Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi
10:00 04-07-2015
İQTİSADİYYAT
Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi
1969-cu ildə Azərbaycandan Rusiyanın müxtəlif şəhərlərinə təhsil almaq üçün 47 gənc göndərildi. 1975-ci ildə isə bu rəqəm 14 dəfə artaraq 700 nəfərə qədər yüksəldi. Hələ 70-ci illərin əvvəllərində respublikadan kənarda təhsil almağa göndərilənlərin yalnız 40 faizini azərbaycanlılar təşkil edirdisə, 1980-ci illərin əvvəllərində Rusiyada təhsil almaq üçün göndərilən azərbaycanlıların sayı 97,6 faizə çatdı.
Bu rəqəmlər ilk baxışdan SSRİ dövründə Azərbaycanın da daxil olduğu 15 proletar respublikadan birində kadr potensialının gücləndirilməsi kimi qələmə verilsə də, əslində bu gənclərin ölkədən kənarda təhsil almaq üçün göndərilməsinin arxasında, güclü mütəxəssis hazırlığı ilə yanaşı, başqa bir siyasət də dayanırdı: - Azərbaycanın kadr potensialının yüksəldilməsi ilə yanaşı, ən qabiliyyətli gənclərimizin vasitəsilə xalqımızın mədəniyyətinin, mənəvi-əxlaqi dəyərlərinin təbliği, onların bir qisminin hesabına Rusiyada güclü Azərbaycan diasporu formalaşdırmaq...
Ulu öndərin uzaqgörən diaspor quruculuğu
siyasəti...
Bunu həmin dövrlərdə Azərbaycana rəhbərlik edən ümumilli lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldikdən sonra Ukraynada yaşayan azərbaycanlılarla eləcə də Rusiyaya işgüzar səfəri zamanı diasporun nümayəndələri ilə görüşdə də etiraf edib. 2002-ci ilin iyun ayının 9-da və iyul ayının 20-də baş tutan bu görüşlər zamanı ümumilli lider öz çıxış nitqində bildirib ki, o dövrdə həyata keçirdiyi məqsədyönlü siyasətin nəticəsidir ki, hazırda Rusiyada güclü Azərbaycan diasporu fəaliyyət göstərir. Ümumilli lider qeyd edib ki, bu gün Rusiyada diaspor təşkilatlarının başında duranlar onun 1970-ci illərdə Rusiyaya təhsil almaq üçün göndərdiyi şəxslərdir: "Mən o vaxt SSRİ-dən böyük çətinliklərlə ilbəil kvota alırdım. Birinci il 100 yer verdilər ki, onlar imtahansız qəbul ediləcəklər. Yəni imtahanı Azərbaycanda verəcəklər, gəlib Moskvada imtahan verməyəcəklər. İkinci il 200, sonra 300, daha sonra bu rəqəm 800-ə qalxdı. Mən bilirdim ki, bunların bir qismi, ola bilər, axıra qədər oxumasın. Çünki niyə? İnsandır, xəstələnir, bu, təbii haldır. Ola bilər ki, bir qismi oxuduğu ölkəni sevsin, təhsilini qurtarandan sonra elə orada qalsın. Bu da təbiidir. O vaxt deyirdim ki, bundan narahat olmayın, əgər siz orada qalıb yaxşı işləsəniz, öz vətəninizə qayıtmasanız, bu da mənim üçün xoşdur. Bir qismi, ola bilər 5 illik təhsil müddətində özünə ukraynalı və yaxud rus, moldovan qızı tapsın, evlənsin, onunla yaşasın. Yəqin ki, sizin içərinizdə də belələri var. İnstitutu qurtaranda həyat yoldaşı deyəcək ki, bilirsən nə var, gəl hələ bir-iki il burada işləyək, sonra sənin vətəninə gedərik. Bir-iki il işləyəndən sonra xoşuna gələcək, deyəcək ki, bir az da işləyək. Mən o vaxt deyirdim ki, bu da yaxşıdır. Siz o yerlərdə kök salacaqsınız, oralarda qalacaqsınız. Orada təkcə ukraynalılar yox, həm də azərbaycanlılar yaşayacaqlar!".
İllər keçdi, ümumilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Rusiyadan başladılan diaspor təşkilatlanması digər ölkələrdə də davam etdirildi. Bu gün də Azərbaycanın zəkası, təhsili ilə seçilən gəncləri dünyanın hər yerinə səpələnərək diaspor təşkilatları yaradır, fəaliyyət göstərdikləri ölkələrdə Azərbaycan icmasını birləşdirərək öz sözlərini deyirlər. Bununla belə hələ də azərbaycanlıların xarici ölkələrdə lobbiçilik siyasətinin zəif olması barədə iradlı fikirlər səsləndirilir.
