlərini bağlayaraq, ya iş dalınca, ya kommunal problemlərdən və s. yaxa qurtarmaq məqsədilə Bakıya toplaşıblar. Bunlar Bakı əhalisinə çox ciddi problemlər yaşadır. Əslində Bakının dünyanın ən bahalı şəhərləri sırasında olmasının bir səbəbi də iqtisadi miqrasiyadır". Ekspertin fikrincə, problemin qarşısının alınmasının yeganə yolu bölgələrin tarazlı inkişafı və orada kommunikasiyaların təmin olunmasıdır: "Torpaqların dövlət ehtiyacı üçün alınması haqqında" qanuna əsasən şəhərin həmin ərazilərində tikilən evlərin heç biri nə kommunikasiya, nə də müdafiə xarakterli ərazilərə düşmür. Mənim fikrimcə, tikinti şirkətləri məhəllə-məhəllə vətəndaşlarla danışıb bazar şərtləri ilə onları razı salsalar, daha məqsədəuyğun olardı. Amma bəzi hallarda insanların mülkiyyətinin əvəzini ödəmədən onların evlərinin uçurulması faktlarını görürük".
«Naxalstroy"ların təhlükəlilik məsələsinə gəlincə,ekspert hesab edir ki, həm seysmik, həm təhlükəsizlik, həm kommunal xidmətlərin verilməsi baxımından müqayisə olunmaz dərəcədə geri qalıb. Bu yerlərin normal vəziyyətə gətirilməsi, həmin yerlərdə yaxşı binaların salınması, parkların, istirahət mərkəzlərinin şəhər strukturuna xas olan məsələlərdir: "Yeri gəlmişkən, Türkiyədə də gecəqondular aktual məsələdir. Ayrı-ayrı dövrlərdə hökumət onların qeydiyyatını aparmaq üçün komissiya yaradır və həyata keçirir. Ancaq orada proses yüksək təcrübəyə əsaslanır. Həm ehtiyacı olan insanlar mənzillə təmin olunur, həm də ən az gəlirli insanlar da mənzil qazanmaq imkanı əldə edir. Mənim fikrimcə, bu təcrübə Azərbaycanda da tətbiq olunmalıdır".
Şahin
Digər Xəbərlər
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05