Dağlıq Qarabağ ətrafında yeni gəlişmə: Rusiya planı dəyişdirir?
11:11 10-07-2015
İQTİSADİYYAT
Dağlıq Qarabağ ətrafında yeni gəlişmə: Rusiya planı dəyişdirir?
Kreml münaqişəni həll etməklə, Cənubi Qafqazda özü üçün təhlükəsizlik zolağı yaradacağını düşünür
2009-cu ildə Rusiyada nəşr olunan "Hərbi - Kosmik Müdafiə" jurnalı İkinci Ermənistan – Azərbaycan müharibəsinin mənfi təsirləri barədə ilginc iddialar ortaya atdı. Mənbə bildirdi ki, etnik qarşıdurmalar, ərazi iddiaları, enerji savaşı, separatçılıq meyllərinin artması Şimali Qafqazda Böyük Müharibəyə yol açacaq. Rusiya Müdafiə Nazirliyinə yaxınlığı ilə seçilən jurnal bölgədə başlayacaq müharibə üçün 3 ssenarinin olduğunu yazdı. Türkiyə, İran, Pakistan və Əfqanıstan kimi müsəlman ölkələrinin Qafqazı Rusiyadan ayırmağı planlaşdırdığını iddia edən mənbə qeyd etdi ki, baş verəcək müharibəyə ABŞ və NATO da qoşulacaq.
Jurnal savaşda Ermənistanın yalnız Rusiya tərəfindən müdafiə olunacağını yazdı: "I ssenariyə əsasən, Ermənistan – Azərbaycan müharibəsində Türkiyə, Azərbaycan və Gürcüstan eyni, Ermənistan və Rusiya isə digər cəbhələrdə yer alacaq. Üç ölkənin 500-dən çox döyüş təyyarəsi Rusiyanı Qafqazdan çıxarmağa çalışacaq. Nəticədə Şimali Qafqaz 7-10 gün ərzində intensiv şəkildə bombalanacaq. II Ssenariyə görə, İran bölgədə nüfuzunu artırmaq üçün Azərbaycan və Gürcüstanla birlikdə Ermənistana savaş elan edəcək. Məqsəd Rusiyanı bu müharibəyə çəkməkdir, çünki Rusiya müharibədə Ermənistanı dəstəkləyəcək. 250 döyüş təyyarəsinin iştirak edəcəyi müharibədə tərəflərin əsas məqsədi Xəzər dənizinin neftlə zəngin bölgələrini ələ keçirmək olacaq. III Ssenariyə görə isə, müharibədə Rusiyanın yeganə müttəfiqi Ermənistan olacaq. Qarşı cəbhədə isə, ABŞ-ın dəstəklədiyi Türkiyə və Gürcüstan olacaq. Ukrayna, Bolqarıstan və Rumıniya da Rusiyaya qarşı cəbhədə yer alacaqlar. Rusiya NATO-nun Türkiyə və Aralıq dənizindəki bazalarından intensiv hücumlara məruz qalacaq. ABŞ hücumlara dəstək verəcək. Ən maraqlısı isə, Şimali Qafqazdakı muxtar respublikalar Rusiyaya qarşı çıxacaqlar. Ermənistan və bir çox dövlər xəritədən silinəcəklər".
Moskvadan İrəvana tərs sillə
altı il əvvəl Qərb mediasında şok effekti yaradan bu ssenarilər yenidən Rusiya mətbuatı tərəfindən gündəmə gətirilib. Rusiyalı siyasi analitiklər və media qurumları əsasən III ssenarinin üzərində təkidlə dayanırlar. Belə ki, İŞİD-in Şimali Qafqazı öz əmriliyi elan etməsindən sonra Moskva narahat olmağa başlayıb. İŞİD-in Qərb tərəfindən dəstəkləndiyini bildirən Rusiya rəsmiləri, eyni zamanda "İslam Dövləti" yaraqlılarının Şimali Qafqaza sızmalarında da Qərbi ittiham edir. İŞİD rəhbərliyi isə, mübarizəni Şimali Qafqazda, yəni Rusiya ərazilərində davam etdirmək barədə qərar qəbul ediblər. Təhlükənin reallığına inanan Kreml artıq, Ukrayna məsələsinə görə, Qərblə diplomatik danışıqlara hazır olduğunu bildirdi. Lakin Putinin dilindən səsləndirilən fikirlərə nə Vaşinqton, nə də Brüsseldən reaksiya verilmədi. Bu isə, Ukrayna məsələsinin Rusiya üçün hazırlanmış tələ olması görüntüsünü yaradır. Belə ki, Suriya və İrandan sonra Ukraynada Rusiya üçün yeni cəbhə açan Qərb rəqibini küncə sıxışdırmağa çalışır. Mümkün olduqca İranla danışıqların