Ermənistanda

Ermənistanda inqilab küləkləri əsir

Etiraz dalğası ölkənin digər şəhərlərinə də yayılır

Ermənistan paytaxtı Yerevanda etiraz aksiyaları davam edir. Hazırda Ermənistan paytaxtının mərkəzində - Marşal Baqramyan prospektində izdihamlı aksiya keçirilir. Mitinqə üç minədək insan toplaşıb.
Ermənistan prezidenti Serj Sərkisyanın görüş barədə təklifini müzakirə edən etiraz aksiyasının koordinasiya qrupu nümayəndə heyətinin tərkibi barədə razılığa gələ bilməyib. Bundan başqa, nümayişçilərin çoxu ümumiyyətlə təşəbbüskarı prezident olan görüş ideyasına neqativ yanaşır.
Bununla eyni vaxtda gənc fəalların Ermənistanın böyüklüyünə görə ikinci şəhəri olan Gümrüdə oturaq aksiyaya başladığı barədə xəbərlər yayılıb. Onlar respublikanın digər şəhərlərində də analoji aksiyalar keçirməyə çağırırlar.
Qeyd edək ki, Yerevanın Azadlıq meydanında iyunun 19-da başlanan oturaq "Talana yox" aksiyasının əsas tələbi elektrik enerjisi tariflərinin yüksəldilməsi barədə qərarı ləğv etmək olub. İyunun 22-də saat 19-da aksiya prezident iqamətgahının qarşısına keçirilmişdi.
Srağagün səhər saatlarında erməni polisi prezident iqamətgahının qarşısında oturaq mitinqi güc yolu ilə dağıtdıqdan sonra axşam saat 22:30-da nümayişçilər yenidən yerlərini tutublar.
Ermənistanın bir sıra keçmiş və indiki deputatları, şou-biznes təmsilçiləri İrəvanın Baqramyan prospektində polis və nümayişçilər arasında canlı ət divarı çəkiblər. Onlar 2008-ci ilin mart ayının 1-də olduğu kimi polisin dinc nümayişçilərə güllə atmasından qorxurlar. Serj Sarkisyanın seçki saxtakarlığı ilə hakimiyyətə gəldiyi həmin günlərdə 8 dinc nümayişçi həlak olmuşdu.
Ermənistan Tarif Şurası ötən çərşənbə günü keçirdiyi iclasda "Ermənistanın Elektrik Şəbəkəsi" şirkəti (EES) tərəfindən istehlakçılara çatdırılan elektrik enerjisinə yeni tarifləri müəyyənləşdirib. Yeni qərara əsasən, avqustun 1-dən etibarən əhali üçün elektrik enerjisinə yeni qiyməti 6,93 dram (təqribən 0,015 dollar) yüksələcək və gündüz vaxtları üçün bir kVAT/saat üçün 48,78 dama qədər (təxminən 0,1 dollar), gecə vaxtı isə 38,78 dram (təqribən 0,08 dollar) təşkil edəcək. EES-in verdiyi sifarişdə isə qiymətlərin 17,08 dram (təqribən 0,036 dollar) qaldırılması təklif edilirdi.

Nalbandyan açıqlama verdi, əhali
daha da qəzəbləndi

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Yerevanda son günlər baş verən hadisələrlə bağlı sərsəm açıqlama verib və buna özünəməxsus şəkildə don geyindirib. O, yerli telekanala müsahibəsində Ermənistanda fəaliyyət göstərən xarici ölkə səfirlərinin, diplomatik korpus və beynəlxalq təşkilat nümayəndələrinin İrəvandakı hadisələr haqqında fikirlərinə münasibət bildirib.
Nazir sanki ölkədə heç nə baş verməmiş kimi davranıb və bunu demokratiyanın nümunəsi kimi qələmə verib: "Biz tərəfdaşlarımızın verdiyi reaksiyaya Ermənistanda demokratiyanın möhkəmlənməsinə göstərdikləri marağın tərkib hissəsi kimi baxırıq. Biz, bu addımlarla demokratiyaya necə sədaqətli olduğumuzu, əsas azadlıqlar və Ermənistanda insan hüquqlarının müdafiə olunduğunu təsdiq edirik".
Ermənistanın XİN rəhbəri polisin davranışına da haqq qazandırıb və deyib: "Düşünmürəm ki, polis tərəfindən hansısa hüquqazidd hərəkət olub. Səlahiyyətli orqanlar xidməti araşdırma aparır və polisin buraxdığı səhvlərin, çatışmazlığın düzəldilməsi üçün tədbirlər görülür. Araşdırmanın nəticələri barədə tərəfdaşlarımıza məlumat veriləcək".
Çox maraqlı və gülməlidir ki, insanların hüququnun pozulması, aclıq və səaflət içində boğulan insanların dubinka ilə döyülməsi, mülki şəxslərin və jurnalistlərin həbsi, işgəncələrə məruz qalması Serj Sarkisyan və Edvard Nalbandyan üçün demokratiya nümunəsi və demokratik dəyər hesab olunur. Nalbandyanın bu sərsəm açıqlamaları əhalini daha da coşdurub. Çox güman ki, İrəvanda baş qaldıran və davam edən bu etiraz dalğası indiki hakimiyyətin sonunu daha da yaxınlaşdıracaq.
ABŞ Yerevanda baş verənlərdən narahatdır

ABŞ Yerevanda baş verən nümayişlərə münasibət bildirib. Bu ölkənin Ermənistandakı səfirliyinin bəyanatında deyilir ki, rəsmi Vaşinqton Ermənistanı söz və sərbəst toplaşma azadlığına hörmətlə yanaşmağa çağırıb.
Bəyanatda deyilir ki, ölkədə etiraz aksiyasının dağıdılması zamanı polisin güc tətbiq etməsi, həmçinin polis şöbələrindən zorakılıqla bağlı yayılan məlumatlar Amerikanı çox narahat edir: `Ermənistan hökuməti polis tərəfindən qeyri-adekvat güc tətbiq edilməsi ilə bağlı tam və şəffaf araşdırma aparmalıdır`.

