Avtomobil biznesi: Bir vaxtların gəlirli, indinin isə risqli işi
10:01 04-07-2015
İQTİSADİYYAT
Avtomobil biznesi: Bir vaxtların gəlirli, indinin isə risqli işi
Maşın bazarındakı durğunluq nəylə bağlıdır; vəziyyət düzələcəkmi...
Avtomobil bazarında son vəziyyət burada ticarət səviyyəsinin getdikcə daha sürətlə aşağı düşməkdə olduğunu göstərir. Elə maşın alverçiləri də avtomobil satışının əvvəlki səviyyədə olmadığını, alıcıların sayının isə kifayət qədər azaldığını bildirir. Hətta qeyd olunur ki, artıq bəzi maşın alverçiləri bu istiqamətdə fəaliyyətini dayandıraraq, artıq fərqli işlərlə məşğul olmağa başlayıb. Eləcə də maşın satış mərkəzlərinin bəziləri fəaliyyətini dayandırmalı olub. Ekspertlər cari il ərzində vəziyyətin dəyişməyəcəyini proqnozlaşdırır.
Baş verənlər isə Azərbaycana maşın idxalında da özünü qabarıq göstərir. Xüsusən qonşu Gürcüstandan maşın idxalı əhəmiyyətli dərəcədə azalıb. Yeri gəlmişkən qeyd edək ki, 2015-ci ilin yanvar-may ayları ərzində Gürcüstandan Azərbaycana cəmi 2019 ədəd avtomobil ixrac olunub. Gürcüstan Milli Statistika İdarəsi bildirir ki, bu da 2014-cü ilin analoji dövrü ilə müqayisədə 8 908 ədəd və ya 82% azdır. Xatırladaq ki, 2014-cü ilin analoji dövründə qonşu Gürcüstandan Azərbaycana 10 927 ədəd avtomobil ixrac olunmuşdu. Ümumilikdə İdarə qeyd edir ki, Gürcüstandan Azərbaycana 37 milyon 901.6 min dollar dəyərində avtomobil ixrac olunub, bu da 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 83 milyon 801.8 min dollar və ya 69% azdır. Maşın bazarında aktivlik artmayana qədər vəziyyətin dəyişməsi gözlənilmir.
Ekspertlər maşın bazarındakı durğunluğun kökünün ötən ilə gedib çıxdığını bildirir. Ümumiyyətlə, maşın bazarındakı durğunluq 2014-cü ilin ortalarından müşahidə olunur. Belə ki, ötən ildən "Avro-4" standartının Azərbaycanda tətbiqi ölkəyə nisbətən köhnə avtomobillərin gətirilməsini qadağan etdi. Bu da birmənalı olaraq avtomobil bazarında durğunluğun yaranmasına gətirib çıxardı. Çünki alıcılar daha çox köhnə maşınlara üstünlük verirdi. Manatın məzənnəsinin aşağı düşməsi maşın bazarındakı süstlüyə yeni bir mərhələ də əlavə etdi.
Çünki Azərbaycana avtobillər Almaniyadan, Qərbdən, Birləşmiş Ərəb Əmirliklərindən və Asiya ölkələrindən gətirilir. Onların ilkin satış qiymətləri isə avro və dollarla həyata keçirilir. Satışlar manatla həyata keçirilərkən qiymətlərə təsir edir. Manatın məzənnəsinin düşməsi və Rusiyadakı iqtisadi durğunluq bizim avtomobil bazarına təsir edən əsas amillərdir. Digər tərəfdən, Mərkəzi Bankın ölkənin kommersiya banklarına iş yerindən arayış təqdim etmədən vətəndaşlara nağd pul krediti verilməsini, eləcə də kredit xəttinin açılmasını qadağan etməsi avtomobil satışına təsirsiz ötüşməyib.
Ekspertlərə görə, müəyyən zaman lazımdır ki, bazar yeni məzənnəyə və aşağı tələbata uyğunlaşa bilsin. Üstəlik, cari ilin sonlarına qədər durğunluğun aradan qaldırılması proqnozlaşdırılmır. Baş verənlər isə sığorta şirkətləri və banklar üçün də ciddi problem yaradaraq onların gəlirini əhəmiyyətli dərəcədə azaldıb.
Azərbaycanda kasko sığortasının azalması isə avtomobil satışının azalması ilə bağlıdır. Məlumata görə, bu ilin ilk 5 ayı ərzində kasko sığortadan 12,9 milyon manat sığorta haqqı yığılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10% azdır. Təzə maşınların dövriyyəsinin azalması və buna paralel olaraq köhnə avtomobillərin satışının azalması kasko ilə bağlı satış faizinin enməsinə təsir göstərir. Məsələn, təzə maşın alan vətəndaş avtomobilini sığortalamağa daha çox həvəslidir. 5-10 ilin avtomobilini isə sığortalamağa maraq göstərən çox azdır. Onu da qeyd edək ki, satışların aşağı düşməsinə baxmayaraq, ölkədə maşınların sayı heç də az deyil. Azərbaycanda təxminən 1,3 milyon ədədə yaxın avtomobil var. Lakin bu sayda maşının olmasına baxmayaraq, avtomobil sığortası üzrə yığımlar cüzi olaraq qalır. Azərbaycan Sığortaçılar Assosiasiyasının məlumatına görə, 2015-ci ilin yanvar-aprel ayları ərzində avtomobillərin könüllü sığortasında 10,64 milyon manat sığorta haqqı toplanıb.
Bu yığım ötən ilin anoloji dövrü ilə müqayisədə 7,1% azdır. Xatırladaq ki, 2013-cü ilin ilk 4 ayında sığorta şirkətləri 16 milyon manat, 2014-cü ilin ilk 4 ayında isə 11,45 milyon manat sığorta haqqı yığmışdılar. Yenə də belə fikirlər səslənir ki, avtomobil sığortası üzrə yığımların azalmasının səbəbi bankların avtomobil kreditlərini daha sərtləşdirilmiş qaydada təqdim etməsi, aksiz vergisinin artırılması və devalvasiya səbəbindən avtomobil satışlarının aşağı düşməsidir. Hər halda, maşın bazarında aktivlik artmayana qədər bundan təkcə maşın satanlar yox, bank və sığorta sektoru da əziyyət çəkəcək. Bununla yanaşı, hesab olunur ki, yeni maşınların qiymətində daha çox endirim edilməlidir ki, avtomobil bazarına maraq artsın. Əks halda vəziyyət dəyişməyəcək.
Orxan
Digər Xəbərlər
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35