"Diaspor təşkilatları
erməni yalanlarına
qarşı çiyin-çiyinə
mübarizə aparır"
Beynəlxalq Diaspora Təşkilatının sədri İsmayıl Ağayev isə deyir ki, son illər diaspor quruculuğu istiqamətində görülən işlər, Azərbaycanın bu istiqamətdə yürütdüyü siyasət nəticəsində xarici ölkələrdə azərbaycanlılardan ibarət diaspor ordusu yetişib: " Ulu öndər Heydər Əliyevin diasporun yaradılması, inkişaf etdirilməsində misilsiz xidmətləri olub. Ölkə prezidenti İlham Əliyev isə bu işi daha da sürətli inkişaf etdirərək türk və Azərbaycan diasporlarının birgə mübarizəsi yolunu seçib. Azərbaycanın bu gün dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən diaspor təşkilatları erməni yalanlarına qarşı çiyin-çiyinə mübarizə aparır".
İ. Ağayev deyir ki, diaspor təşkilatlarının fəaliyyətini keçirilən aksiyalara topladığı insanların sayına görə dəyərləndirmək olmaz. Onun sözlərinə görə, bu gün erməni lobbisinin güclü olmasının səbəbini azərbaycanlıların diaspor təşkilatlarının zəif olması ilə əlaqələndirmək doğru olmaz: "Ermənilər uzun illər Fransa, Amerika və müxtəlif xarici ölkələrdə yaşayıblar. Onların yaşamağa öz torpaqları olmadığından başqa-başqa ölkələrə səpələniblər. Ermənilərin bələdiyyələrdə, senatda, hətta xarici ölkələrin məşhur telekanallarında rəhbər vəzifədə nümayəndələri çalışır. Bu onların lobbiçilik fəaliyyətini daha da gücləndirir, dəstək olur".
İ. Ağayevin sözlərinə görə, artıq son illər Azərbaycanın xarici ölkələrdəki diaspor quruculuğu siyasəti erməniləri də qorxuya salıb: "Ermənilərin elə bir tədbiri yoxdur ki, xaricdəki diaspor təşkilatları onlara cavab verməsin. Bununla yanaşı bizim diaspor təşkilatları Azərbaycanın haqq səsinin dünyaya çatdırılması istiqamətində də iş aparır. Azərbaycandan kənarda fəaliyyət göstərən Leyla Əliyevanın rəhbərlik etdiyi "Amor" təşkilatı son illərdə Rusiyada azərbaycanlıların vahid mərkəzdə birləşdirilməsinə nail olub. Leyla xanımın rəhbərliyi altında "Xocalıya ədalət" kampaniyası demək olar ki, bütün dünyanı bürüyüb".
Diaspor Komitəsi
hansı işləri görüb?
Diasporla İş üzrə Dövlət Komitəsindən də son illər xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, həmvətənlərimizin yaşadıqları ölkələrin ictimai-siyasi həyatında iştirak səviyyəsinin artırılması, Azərbaycan həqiqətləri ilə bağlı dünya ictimaiyyətinin məlumatlandırılması, habelə diaspor təşkilatları arasında Azərbaycan naminə əməkdaşlığın daha da gücləndirilməsi və inkişafı istiqamətində bir sıra tədbirlər həyata keçirildiyini bildirdilər. Komitənin mətbuat xidmətindən bildirdilər ki, təkcə ötən il dünyanın müxtəlif ölkələrində Azərbaycan diaspor təşkilatları tərəfindən 557 tədbir keçirilib. Mətbuat xidmətindən verilən məlumata görə, bunların əksəriyyəti beynəlxalq əhəmiyyətli tədbirlər olub. Komitədən verilən məlumata görə, ötən il ərzində Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə 189 tədbir düzənlənib ki, bu da Ermənistanın, erməni diaspor və lobbi qruplarının anti-təbliğat kampaniyalarının qarşısının alınması məqsədinə xidmət edib: " Hər il olduğu kimi cari ildə də Ermənistanın ölkəmizə qarşı keçirdiyi təcavüzkarlıq siyasətinin bütün dünyaya çatdırılması və ifşa olunması məqsədilə ABŞ, Kanada, Almaniya Federativ Respublikası, Türkiyə Respublikası, Birləşmiş Ərəb Əmirlikləri, İsveç Krallığı, Litva Respublikası, Gürcüstan, Rusiya Federasiyası, Fransa Respublikası, Belçika Krallığı, Niderland Krallığı və digər ölkələrdə diaspor təşkilatlarımız tərəfindən müxtəlif məzmunlu tədbirlər, kütləvi etiraz aksiyaları, konfrans və seminarlar təşkil olunub. 2014-cü ilin yanvar və fevral ayları ərzində xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları tərəfindən Xocalı soyqırımının iyirmi ikinci ildönümü ilə bağlı 100-ə yaxın tədbir keçirilib. Bununla yanaşı, xarici kütləvi informasiya vasitələrində Xocalı soyqırımı ilə bağlı materiallar verilib. Həmvətənlərimiz yaşadıqları ölkələrin dövlət və hökumət strukturlarını erməni təcavüzkarlarının törətdikləri cinayət barədə məlumatlandırmaq məqsədilə görüşlər keçirib, ictimai və siyasi xadimlərə müraciətlər və məktublar ünvanlayıblar. İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə Baş koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə başlayan "Xocalıya ədalət" kampaniyası çərçivəsində Almaniyanın Bielefeld şəhərində izdihamlı yürüş-mitinqi təşkil olunub. Aksiyada Bielefeld, Hannover, Hamburq və digər şəhərlərdən gəlmiş 350-dən çox həmvətənimiz, türk diasporunun nümayəndələri, iş adamları və yerli ictimaiyyət nümayəndələri iştirak ediblər. Torontoda Xocalı soyqırımı qurbanlarının xatirə lövhəsi açılıb, Maqdeburq şəhərində avtomobil yürüşü təşkil edilib".
