Banklara olan borclar silinəcəkmi: şayiə yoxsa...
12:00 30-06-2015
İQTİSADİYYAT
Banklara olan borclar silinəcəkmi: şayiə yoxsa...
Kredit amnistiyasının olacağı ilə bağlı xəbərlər yayılıb, bəs ekspertlər nə düşünür?
Vətəndaşların ölkə banklarına olan borclarının silinəcəyi haqda xəbərlər ildırım sürətilə yayılmaqdadır. Bu xəbərlərin haradan qaynaqlandığı, hansısa əsasının olub-olmaması müəmmalı olaraq qalır. Fakt isə ondan ibarətdir ki, son günlər əhalini maraqlandıran məsələlərdən biri də müəyyən məbləğə qədər olan kreditlərin bağışlanması ilə bağlı suallardır.
"Unikal" qəzetinin redaksiyasına daxil olan çox sayda sualların əksəriyyətinin bu mövzuda olması bu məsələnin insanları daha çox maraqlandırdığını göstərir. Bir çoxları qeyd edirlər ki, bizə mesaj gəlib ki, kredit borclarının bağlışlanması barədə qərar var. Suallar bəzən 10 000 dollara qədər, digər mənbələrdən daxil olan informasiyaya görə bu rəqəm 3 000 dollara qədər məbləği əhatə edir.Bir nüansı da qeyd edək ki, bu qəbildən olan məlumatların böyük bir qismi əsasən rayonlardan daxil olur.
Bütün bunlar isə haqlı olaraq ortaya bəzi suallar çıxarır: Banklar kreditləri doğrudanmı bağışlayacaq? Ümumiyyətlə hansısa ölkənin təcrübəsində bu kimi hala rast gəlinibmi? Yayılmış xəbərlər şayiədir yoxsa hansısa iqtisadi-sosial əsaslara söykənir?
Araşdırmamız göstərir ki, ölkədə kreditlərin nə 10 000 manatadək, nə də digər məbləğədək olan kreditlərin bağışlanılması ilə bağlı müəyyən bir qərar çıxarılmayıb. Yəni ortada kreditlərin bağışlanılması ilə bağlı heç bir rəsmi qərar yoxdur. Qanun çərçivəsində bankdan kredit götürən hər kəs borcunu geri ödəməlidir.Yəni, qısa bir müddətdə belə bir qərarın icra olunacağını düşünüb, kredit borcunu geri ödəməməyi fikirləşmək doğru deyil. Əks halda banklar növbəti prosedurlara əl ata bilər.
Maraqlı nüanslardan biri də odur ki, bu mesajı ictimai rəyə kim buraxıb? Məqsəd nədir? Bu məsələ ətrafında əfsuslar olsun ki, tutarlı nəticəmiz olmadı. İqtisadçı erkspert Vüqar Bayramov isə yayılmış xəbərlərlə bağlı ötən gün bildirib ki, əslində bir sıra inkişaf etməkdə olan ölkələrdə bankların kiçik həcmli borcların bağışlanması hallarına rast gəlinir. Ekspertin sözlərinə görə, kreditlərin bağışlanması ümumi şəkildə bütün kreditlərə deyil, fərdi olaraq ayrı-ayrı kreditlərə tətbiq edilə bilər: "Ailənin sosial statusuna baxmaq olar. Məsələn, elə ailə var ki, kredit götürüləndən sonra ailə başçısı dünyasını dəyişib və qəza keçirərək əmək qabiliyyətini itirib. Həmin ailələrə verilən kreditlərin banklar tərəfindən bağışlanması olduqca vacibdir. Bu həm də sosial korporativ məsuliyyət prinsipinə uyğundur. Bu baxımdan, bütün borcların deyil, sosial statusundan asılı olaraq bir sıra borcların bağışlanması arzuolunandır.
Digər tərəfdən isə ekspert bildirib ki, dövlət tərəfindən borcların silinməsi həm dövlət üçün əlavə xərc deməkdir, həm də bu proses bankları və kredit borcu olanların məsuliyyətini azalda bilər. Eyni zamanda, bu kredit ödənilməsinə məsuliyyətlə yanaşan borclu ilə həmin pulu məsuliyyətsiz xərcləyən arasında diskirminasiya olacaq: "Məsələn, təsəvvür edək ki, bir vətəndaşımız kredit götürüb və öz əmək haqqına qənaət edərək, yumşaq desək, bəzi hallarda "uşağının boğazından kəsərək" həmin krediti vaxtı-vaxtında qaytarıb, digəri isə bankdan borc alıb gedib Türkiyədə istirahət edib və sonradan da həmin pulu geri qaytarmayıb. Belə olan halda borcların silinməsi o deməkdir ki, sanki kredit ödənişlərinə məsuliyyətlə yanaşan doğru etməyib, borcla istirahət edən və onu geri ödəməyən düzgün edib. Çünki o krediti məsuliyyətisiz xərclədi, amma onun borcu bağlandı. Əslində isə, doğru edən öhdəliyinə məsuliyyətlə yanaşandır".
Borcların bağışlanması isə kredit götürənlərin əksəriyyətində "yenidən borcumu siləcəklər" arxayınçılığı yarada bilər ki, bu da bank sektorunda problemli kreditlərin həcmini kəskin artıra bilər. Düşünürük ki, borcların bağışlanması ümumi şəkildə bütün kreditlərə deyil, fərdi olaraq ayrı-ayrı müqavilələrə tətbiq edilə bilər. Ailənin sosial statusundan asılı olaraq bunun tətbiq edilməsi mümkündür.
Orxan
Digər Xəbərlər
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05