Yunanıstan böhranı: BVF, yaxud "xəstələrini öldürən həkim"
10:01 09-07-2015
İQTİSADİYYAT
Yunanıstan böhranı: BVF, yaxud "xəstələrini öldürən həkim"
Rəsmi Afinanın xilasetmə proqramının uzadılması təklifinə avroqrupdan "yox" cavabı verildi
Yunanıstanda 2011-ci ildən iqtisadi böhran getdikcə dərinləşir. Çipras hökuməti də artıq ölkə iqtisadiyyatının iflas etməsi siqnallarını verir. 321 milyard avro xarici borcu olan dövlətin sənaye fəaliyyəti də iflic vəziyyətdədir (olaylar.az).
Hökumət yalnız turizm sektoruyla ölkəni böhrandan xilas etməyə çalışır. Bu şərtlər altında 321 milyard avronu geri qaytarmaq Afina üçün imkansızdır. Maliyyə böhranı yalnız Yunanıstana yox, avrozonaya da təsir etdiyi üçün artıq Avropa İttifaqı və BVF hərəkətə keçib. Çünki, BVF ilə yanaşı Yunanıstanın borc aldığı əsas banklar məhz Almaniya, Fransa, İtaliya kimi Aİ ölkələrinə məxsusdur. İyulun 5-də keçirilən referendum Yunanıstan vətəndaşlarının ölkənin beynəlxalq kreditorlarla razılaşmasının şərtlərinə münasibət bildirməsi, ölkənin kreditorlar tərəfindən irəli sürülmüş şərtləri qəbul edib-etməyəcəyi ilə bağlı idi. Lakin, referendumun nəticəsinə görə, iştirakçıların əksəriyyəti "xeyr" cavabını verdi. Bu isə Yunanıstanın Aİ-nin təklif etdiyi paketi, həmçinin kreditorlar tərəfindən irəli sürülmüş şərtlərin qəbul edilməməsi, həm də faktiki olaraq Yunanıstanın iflas etməsinin rəsmiləşdirilməsi demək idi. Çünki, baş nazir Aleksis Çiprasın xilasetmə proqramının uzadılması təklifinə avroqrupdan "yox" cavabı verildi.
Afina draxmaya qayıdır?
Hökumət çarəsiz vəziyyətdədir. Beynəlxalq Valyuta Fonduna 1.6 milyard avroluq faizi qaytara bilməyən Yunanıstanda sosial partlayış da mümkün deyil. Artıq 4 ildir hökumət və Aİ əleyhinə keçirilən etiraz aksiyalarının heç biri nəticə vermir. Bunun qarşılığında Brüssel borcların qaytarılması məsələsində Afinaya lazım olan güzəşti etmir. Çünki, Yunanıstan kimi Avropa İttifaqına daxil olan bir sıra ölkələrdə dərinləşmiş iqtisadi böhran var. Həmin ölkələrə ediləcək güzəştlər Aİ-ni iflas həddinə çatdıra bilər. Artıq birlik daxilində Almaniya və Fransa arasında fikir ayrılığı yaranıb. Paris müəyyən güzəştlərin edilməsinə razı olsa da, Berlin bunu rədd edir. Bu fonda isə, Afina çətin seçim qarşısında qalıb. Artıq yunan ekspertlər Çipras hökumətinin avrodan imtina edərək milli valyutaya - draxmaya qayıdacağı ilə bağlı iddialar ortaya atıblar. Lakin, vətəndaşların banklardakı hesablarını kütləvi şəkildə draxmaya çevirmələri ölkənin pul sulkilasionunun çökməsinə səbəb olacaq. "Commerzbank"ın baş eksperti Yörq Kramer belə bir ehtimalın mümkün olduğunu, lakin hələlik Yunanıstan hökumətinin bunu nəzərdən keçirmədiyini diqqətə çatdırıb. Digər yandan əgər yeni kredit mənbələri tapmasa, hökumət vətəndaşların təqaüd və maaşlarını ödəyə bilməyəcək. Nəticədə ölkədə ictimai sektor, səhiyyə, nəqliyyat, təhsil sistemi çökə bilər. "IFO" İqtisadi Araşdırmaları İnstitutunun başçısı Hans Verner Sinnə görə, Yunanıstan avrozonadan çıxsa, böhran həll olacaq. İqtisadçı Vassilis Monastiriotis isə, Yunanıstan hökumətinin Brüssellə danışıqlardan qaçdığını deyir. Ekspert ölkə üçün doğru yolun Brüssellə danışıqlardan keçdiyini iddia edir. Monastiriotis hesab edir ki, Yunanıstanın ağır böhran içərisində qalmasından BVF və Aİ yox yunan hökuməti məsuliyyət daşıyır.
