Əbülfəs Qarayevin nazirliyi hara baxır?
15:32 26-06-2015
İQTİSADİYYAT
Əbülfəs Qarayevin nazirliyi hara baxır?
Azərbaycanda tətil qiymətləri "ceyran beli"ndədir
Geopolitik mövqeyi, təbii landşaftına görə turizm sektorunu inkişaf etdirmək istəyən bir ölkə olsaq da, regionlardakı qiymətlər nəinki xarici turistləri, heç ölkə vətəndaşlarını belə özünə cəlb edə bilmir.
"qafqazinfo" xəbər verir ki, qiymətlərə nəzər saldıqda yemək və yol xərcləri daxil olmaqla 2 nəfərin ölkədaxili hər hansı bir istirahət mərkəzində dincəlməsinin xaricə səfərdən baha başa gəldiyini görə bilərik. Belə ki, regionlarımızdakı istirahət qiymətlərini bir günlük ortalama 100 AZN-dən götürsək, bir həftəlik məbləğ 700 AZN edir.
Həmin qiymətə turizm şirkətlərinin təklif etdiyi xaricdə istirahət paketlərini dəyərləndirib aviabilet, siğorta daxil olmaqla Antaliyanın 5 ulduzlu otellərində istirahət etmək mümkündür. Bu səbəbdən hər il olduğu kimi bu il də regionlardakı istirahət mərkəzlərinin qiymətlərinə nəzər saldıqda "Xaricə səfər daha ucuza gəlir" fikri özünü doğruldur.
Bölgələrdə fəaliyyət göstərən istirahət mərkəzlərindən bəzilərinin 1 günlük qiymətləri ilə tanış olaq:
Xızıda yerləşən Altıağac "Cənnət Bağı" istirahət mərkəzi - 2 nəfər üçün səhər yeməyi daxil 1 otaqlı nömrə 55-80 AZN, 2 otaqlı nömrə isə 100 AZN.
Qubada yerləşən "Bərpa SPA Mərkəzi" - 2 nəfərlik 1 otaq 60 AZN, 2 otaq 160 AZN. Qiymətlərə sadəcə səhər yeməyi daxildir.
Xaçmazda yerləşən "Çoban bulaq" istirahət mərkəzi- 2 nəfər üçün istirahətin qiyməti 60-80 AZN arası dəyişir.
Qax rayonunda "El Resort" Hotel - 1 nəfərlik nömrə 80-100 AZN, 2 nəfərlik 90-110 AZN, ailəvi nömrə -150-170 AZN-dir
Şəki şəhərində "Küngüt" istirahət mərkəzi- 1 otaqlı - 50 AZN, 2 otaqlı - 75 AZN. Burada Küngüt qalasına
ekskursiya və orada verilən balla çay sizə 30 AZN qiymətinə başa gələcək.
Nabranda "Ober-lux" istirahət və əyləncə mərkəzi- 1 standart otaq- 50 AZN, 2 otaq- 70 AZN. 3 dəfə yemək daxil xidmətdən yararlanmaq 1 nəfər üçün 55 AZN təşkil edir. Lakin xidmətdən yararlanmaq üçün minimum 1 həftə qalmaq və ya qrup halında olmaq lazımdır.
Qəbələdə "Qafqaz Resort" Hotel- qiymətlər səhər yeməyi daxil olmaqla 120 AZN-dən başlayır.
Qusarda "Suvar" istirahət mərkəzi- Səhər yeməyi daxil olmaqla 2 nəfər 50 AZN, 4 nəfər 80 AZN-dir.
Şamaxıda "Magic Life" istirahət zonası- 6 nəfərlik 3 otaqlı lüks kottec 90 AZN, 2 otaqlı kottec 53 AZN-dir.