Putinin nümayəndəsi: "Yerevanda dövlət
çevrilişinə
cəhd başlanıb"

Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi, Dövlət Dumasının keçmiş deputatı Sergey Markov bildirib ki, Yerevanda dövlət çevrilişnə hazırlıq gedir və aksiyaçılar arasında Ukrayandan gəlmiş döyüşçülər var.
Markov Yerevanda baş verənləri dövlət çevrilişnə hazırlıq adlandırıb: "Enerji tariflərinə qarşı etiraz ilkin bəhanədir. Bu, müxalifətin rəngli inqilablar yolu ilə hakimiyyəti tutmaq üçün səbəbdir. Müxalifət buna çoxdan hazırlaşırdı. Mitinqçilər arasında çoxlu Avropa Birliyinin bayrağını tutanlar var. Əvvəlcədən təlim keçmiş xeyli döyüşçü polis kardonunu yarmaq üçün cəhd edir. Şərq Tərəfdaşılığı proqramından imtina edəndən sonra bu aksiyaların başlanacağı gözlənilən idi. Yerevanda spontan xalq mitinqinin başlanması barədə danışmaqdan söz gedə bilməz. Qərb texnoloqranın indi əsas məqsədi qan axıdılmasına nail olmaqdır".

Ukraynalı nazirdən
İrəvandakı aksiyaya şok dəstək

Ukraynanın daxili işlər naziri, erməniəsilli Arsen Avakov Yerevanda davam edən etiraz aksiyasının iştirakçılarına müraciət edib. strateq.az bildirir ki, nazir aksiya işitrakçılarına tam dəstək verib və ruhdan düşməməyə çağırıb. O nümunə olaraq Maydan hadisələrini xatırladıb: "Elə gün olurdu bizi Kiyevdə döyüb bütün küçəboyu səpələyirdilər. Barrikadalarımızı dağıdırdılar... Elə an olurdu ki, hətta ümidimiz də qırılırdı. Gücsüzlükdən qəhər boğazımızı sıxırdı. Qış idi, qar yağırdı - Biz, 8 nəfər donmuş, döyülmüş halda Ukrayna bayrağı ilə Maydana qayıdırdıq".
"Biz özümüzlə böyük həcmi olan ordu termosu gəzdirirdik. Bu, xüsusi təyinatlıların dağıtdığı barrikadadan çıxara bildiyimiz yeganə salamat əşya idi. Ayaqlarımız ağrıyırdı. Əllərimizi şaxta vurmuşdu. Biz isə bu ağır, 20 litlrik termosu Maydana daşıyırdıq. Simvol kimi. Azad olmağa cəhdimizin simvolu kimi. Heç bir qızıl qədəh həmin termosu əvəz edə bilməzdi. Biz ora çay daşmırdıq, biz düşərgəyə azadlıq suyunu gətirdik..."

Yerevanda işıqpulu "Maydan"ının
sonu necə olacaq?

Ermənistanda il ərzində 7 milyard kilovatt saat elektrik enerjisi istifadə edilir. Hökumətin elektrik tariflərini qaldırmasından sonra 1 kilovatt saat enerjinin qiyməti 15 dollar olub. Bir sözlə, əhalinin üzərinə qoyulan vergi 100 milyonlarla ölçülür. Bu sözləri isə azərbaycanlı millət vəkili və politoloq Rasim Musabəyov deyib.
"Bu rəqəmlərdən ötrü Ermənistan əhalisi qiyam etməyə də hazırdır", - deyə o əlavə edib.
Onun sözlərinə görə, Ermənistanda heç kimin ağlına da gəlmir ki, Azərbaycanın torpaqlarını işğal altında saxlamağı dayandırmaq, qoşunları işğal ərazilərindən geri çəkmək və Qarabağ münaqişəsini nizama salmaq Ermənistan üçün ildə ən azı 200-300 milyon dollar qənaət olardı və həmin vəsaitlər sosial problemlərin həllinə yönələ bilərdi. "Azərbaycanla və Türkiyə ilə iqtisadi əlaqələrin bərpa olunması Ermənistan iqtisadiyyatı üçün elə o qədər də fayda verə bilər. Maraqlıdır, görəsən, Ermənistanda ayıq düşünən başlar tapılacaqmı ki, əhali qarşısına belə hesablarla çıxsın?" - Musabəyov sual edib.
Millət vəkili deyib ki, hələ də Ermənistanda populist çıxışlar edilir və əhalini inandırmağa çalışırlar ki, bu ölkənin elektrik şəbəkəsini idarə edən Rusiya şirkətləri ziyanla işləyir. "Qəribə məntiqdir, ancaq Ermənistan mifoloqlarının irrasional ruhuna tam uyğundur", - o vurğulayıb.

Murad İbrahimli