Rövnəq Abdullayevin müəmmalı borc siyasəti
11:17 08-07-2015
İQTİSADİYYAT
Rövnəq Abdullayevin müəmmalı borc siyasəti
ARDNŞ-in dövlətdən daha çox borc götürdüyü ortaya çıxdı
Rövnəq Abdullayevin rəhbərlik etdiyi Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ - SOCAR) ilə bağlı ilginc məlumat yayılıb. Həmin məlumatdan belə görünür ki, SOCAR Azərbaycan dövləti ilə müqayisədə daha çox borclanıb.
Məsələ burasındadır ki, iqtisadçı-ekspert Qubad İbadoğlu Dövlət Neft Şirkətinin dövlətə olan borclarından yazıb. Ekspertin sözlərinə görə, ilk dəfə olaraq ARDNŞ-nin borc öhdəlikləri Azərbaycan dövlətinin borc öhdəliklərindən çox olub: "ARDNŞ son 5 ildə ilk dəfə olaraq 2014-cü ilin maliyyə hesabatını ilin ikinci yarısından etibarən özünün internet səhifəsi vasitəsilə əlçatan edib. Maliyyə məlumatlarının təhlili göstərir ki, hesabat dövründə cəmi borclar 812 milyon manat artaraq 5 milyard 797 milyon manata çatıb. Borcların 2 milyard 212 milyon manatını qısamüddətli borc öhdəlikləri təşkil edib. Borcların struktur təhlili göstərir ki, 1 il ərzində artımın 91,4 faizi və ya 748 milyon manatı qısamüddətli borc öhdəlikləri olub".
İqtisadçı-ekspert daha sonra müqayisə üçün qeyd edir ki, 01 yanvar 2015-ci il tarixə Azərbaycan Respublikasının xarici dövlət borcu 5 milyard 81 milyon manat olub: "Bu isə ARDNŞ-in borcundan 716 milyon manat azdır. Onların birlikdə borcu 10 milyard 878 milyon manat olub ki, bu da adambaşına 1150 manat borc deməkdir".
Mövzu ilə bağlı "Unikal"a danışan adının çəkilməsini istəməyən ekspert isə həm Azərbaycan neftinin hasilatının azaldığı, həm də neftin qiymətlərinin kəskin ucuzlaşdığı indiki şəraitdə ARDNŞ-in belə yüksək sürətlə borclanmasını anormal hesab edir: " Xüsusilə ARDNŞ-də şəffaflıq və hesabatlılıqla bağlı çox ciddi problemlər olduğu bir vaxtda borcların bu cür artımı narahatlıq yaradır. Məlumdur ki, uzun müddətdən bəridir SOCAR xarici ölkələrdə bir sıra iri layihələr həyata keçirir. Burada zavod tikintisindən tutmuş, daşınmaz əmlakın alınmasına qədər olan investisiya layihələrindən söhbət gedir. SOCAR-ın təsdiq olunmuş Əsasnaməsinə görə, dövlətə məxsus kommersiya qurumudur. Bu cür qurumlarla dövlət arasında müəyyən müqavilələr bağlanmalıdır. Həmin müqaviləyə əsasən, dövlət əmlakından istifadə edilməsi üçün şirkətlə hökumət arasında münasibətlər müəyyənləşməlidir. Xaricdə belə şirkətlərin təmsilçiliyində hökumətlə yanaşı, menecerlər, ictimai nümayəndələr də iştirak edir. Amma SOCAR həyata keçirdiyi investisiya layihələri barədə nə parlamentə, nə də ictimaiyyətə hesabat verir. Türkiyədə, Gürcüstanda və Avropa dövlətlərində bir sıra layihələr həyata keçirsə də, gəlirləri barədə hesabatlılıq yoxdur. Eyni zamanda digər narahatlıq doğuran məqamlar da var. Bütün bunların fonunda SOCAR-ın Azərbaycan dövlətindən daha çox borc alması faktı düşündürücüdür. Yəqin Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, yaxud qurumun digər yetkililəri həm borcların səviyyəsi, həm də ictimai rəydə narahatlıq yaradan və suallar doğuran detallar barədə yaxın vaxtlarda rəsmi mövqe açıqlayarlar. Əks halda bu istiqamətdə müzakirələr də, mübahisələr də, müəmmalar da dərinləşməkdə davam edəcək".
Sənan Mirzə
Digər Xəbərlər
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05