Qiymətlərlə tanış olan Bakı sakinləri məbləğin baha olduğunu deyir: "Çox bahadır, əksər otelin yanında nə dəniz var, nə də ki meşə. Bunların bir günlük təklif etdikləri qiymətlərlə Türkiyədə 2 gecə qalmaq olar. Ona görə də, bizimkilər istirahət üçün başqa ölkələri seçmək məcburiyyətində qalırlar. İnanmıram ki, belə qiymətlərlə ölkəmizdə turizm inkişaf edə bilər".
turizm.az şirkətinin daxili turizm deportamentinin rəhbəri Sahib Ənsərov da regionlardakı istirahət mərkəzlərinin təqdim etdiyi qiymətlərin baha olduğunu təsdiqləyib.
O, bildirib ki, istirahəti Azərbaycanda seçənlərin daha çoxu xaricə getməyə vaxtı olmayanlardır: "Onlar 2-3 günlük tur-paket alır, bölgələrimizdə dincəlirlər. Bir həftəlik Azərbaycan otellərində istirahət edənlər çox az olur. Həm qiymət bahadır, həm də həmin qiymətə bəzi kampaniyalardan istifadə edib xaricdə dincəlmək daha məqsədəuyğundur. Məsələn, biz 500 manata 1 həftəlik hər şey daxil xaricə turlar təşkil edirik, ancaq Azərbaycanda bu qiymətə bir həftəlik istirahət təklif etmək qeyri-mümkündür. Ölkəmizə gələn xarici vətəndaşları bizim istirahət mərkəzlərinə cəlb etməyin ən yaxşı yolu qrup halında turlar təşkil etməkdir. Belə olan halda qiymət aşağı düşür, bu da onlara sərf edir".
İndi də yay aylarında qızmar günəşdən əziyyət çəkən Bakıda və Abşeron yarımadasında yaşayan sakinlərin tez-tez üz tutduğu sahil çimərliklərindəki giriş qiymətlərinə nəzər salaq:
Bilgəhdə "Amburan Beach Club"- giriş iş günlərində -13 AZN, istirahət günlərində isə -18 AZN,
Şıxovda "Aysberq beach"- giriş 2 AZN, Mərdəkanda "Dalğa" çimərliyi- giriş haqqı 6 AZN-dir.
Novxanıda "Tural Beach"- giriş qiymətləri 5-10 AZN arası dəyişir.
Zaqulbada Mirvari Beach- giriş haqqı 1 AZN, Mərdəkanda digər bir çimərlik- "Xazri"də isə giriş sərbəstdir.
Yuxarıdakı qiymətlərə nəzər saldıqda regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı daxilində qarşıya qoyulan məqsədlərdən biri olan turizmin inkişafının hələlik sual altında qaldığı görünür. Bir çox xarici ölkələrin sahib olmaq istədiyi təbii landşaftımız deyəsən, bu qiymətlərlə elə ölkə vətəndaşlarının da arzularında qalmağa davam edəcək.
"Unikal" olaraq onu da deyək ki, Azərbaycanda turizm qiymətlərinin bahalığına görə Əbülfəs Qarayevin rəhbərlik etdiyi Mədəniyyət və Turizm Nazirliyi tez-tez tənqidlərə tuş gəlir. Bu tənqidlərə cavab olaraq isə nazirlik lazımi addımların atıldığını söyləmək və bundan sonra da gərəkli tədbirlərin görüləcəyini vəd etməklə kifayətlənir.
Amma göründüyü kimi, Qarayevin nazirliyinin vədlərinə baxmayaraq ölkədə turizm qiymətləri fantastik həddə çatıb. Bu isə həmin vədlərin elə vəd olaraq da qaldığını göstərir.
Sənan Mirzə
Digər Xəbərlər
2024-11-01 17:27:07
2024-11-01 16:49:44
2024-11-01 12:25:00
2024-11-01 11:46:52
2024-11-01 10:37:55
2024-11-01 10:11:56
2024-11-01 10:01:35
2024-11-01 09:46:47
2024-11-01 09:17:40
2024-11-01 09:11:32
2024-11-01 09:02:38
2024-10-31 18:05:48
2024-10-31 17:43:00
2024-10-31 15:53:43
2024-10-31 15:16:00
2024-10-31 14:45:09
2024-10-31 12:21:38
2024-10-31 09:30:29
2024-10-31 09:14:00