Komitədən bildirdilər ki, 2014-cü il lobbi quruculuğu sahəsində də səmərəli olub. Belə ki, ötən il ərzində dünyanın nüfuzlu beynəlxalq təşkilatları ilə həmçinin, müxtəlif ölkələrin parlamentlərində və hökumətlərində təmsil olunan siyasət adamları, ictimai xadimlərlə əlaqələrin qurulması, xarici dövlətlərin parlament üzvlərinin, dövlət rəsmilərinin və KİV nümayəndələri ilə əlaqələrin qurulması, onların Azərbaycana səfərlərinin təşkili məqsədilə 93 tədbir keçirilib. Komitədən verilən məlumata görə, Diasporla İş üzrə Dövlət Komitəsi xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, cəmiyyətə inteqrasiyası, soydaşlarımızın ictimai-siyasi həyatda iştirak səviyyəsinin artırılması, tarixi Vətənlə əlaqələrinin genişləndirilməsi, habelə diaspor təşkilatları arasında səmimi əməkdaşlıq münasibətlərinin yaradılması istiqamətində bir sıra tədbirlər həyata keçirməkdə davam edir.
Diaspor
quruculuğunda gələcək planlarımız nədir?
Diasporla İş üzrə Dövlət Komitəsinin gələcəklə bağlı planlarına gəlincə, ilk növbədə xarici ölkələrdə yaşayan azərbaycanlıların birliyinin təmin olunması və təşkilatlanması durur: "Müasir dövrdə xarici ölkələrdə yaşayan azərbaycanlılar arasında milli-mənəvi birliyin möhkəmləndirilməsi, soydaşlarımızın təşkilatlanması prosesi keyfiyyətcə yeni məzmun kəsb etməkdədir. Bu, Azərbaycan diaspor quruculuğu işinə xarici ölkələrdə yaşayan azərbaycanlı ziyalıların, gənclərin və qadınların, eləcə də Azərbaycanda yaşayan digər xalqların xarici ölkələrə köçmüş nümayəndələrinin cəlb olunması zərurəti ilə bağlıdır". Komitənin gələcək planlarından biri də, Azərbaycan həqiqətlərinin təbliğidir. Azərbaycanlı icmaların fəaliyyət göstərdikləri ölkələrin kütləvi informasiya vasitələri ilə əlaqələri yaxşılaşdırılmalı, yeni müstəqil qəzet, jurnal, radio, televiziya və informasiya agentliklərinin yaradılması prosesi davam etdirilməli, ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında fəal iştirak edən və Azərbaycan diasporuna ictimai münasibətlərin qurulmasında yardım göstərə biləcək alim, siyasətçi və jurnalistlərlə, soydaşlarımızın yaşadıqları ölkələrin və digər dövlətlərin qeyri-hökumət təşkilatlarının təmsilçiləri ilə sıx münasibətlər qurulmalı, onlarla məqsədyönlü iş aparılmalıdır. Komitənin 2016-cı ilədək diaspor fəaliyyətinin gücləndirilməsi istiqamətində görəcəyi işlərə Azərbaycan xalqının mədəni irsinin və qədim tarixinin təbliği, Azərbaycan diaspor təşkilatlarının fəaliyyətinin koordinasiyası və təbliğat işində müasir informasiya texnologiyalarının tətbiqi, xaricdə yaşayan azərbaycanlıların cəmiyyətə inteqrasiyasının sürətləndirilməsi, ictimai-siyasi fəallığının artırılması, hüquq və azadlıqlarının müdafiəsi, xaricdə yaşayan azərbaycanlıların Azərbaycan Respublikası ilə əlaqələrinin möhkəmləndirilməsi, digər xalqların diasporları ilə əməkdaşlığın inkişaf etdirilməsi və sair durur.
Hüseyn İsgəndərov
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün hazırlanıb.
Digər Xəbərlər
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05