ATV-də qazanılan milyonların şok təfərrüatı "Unikal"da
11:15 08-07-2015
İQTİSADİYYAT
ATV-də qazanılan milyonların şok təfərrüatı "Unikal"da
Telekanallarla bağlı ölçü götürülür; "Space"ə sonuncu xəbərdarlıq olundu
Azərbaycan telekanallarının efir siyasəti ilə bağlı narazılıqlar özünün pik həddinə çatıb. Telekanallarımızdakı nəzarətsizlik elə bir dözülməz vəziyyət yaradıb ki, artıq uşaqdan böyüyə hər kəs bu rüsvayçılığın bir qədər əvvəl durdurulmasının vacibliyini vurğulayır. "Space" və ATV-nin efirində mütəmadi olaraq təkrarlanan "ÇP"lər isə artıq bu problemin vaxt itirmədən həll olunması məsələsini gündəmə daşımaqdadır.
Plagiat layihələr,
küçə söyüşləri...
Qeyd edək ki, televiziyaların yayım siyasəti zaman-zaman tənqidlərin hədəfinə çevrilib, bununla bağlı hətta yüksək mənsəbli dövlət təmsilçiləri də narazılıqlarını ifadə ediblər. Amma, telekanallar tənqidlərdən nəticə çıxartmaq əvəzinə daha böyük rüsvayçılıqlara imza atır. Elə bunun nəticəsidir ki, Azərbaycan cəmiyyətinin ziyalı təbəqəsi bəzi kanallar istisna olunmaqla yerli telekanallara baxmaqdan faktiki olaraq imtina edib. Sıravi vətəndaşların əksəriyyəti isə çıxış yolunu ya türk, ya da rus kanallarına baxmaqda görür. Bu isə hər şeydən öncə ölkəmizin informasiya təhlükəsizliyi baxımından qəbul olunası hal deyil. Təbii ki, burada tamaşaçını qınamaq fikrində deyilik, hər halda Azərbaycan telekanalları rəqabətə davamlı tele layihələr reallaşdıra bilsəydi, düşündürücü və intellektual verilişlərə üstünlük versəydi tamamilə başqa mənzərənin şahidi olardıq. Fakt isə ondan ibarətdir ki, yerli telekanallarımız əsasən plagiat layihələrə üz tutur, dedi-qodu səviyyəsində hazırlanan şou verilişləri ilə efiri doldurmağa çalışırlar. Bütün bunların acı nəticəsi isə göz önündədir.
Əyləncəli veriliş yoxsa, tərbiyyəsizlik...
Yerli televiziyaların proqram siyasətində ciddi boşluqlar var. Müharibə şəraitində olan ölkənin televiziya kanalları buna adekvat proqramlar yayımlamırlar. Əsasən Qarabağla, şəhidlərlə, qazilərlə bağlı verilişlərə üstünlük verilməlidir. Bəs bizim telekanallar nə edir? Bozbaş iyi verən mətbəx verilişləri, vulqar ifadələrin yer aldığı, adına "əyləncəli proqram" deyilən verilişlər və s. Əslində isə dünyanın ən nüfuzlu telekanallarında da əyləncəli verilişlər var və bu olmalıdır. Amma bizim telekanalların bizə təqdim etdikləri adətən əyləncə yox, sırf tərbiyyəsizlikdir.
Bir məsələni də qeyd etmək olduqca vacibdir ki, televiziyalar dil baxımından örnək olmalıdırlar. Ancaq çox təəssüf ki, aparıcıların əksəriyyəti ya ləhcə ilə danışır, ya da dil normalarını ciddi şəkildə pozurlar.Bəzən elə fikirlər səsləndirirlər ki, cəmiyyətdə qıcıq yaradır. Bunlar isə Azərbaycan telekanallarında peşəkarlığın hansı səviyyədə olduğunu əyani şəkildə göstərir. Elə bunun nəticəsidir ki, televiziyalarda aparıcıların və yaxud verilişə dəvət olunan şəxslərin əndazədən çıxan davranış və hərəkətlər nümayiş etdirmələri, cəmiyyət və onun dəyələrini təhqir etməsi bir növ dəb halını alıb. Bu günlərdə "Space" televiziyasında yayımlanan "Günaydın" verilişində baş verənləri isə əsl biabırçılıq adlnadırmaq olar.
