Büdrəyən Ermənistan Azərbaycan qarşısında necə diz çökdü...
12:00 30-06-2015
İQTİSADİYYAT
Büdrəyən Ermənistan Azərbaycan qarşısında necə diz çökdü...
Yaxud, Yerevandakı "işıq etirazları" hansı mətləblərin üzərinə işıq saldı?
Artıq 10 gündən artıqdır ki, Ermənistanı etiraz aksiyaları bürüyüb. Xatırladaq ki, enerji tariflərinin bahalaşmasına qarşı yönəlmiş etiraz aksiyaları zamanı çox sayda vətəndaş döyülüb, onlarla şəxs həbs olunub. Buna baxmayaraq, Yerevanda etirazçıların müqavimətini qırmaq mümkün olmayıb.
Düşmən ölkədəki bu hadisələr isə Ermənistan iqtisadiyyatının nə qədər sürüşkən parametrlərə malik olduğunu, vətəndaşların artıq bu dözülməz şəraitdə yaşamaq istəməməsinin göstəricisidir. Bu isə bütün sahələrdə inkişaf edən Azərbaycanın fonunda Ermənistanın nə qədər miskin durumda olduğunu təsdiqləyir. Bu baxımdan "Unikal" qəzeti olaraq düşmən ölkənin can verməkdə və çürüməkdə olan iqtisadi mənzərəsinə göz atmaq qərarına gəldik. Beləliklə...
Qeyd edək ki, hələ məlum aksiyalar başlamazdan öncə Ermənistan Mərkəzi Bankı ölkə iqtisadiyyatı ilə bağlı bədbin proqnoz açıqlayıb. Bankın yaydığı xəbərə görə, 2015-ci ildə fərdi transfertlərin təxminən 30 faizədək azalacağı proqnozlaşdırılır. Xaricdən Ermənistana daxil olan fərdi transfertlərin böyük hissəsi Rusiyada mövsümi işlərdə olan Ermənistan vətəndaşları tərəfindən göndərilir. Rusiyadan alınan fərdi transfertlərin həcmi isə son bir il ərzində 56,01 faiz azalıb: 2014-cü ilin yanvarında tək bank sistemi vasitəsilə 87 milyon 243 min, düz bir ildən sonra isə 38 milyon 371 min dollar məbləğində pul göndərilib. Fərdi transfertlər kimi ölkəyə daxil olan xarici valyutanın həcmi Ermənistanın dövlət büdcəsi ilə müqayisə edilə bilər.
Bəzi mütəxəssislər bildirir ki, əvvəlki illərdə Ermənistana xaricdən ildə 3 milyard dollara yaxın pul göndərilirdi. Məsələn, 2013-cü ildə fərdi pul köçürmələri xəttilə Ermənistana təxminən 2,1 milyard dollar göndərilib, bir ildən sonra isə bu göstərici 7,7 faiz azalıb. Ukrayna hadisələri ilə bağlı Qərbin sanksiyaları nəticəsində Rusiyada iqtisadi durumun pisləşməsi, rublun məzənnəsinin düşməsi Rusiyada işləyən əmək mühacirlərinin gəlirini azaldıb. Mövsümi işlərdən qayıdanların bir hissəsi bu il Rusiyaya qayıtmayıblar. "Bu hal Ermənistan əhalisinin alıcılıq qabiliyyətinin kəskin şəkildə düşməsinə, yaşayış səviyyəsinin pisləşməsinə gətirir" - deyə Ermənistan Mərkəzi Bankının sabiq sədri Baqrat Asatryan deyir.
Ermənistan Mərkəzi Bankının ötən ay dərc etdiyi məruzəyə əsasən, bu il Ermənistanda hökumət tərəfindən 4,1 faiz səviyyəsində planlaşdırılan iqtisadi artım 10 qat aşağı - 0,4-2 faiz ola bilər. Mərkəzi Bank həmçinin fərdi transfertlərin də təxminən 30 faizədək azalacağını gözləyir. Ermənistanda beynəlxalq valyuta ehtiyatları da kəskin şəkildə azalmaqdadır. Cari ilin yanvar ayında ölkənin beynəlxalq valyuta ehtiyatları 1 milyard 351 milyon dollar təşkil edib. Bu, son altı ildə ən aşağı hədd hesab olunur.
İqtisadçılar cari ildə Ermənistanda iqtisadi göstəricilərin yaxşıya doğru dəyişməyəcəyini və yoxsulluq səviyyəsinin artacağını proqnozlaşdırırlar. Gömrük İttifaqına üzv olması Ermənistanın başqa ölkələrlə ticari əlaqələrini əngəlləyir, Rusiyada rublun məzənnəsinin erməni dramından daha çox düşməsi səbəbindən Ermənistanın bu ölkəyə ixracatı mənfi effekt verir. Məsələn, Ermənistan şərabları və konyakı Rusiya bazarında xeyli bahalaşıb, çətin satılır və Ermənistan istehsalatçıları ixracatı "sərfəli vaxtlara qədər" dayandırıblar.
İqtisadçının sözlərinə görə, Ermənistanda tənəzzül davam edəcək və cari ildə inflyasiyanın 8-10 faiz artması fonunda 10-12 faiz təşkil edəcək. B.Asatryanın proqnozuna görə, böhran ən azı daha üç il davam edəcək, lakin Rusiyada vəziyyət yaxşılaşsa, 2017-ci ilədək sabitləşə bilər. O, əlavə edib ki, 2014-cü ildə Ermənistandan miqrasiya 2013-cü illə müqayisədə 10-12 faiz artaraq 47 min nəfəri ötüb. Onun sözlərinə görə, ölkədə iqtisadi vəziyyətin pisləşməsinin bariz göstəricisi Ermənistandan mühacirətin artımıdır.
Bütün bu sadalanan faktlar və ümumilikdə acı mənzərəni tamamlayan statistika isə Ermənistanın bir dövlət kimi mövcudluğunu ciddi şübhə altında qoyur. Azərbaycanın tarixi ərazilərini işğal etməsi səbəbilə bütün regional iqtisadi layihələrdən kənarda qalan Ermənistanda yaşamaq uğrunda mübarizə aparan sıravi ermənilər isə artıq dözmək niyyətində deyil. Hər halda etirazların yüksələn xətt üzrə davam etməsi, rəsmi Yerevanın baş verənlərə müdaxilə edə bilməməsi belə düşünməyə əsas verir ki, bu özünü Qarabağ münaqişəsinin həlli prosesində də göstərə bilər.
Digər tərəfdən isə büdrəyən Ermənistanın sözün həqiqi mənasında bütün sahələr üzrə inkişaf edən Azərbaycan qarşısında sonacan duruş gətirə biləcəyi heç ağlabatan görünmür.
Şahin
Digər Xəbərlər
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05