pozulmasına nail olan ABŞ Rusiya üçün növbəti kartlarını Ermənistanda açdı. Ermənistanda dəstəklədiyi QHT-lərlə xalqı Sərkisyan rejiminə qarşı ayaqlandıran Amerika Moskvanın manevr imkanlarını bir qədər də məhdudlaşdırdı. Ermənistan rəhbərliyi etirazçıların tələblərini yerinə yetirməyə sözü versə də, aksiyaçılar mitinqləri davam etdirirlər. Moskva isə bundan narahat olmağa başlayıb. Özünə qarşı böyük oyun oynanıldığını zənn edən Kreml özünə yaxınlığı ilə seçilən siyasi dairələr vasitəsilə Dağlıq Qarabağ münaqişəsini yenidən gündəmə gətirib. Belə ki, planın qarşısını almaq üçün Kremlin Sərkisyanın qarşısında Dağlıq Qarabağ məsələsində öz iddialarından geri çəkilmək tələbini qoyduğu bildirilir. Sərkisyanın isə bu tələbləri rədd etməsi Moskvanın maraqlarına uyğun deyil. Rusiya rəhbərliyi Dağlıq Qarabağ münaqişəsini həll etməklə, Cənubi Qafqazda özü üçün təhlükəsizlik zolağı yaradacağını düşünür. Əgər Dağlıq Qarabağ münaqişəsi obyektiv həllini tapsa, Rusiyanın bölgədə artan nüfuzu Qərbi bölgədən sıxışdıracaq. Sərkisyan rejiminin iddialarından geri çəkilmək istəməməsi də, münaqişənin dinc yolla həllinə maneə olur. Adekvat addım kimi Rusiyanın məsələni müharibəylə həll etməyə hazırlaşdığı iddia olunur. Bu səbəbdən son günlər "Qarabağda sürətli müharibə planı"nı işə salacağı deyilir.
İranla anlaşma niyə pozuldu?
İŞİD-in Şimali Qafqaza girməsi təhlükəsi, İran – Qərb danışıqlarının nəticəsiz qalması, Ukraynaya görə artan təzyiqlər Rusiyanı ciddi formada narahat edir. Qərbin İranla danışıqlarının alınmaması indiki məqamda Moskvanın əleyhinə idi. Rusiyayla diplomatik masa arxasına keçməkdə maraqlı olmayan ABŞ digər yanda, İranın qarşısına onun yerinə yetirməkdən imtina etdiyi tələbi – BMT müfəttişlərinin hərbi obyektləri təftiş etməsi məsələsini qoydu. Bu, son anda ABŞ-ın əldə edilməsi ehtimalı yüksək olan anlaşmadan imtina etməsi demək idi. Çünki belə bir razılşma indiki halda Qərbin regional maraqlarına cavab vermir. Anlaşma üçün Qərb əvvəlcə Türkiyəylə əlaqələrini qaydasına salmalıdır. İranın Türkiyəylə əlaqələrinin soyuq olması bu baxımdan Amerikanın işinə yaramır. Əgər İranla razılaşma əldə etsə, bu eyni zamanda Türkiyə - Rusiya yaxınlaşmasını sürətləndirə bilərdi ki, bu da Qərbin Cənubi Qafqazdakı maraqlarını təhlükə altına atacaqdı. Türkiyəylə əlaqələrin bərpasından sonra Qərb Azərbaycanla əlaqələrini normallaşdırmağa çalışacaq. Burada əsas vasitəçi Türkiyə olacaq. Bu halda İranla danışıqlarda Tehranın da şərtlərini nəzərə almaqla Böyük saziş imzalana bilər. Təbii ki, bununla Qərbin Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın lehinə obyektivlik nümayiş etdirməsi gündəmə gələ bilər ki, bu da Moskvanın maraqlarına ziddir. Bu, Cənubi Qafqazda savaş ehtimalını yüksəldir ki, bu zaman Rusiya poliqonda müttəfiqsiz vuruşmaq məcburiyyətində qalacaq. Rusiya da bunu nəzərə alır, nəticədə həm Türkiyənin, həm də Azərbaycanın rəğbətini qazanmaq üçün Ermənistanın Dağlıq Qarabağ iddialarının üzərindən xətt çəkməyə hazırlaşır. Prinsip etibarilə, Dağlıq Qarabağ ətrafında region üçün böyük dəyişikliklərə yol açacaq siyasi oyunlar oynanılır.
Şahin
Digər Xəbərlər
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20