Ukrayna növbəti Maydan astanasında
09:49 14-07-2015
İQTİSADİYYAT
"Sağ sektor" batalyonlarını Kiyevə göndərir
Ukraynanın "Sağ sektor" təşkilatı öz batalyonlarını Kiyevə göndərə bilər. Rusiyanın "İnterfaks" agentliyi xəbər verir ki, bu barədə "Sağ sektor"un mətbuat katibi Artyom Skoropadski bildirib.
"Sağ sektor" ehtiyac olduğu halda ölkənin istənilən nöqtəsinə, həmçinin Prezident Administrasiyası və Daxili İşlər Nazirliyinə öz batalyonlarını göndərə bilər. Bizim döyüş əməliyyatları zonasında iki, bütün Ukrayna üzrə 18-19 batalyonumuz var. Onlar məşq edirlər və cəbhəyə getmək üçün hazırlaşırlar. Amma əgər ehtiyac olarsa, batalyonları istənilən yerə göndərə bilərik", - Artyom Skoropadski Kiyevdə keçirdiyi brifinqdə qeyd edib.
Öz növbəsində "Sağ sektor"un 13-cü batalyonunun mətbuat katibi Aleksey Bıkın sözlərinə görə, təşkilat güc strukturlarının Zakarpatye vilayətində güclənməsinə imkan verməmək üçün yollarda blokpostlar qurmağa başlayıblar.
Xatırladaq ki, iyunun 11-də Ukraynanın qərbində yerləşən Mukaçevoda pulemyotlar və qumbaraatanların tətbiqi ilə hüquq-mühafizə orqanları və "Sağ sektor"un döyüşçüləri arasında qarşıdurma olub. Münaqişənin formasında "Sağ sektor" yazılan 20-yə qədər silahlı şəxsin yerli kafelərdən birinə hücumdan sonra başlandığı deyilir. Qarşıdurma nəticəsində "Sağ sektor"un döyüşçülərindən 3-ü öldürülüb, 5-i yaralanıb. Qalanları isə meyitləri və yaralıları götürərək meşə zolağına çəkiliblər.
"Sağ sektor"un tərəfdarları Ukraynanın Kiyev, Dnepropetrovsk, Lvov, Poltava, Xerson, Ternopol və digər şəhərlərində müddətsiz etiraz aksiyalarına başlayıblar.
Hakimiyyətin siyasətinə etirazını bildirən "Sağ sektor" tərəfdarları daxili işlər naziri Arsen Avakovun, həmçinin Daxili İşlər Nazirliyinin silahlı qarşıdurmanın baş verdiyi Zakarpatya vilayətinin yerli rəhbərliyinin istefasını tələb edirlər.
Srağagün isə axşam saatlarında yayılan məlumata görə, "Sağ sektor"un döyüşçüləri Donbas hövzəsindəki mövqelərini tərk edirlər. Bu barədə "Qromadske. TV"yə açıqlamasında "Sağ sektor"un batalyonlardan birinin komandiri Çernıy bildirib.
Onun sözlərinə görə, döyüş mövqelərini tərk etmək barədə əmr "Sağ sektor"un lideri, xalq deputatı Dmitri Yaroş tərəfindən verilib. Lakin o, əmrin hansı səbəbdən verildiyini dəqiqləşdirməyib. Bundan əvvəl isə "Sağ sektor" lideri, Ali Radanın deputatı Dmitri Yaroş Mukaçevoda baş verən hadisələrlə bağlı prezident Pyotr Poroşenko və Təhlükəsizlik Xidmətinin başçısı ilə birbaşa danışıqlar aparıb.
Bu arada Ukrayna prezidenti Pyotr Poroşenko Ukrayna ilə sərhəddəki Rusiya hərbçilərinin sayının rekord təşkil etdiyini açıqlayıb. "RBK-Ukrayna" agentliyi xəbər verib ki, prezident TSN telekanalına müsahibəsində dəqiq kəşfiyyat məlumatlarına istinad etdiyini bildirib.
"Ukrayna sərhədləri yaxınlığında Rusiya hərbi qulluqçularının rekord sayı yerləşdirilib. Bu informasiya yalnız bizim kəşfiyyatın deyil, həm də NATO, ABŞ və Avropa Birliyi ölkələrinin kəşfiyyat qurumlarının informasiyalarında əksini tapıb", - Poroşenko deyib.
Lakin dövlət başçısı Ukrayna sərhədlərində yerləşdirilən rus hərbçilərinin sayını açıqlamayıb. Poroşenkonun sözlərinə görə, hazırda Donbas hövzəsində 64 min Ukrayna hərbçisi var: "Biz təcavüzkara ləyaqətli cavab verməyə hazırıq. Bu gün Ukrayna ordusu dünyanın ən yaxşılarından biridir. Bir prezident və Ali Baş Komandan kimi dövləti qorumaq üçün hər şey edəcəyəm. Ukrayna barıtı quru saxlamalı, öz silahlı qüvvələrinin effektivliyini gücləndirməlidir".
İyunun əvvəlində Ali Radanın deputatları anti-terror əməliyyatları zonasında 14 min Rusiya hərbçisinin olduğunu bildiriblər. Ayın sonunda isə italyan KİV-də ağlasığmaz rəqəm səsləndirilib: 200 min. Bu isə Rusiyanın bütün silahlı qüvvələrinin altıda bir hissəsidir.
Rəsmi Moskva isə Ukraynanın cənub-şərqindəki münaqişədə iştirakı ilə bağlı bütün ittihamları rədd edir.
Kənan Rzaquliyev
Digər Xəbərlər
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05