"Space"nin efirində "fahişə" söhbəti – Bu artıq ciddi siqnaldır!!!
Xatırladaq ki, "Space"də Vüsalə Kərimovanın aparıcılıq etdiyi verilişdə müğənni yazar Əziz Musaoğlu Mətanət Əsədovanın ünvanına işlətdiyi "fahişə" ifadəsi isə artıq telekanallardakı durumun nə qədər dramatik olduğunu təsdiqlədi. Onların bu hərəkətinə mətbuatda, sosial şəbəklərdə tənqidi reaksiyalar gəlib. Mütəxəsislər isə bildirirlər ki, verilişdə başqasının şərəf və ləyaqətinin təhqir olunması məqamı var. Bu isə proqrama verilən tələblərin pozulması deməkdir.Veriliş zamanı açıq aydın görünürdü ki,bu cür qeyri-etik dialoqlar gedir, amma aparıcı nədənsə məsələyə müdaxilə etmək istəmir. Sanki burda çox dəyərli dialoq gedir və bu dialoqu pozmaq istəmir. Söhbətin getdikcə dramatikləşdiyini görən rejissor məsələyə müdaxilə etməli idi. Lakin görünür ki, rejissor da hadisələrin axınına tabe olub.
Amma unutmaq olmaz ki, bu kimi olaylarda televiziya rəhbərliyinin günahı daha çoxdur. "Space" telekanalının prezidenti, rejissor, ssenarist Vaqif Mustafayevin baş verənlərlə bağlı susqunluğu və reaksiyasızlığı isə başadüşülən deyil. Hər halda bu kimi hallar Vaqif Mustafayevin ictimai nüfuzunu zədələməklə yanaşı, ona olan etimadı da sıfıra endirməkdədir. Bununla belə efir rüsvayçılığının yalnız "Space"də müşahidə olunduğu fikrini də təlqin etmək niyyətində deyilik.
Ümumiyyətlə əksər telekanallarda durum oxşardır. Hətta ictimai rəydə ciddi obraza sahib olan AzTV-də belə müəyyən boşluqlar var. İstər rəsmi xəbərlərin təqdimatında, istər dövlət başçısının səfər və görüşlərinin təqdimatındakı operativlikdə peşəkarlıq nümayiş etdirən AzTV digər sahələrdə nəzərə çarpacaq dərəcədə "axsayır". Sosial problemlərin işıqlandırılmamasından tutmuş, məmur özbaşınalıqları ilə bağlı AzTV-nin nümayiş etdirdiyi susqunluq cəmiyyətdə haqlı narazılıqlar yaradır.
ANS-lə bağlı vəziyyət də ürəkaçan deyil. Vaxtilə ətrafına ciddi tamaşaçı auditoriyası toplamağa nail olmuş ANS son zamanlar efirində elə bağışlanmaz yanlışlıqlara yol verir ki, bu da peşəkarlıq səviyyəsinin əvvəlki ölçüdə olmadığını təsdiqləyir. Azərbaycan efirində ən ciddi problemlər isə məhz ATV kanalındadır. Adıçəkilən kanalın rəhbərliyi bütün məsələlərə biznes maraqları prizmasından yanaşdığından buradakı çatlar daha dərindir.
ATV reklamlardan
ildə 24 milyon manat əldə edir,
bəs keyfiyyət hanı?