Böhranın səbəbləri
Yunanıstanın böhrana girməsinin səbəbi külli miqdarda xarici borc və hökumətin səmərəsiz iqtisadi islahatlardır. Dövlət əldə etdiyi gəlirlərin 80%-ni maaş və təqaüdlərə xərləmək məcburiyyətindədir. Bu, ölkə ÜDM-nün 16%-ni təşkil edir. Tədbir görülməyəcəyi halda rəqəmin yaxın gələcəkdə 24%-ə qalxacağı bildirilir. Yunanıstanın əsas problemlərindən biri təqaüd sistemi ilə bağlıdır. Bu, digər Aİ ölkələri ilə müqayisədə daha zəif sistemdir. Belə ki, Yunanıstanda kişi təqaüdçülər üçün yaş həddi 61, qadınlarda isə 60-dır. Bu, 10% lik büdcə kəsiri deməkdir. Digər yandan, 2010-cu ildə Aİ, Avropa Mərkəzi Bankı və BVF 110 milyard avroluq ilk "Recovery paketi"ni Yunanıstana verdi. Lakin bu, borcu 300 milyard avronu keçən Yunanıstana bəs etmədi. 2013-cü ildə Afinaya əlavə 130 milyard avroluq paket verildi. Fevralda hakimiyyət başına keçən Çipras 130 milyardlıq paketin tərkib hissəsi olan 7.2 milyard avroluq paket üçün sənədi imzalamadı, o bununla Aİ və BVF-nin "kəmər sıxma proqramı"ndan imtina etdi. Nəticədə Afinanın kreditorlarla əlaqəsi kəsildi. Çipras indi də sənədi imzalamaqdan imtina edir. Digər yandan isə BVF-yə olan 1.6 milyard avroluq faizi ödəyə bilmir.
Yunanıstanın çökməsində BVF-nin rolu
BVF-nin vəzifəsi maddi qarşılıqlı beynəlxalq əməkdaşlıq, valyuta məzənnələrinin sabitliyi, dünya iqtisadiyyatına nəzarətdir. BVF-nin inkişaf etməkdə olan ölkələrə tətbiq etdiyi kredit siyasəti və "Stand-by" razılaşmasına ön şərt qoyması uzun illərdir müzakirə mövzusudur. Bu müzakirələr 1997-ci ildə başlayan Cənubi-şərqi Asiya böhranından sonra daha da dərinləşdi. Çünki, heç bir real təhlükə olmadan və BVF-nin bütün şərtlərini yerinə yetirən borclu ölkələr gözlənilmədən böhrana girdilər. Ona görə ki, böhran vəziyyətində Fond vəziyyətdən çıxış yolu axtaran dövlətləri yox, kreditorları müdafiə edir. Cənub-şərqi Asiyadan sonra biri-birini izləyən Rusiya, Argentina, İtaliya, Portuqaliya, Braziliya, İspaniya, Xorvatiya və Yunanıstan böhranları BVF-nin sərt tənqid olunmasına yol açdı. Dünya Bankının ekspertlərindən Jozef Stiqlitzin BVF-ni "xəstələrini öldürən həkim"ə bənzətməsi də birmənalı deyil. O, Beynəlxalq Bankın iqtisadi böhranla üzləşən ölkələrin enişini sürətləndirdiyini bildirib. Professor Stiv Enke də eyni fikirdədir, o ölkələri BVF-nin təhlükəli oyunlarından kənar dayanmağa çağırıb. Enke hesab edir ki, iqtisadi böhranla üzləşən ölkələrin çıxış yolları yalnız öz əllərindədir. Harvard Universitetinin eksperti Dani Rodrikə görə, inkişaf etməkdə olan ölkələrdəki BVF reseptli liberal iqtisadiyyat modelləri məhsuldar deyil. "Keynes planı"nın qurucusu J.N. Keynes də vaxtilə BVF və Dünya Bankının mərkəzlərinin ABŞ-da qurulmasına qarşı çıxmışdı. "Əgər bu təşkilatlar Vaşinqtonda təsis olunsalar, onlar beynəlxalq qurum funksiyasını itirəcək və Amerika rəhbərliyinin təsiri altına düşəcəklər", - deyə Keynes bildirmişdi. Bu gün Fondun ağır şərtli kreditlərini götürən Yunanıstandakı vəziyyətə baxanda Keynesin haqlı olduğunu görürük. Beləliklə, BVF-nin məqsədi ölkəyə verdiyi kreditlərin geri ödənilməsini təmin etmək və kreditlərin qaytarılması üçün yaranmış problemləri öz dəsti-xətti ilə aradan qaldırmaqdır. Qurumun ortaya atdığı "Kəmər sıxma proqramı" da bunun əsas tərkibinə daxildir. Məsələn, BVF Afinanı "vəziyyətdən çıxarmaq" üçün 4.5%-lik krediti 1.5%-ə endirilməsini təklif edir. Lakin bunun qarşılığında Çiprasdan ƏDV dərəcələrinin artırılmasını və təqaüdlərin verilməsində müəyyən fasilələr istəyir. Bununla BVF Yunanıstanın 2 milyard avroluq qənaət edəcəyini, beləliklə borcların qaytarılması üçün real imkanların yaranacağını bildirir. Çipras məhz BVF-nin və onun qəyyumluğunu edən Aİ-nin dağıdıcı siyasətinə etiraz edir. Çünki, heç bir halda BVF-ni borclu ölkələrin taleyi yox, verdiyi pulların itməməsi maraqlandırır.
Mənsur Rəğbətoğlu
Digər Xəbərlər
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05