Bakının dərdi var, Bakı çarə axtarır...
10:35 07-07-2015
İQTİSADİYYAT
Bakının dərdi var, Bakı çarə axtarır...
Rayon qeydiyyatı olan maşınlar paytaxta buraxılsın, ya yox...
"Bakı 2015": I Avropa oyunları ərəfəsində və yarışların baş tutduğu günlərdə Azərbaycan paytaxtında tətbiq olunan qaydalar Bakının rahat nəfəs almasına səbəb oldu. Xüsusilə Bakı qeydiyyatında olmayan nəqliyyat vasitələrinin paytaxta buraxılmaması şəhər yollarındakı dözülməz tıxac problemini nəzərəçarpacaq dərəcədə həll etdi. Avropa Oyunlarının başa çatmasından sonra isə sözügedən qadağanın saxlanılması, rayon qeydiyyatında olan avtomobillərin paytaxta girişinə məhdudiyyət qoyulması ilə bağlı təkliflər səsləndirilir.
Düzdür, mövzuyla bağlı ictimai rəydə birmənalı fikrin formalaşmasını iddia etmək olmaz. İdeyanın tərəfdarları qədər də əleyhdarları var. Birincilər təklifin reallaşmasını Bakının illərdən bəri həllolunmaz qalan tıxac probleminə çarə olunacağını düşünsə də, ideyanın əleyhdarları bunun Bakı qeydiyyatında olmayan vətəndaşların hüquqlarının pozulması kimi dəyərləndirirlər. Ancaq sözügedən məsələylə bağlı digər təkliflər paketi də müzakirə olunur ki, həmin təkliflərdə bir neçə nüans öz əksini tapıb və onları çıxış yolu kimi nəzərdən keçirmək mümkündür.
Məlumat üçün bildirək ki, Bakıya rayon maşınlarının daxil olmasına qadağa qoyulacağı haqda müzakirələr sosial şəbəkələrdən tutmuş, ictimai dairələrə qədər hər kəsin önəm verdiyi mövzulardandır. Hətta bununla bağlı Nazirlər Kabinetinin Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyasına təkliflər paketi də təqdim olunub.
Ötən gün isə Bakıda nəqliyyatın hərəkətində sıxlığı aradan qaldırmaq və şəhərin ekoloji vəziyyətini normallaşdırmaq üçün Nazirlər Kabinetinin Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyasına təqdim olunan bəzi təkliflərin təfərrüatları məlum olub. Təkliflər sırasında dünya praktikasında olduğu kimi, dövlət qeydiyyat nömrəsindəki tək və cüt rəqəmlərə görə, avtomobillərin hərəkətinin tənzimlənməsi də var. Belə ki, həftənin cüt günləri dövlət qeydiyyat nömrəsi tək rəqəmlə bitən avtomobillərin, tək günlərdə isə cüt rəqəmlə bitən avtomobillərin şəhərin mərkəzində hərəkətinə icazə veriləcək. Digər bir təklif şəhərdə nəqliyyatın hərəkətinin sıx olduğu ərazilərdə avtomobillərin hərəkətinə ümumiyyətlə qadağa qoymaqdır.
Təkliflərdən biri isə Bakı qeydiyyatı olmayan avtomobillərin paytaxta qrafiklə, saat 22:00-dan səhər saat 7:00-a qədər buraxılmasıdır.
Ekspertlər hesab edirlər ki, belə bir qərarın qəbulu ilk növbədə Nazirlər Kabinetinin Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyasının səlahiyyətlərinə daxil deyil. Bu cür qərarları yalnız Milli Məclis verə bilər. Digər tərəfdən isə, ekspertlər hesab edirlər ki, nömrələrə görə maşınların paytaxta buraxılmaması vətəndaşların hüquqlarını məhdudlaşdırmaq deməkdir.
Məsələyə münasibət bildirən Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev isə açıqlamasında deyib ki, qərar qəbul edilmədən nəyisə müzakirə etmək doğru deyil. Çünki hələ nə cür qərarın qəbul olunacağını heç kim bilmir.
Onun sözlərinə görə, ekspertlərin öz mövqelərini qərar qəbul olunduqdan sonra bildirməsi daha düzgün olardı.
"Heç kimin hüququnu pozan qərar olmayacaq. Bu, normal hərəkətin təşkili üçün şəhərdə nəqliyyat sıxlığının azaldılması üçün qəbul olunacaq bir qərardır", - deyə o əlavə edib.
Göründüyü kimi, hələlik hansı təklifin keçərli olacağı, hansının isə qəbul edilməyəcəyi bəlli deyil. Bununla belə, paytaxt Bakının tıxac problemini həll etmək yönündə hansısa təklifə "hə" deyiləcəyi şübhəsizdir. Qəbul olunan qərarın Bakının tıxac dərdinə dərman olub-olmayacağı isə yaxın gələcəyin söhbətidir.
Şahin
Digər Xəbərlər
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05