Öncə qeyd edək ki, ATV kanalı yarandığı gündən şou proqramlara üstünlük verib və bu, kanalın demək olar ki, prioritet istiqamətidir. Yarandığı gündən bu vaxta qədər çoxsaylı layihələrə müəlliflik etmiş ATV bir vaxtların ən baxımlı kanallarından idi. Elə bu səbəbdən də ATV ölkə televiziyaları içərisində ən çox reklam əldə edən kanallardandır. Əldə etdiyimiz məlumatlara görə, ATV reklamlardan ay ərzində təxminən 2 milyon manat həcmində gəlir götürür. Bu məbləğin illik toplamı isə 24 milyon manat deməkdir ki, bunun da yalnız çox cüzi bir hissəsi yaradıcı kollektivin əmək haqqına və texniki xərclərə sərf olunur. Belə olan halda, ATV prezidenti Vüqar Qaradağlının cavablandırması gərəkən bir sual ortaya çıxır: Bəs, yerdə qalan milyonlarla manatın aqibəti necə olur? Axı, fakt ondan ibarətdir ki, ATV özəl layihələrə pul ayırmır, işçilərinin maaşı digər telekanallardakı əmək haqlarından heç nə ilə fərqlənmir və s. Hesab edirik ki, evimizə vulqar ifadələr və küçə söyüşləri daşıyan ATV-nin maliyyə durumu ilə bağlı da ciddi araşdırmalara ehtiyac var.
Bununla belə həlli vacib olan bir nömrəli məsələ isə Azərbaycan tele efirində baş alıb gedən rüsvayçılığa "dur" deməkdir. Artıq Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli, eləcə də digər rəsmilər telekanallardakı dözülməz vəziyyətlə bağlı ciddi araşdırmalara başlandığını bəyan edib.
"Telekanallar iki
nəfəri atır ortaya,
onları dalaşdırırlar"...
"Son zamanlar şou proqramlarda belə bir dəb düşüb. İki nəfər qonağı qladiator kimi atırlar ortaya. Onları döyüşdürürlər, vuruşdururlar. Özləri də kənardan baxıb gülürlər ki, alındı. Bu cür yaramaz". Bu sözləri ötən gün mətbuata verdiyi açıqlamada Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədr müavini Qafar Cəbiyev deyib. Sədr müavini bildirib ki, haqqında ciddi tədbir görüləcək verilişlərin sayı günbəgün artmaqdadır: "Həmin verilişlərin sayı kifayət qədər çoxdur. Daha bir səhv, daha bir pozuntu artıq həmin verilişlə bağlı ciddi tədbir görülməsinə gətirib çıxaracaq. Biz indiyə kimi telekanallara şifahi şəkildə xəbərdarlıq etməklə kifayətləndik. Artıq bundan sonra belə olmayacaq".
Q. Cəbiyev qeyd edib ki, şou proqramlara cavabdeh olan şəxslər lazımi səviyyədə verilişlərə nəzarət etmir: "Görünür son vaxtlar telekanallarda efirə gedən şou verilişlərə montaj zamanı redaktorlar, məsləhətçilər, veriliş üçün cavabdeh olan insanlar lazımınca nəzarət etmirlər. Efirdə aparıcı və ya qonaq səhv edə bilər. Bəs verilişi hazırlayıb efirə buraxanlar? Əsas məsuliyyət onların üstündədir. Montaj, redaktə nədən ötrüdür? Elə "Space"dəki məlum hadisəni götürək. Axı həmin veriliş canlı deyildi. Həmin hissəni kəsə, redaktə edə bilərdilər ki, həmin hissə heç efirə getməzdi".
Son əvəzi...
Mövzunun əhəmiyyəti həm də ondadır ki, telekanallar yetişən gəncliyin psixologiyasına əhəmiyyətli dərəcədə təsir göstərirlər. Bu baxımdan efir siyasətinin düzgün qurulmaması, təsadüfi şəxslərin efirdə nalayiq ifadələr işlətməsi bütövlükdə cəmiyyət olaraq mənəvi aşınmaya gətirib çıxardır. Belə bir acınacaqlı aqibətlə qarşılaşmamağımız üçünsə indidən tədbirlər görülməlidir: Evimizə söyüş daşıyan telekanallara "dur" deyilməli, efir siyasətində ciddi dəyişikliklərə imza atılmalı və Azərbaycan tamaşaçısının etimadı yenidən qazanılmalıdır. Ümid etmək istərdik ki, belə də olacaq....
Orxan Həsənli
Digər Xəbərlər
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05