Elman Rüstəmov banklara qarşı yeni hücuma keçdi
09:50 14-07-2015
CƏMİYYƏT
Mərkəzi Bank bir bankı bağladı, digərini cəzalandırdı
Elman Rüstəmovun rəhbərlik etdiyi Mərkəzi Bank "EvroBank" ASC-nin bank lisenziyasının ləğv edilməsi, "Azərbaycan Kredit Bankı" ASC-yə isə müvvəqəti inzibatçının təyin edilməsi barədə qərar qəbul edib. Bu barədə Mərkəzi Bankdan məlumat veriblər.
Xəbərdə deyilir ki, "EvroBank" ASC Mərkəzi Bankın minimum məcmu kapitalın artırılması üzrə tələblərə əməl etmir. Banka kapitallaşma və fəaliyyətində mövcud olan digər çatışmazlıqların aradan qaldırılması ilə bağlı göstərişlər verilməsinə baxmayaraq, bu müddət ərzində onlar icra edilməyib.
Fəaliyyəti prudensial tələblərə cavab vermədiyinə görə banka təshih və təsir tədbirləri tətbiq edilərək lisenziyası məhdudlaşdırılmış, əmanətlərin qəbul edilməsi və hesabların aparılması, kreditləşmə fəaliyyəti qadağan edilib. Bank sektorunda və maliyyə vasitəçiliyində hər hansı əhəmiyyətli bir paya malik deyil. Hazırda bankda əhalinin əmanətləri də yoxdur.
"Azərbaycan Kredit Bankı" ASC-nin fəaliyyətində ciddi nöqsan və çatışmazlıqlar mövcuddur, bank qeyri-prudensial idarə olunur və Azərbaycan Respublikası Mərkəzi Bankının məcburi göstərişlərini icra etmir. Bankın kapitalı Mərkəzi Bankın minimum kapital tələblərindən aşağıdır.
"Azərbaycan Kredit Bankı" ASC-nin də fəaliyyəti məhdudlaşdırılıb. Bankda əhalinin əmanətlərinin həcmi kiçikdir və onların tam icrası üçün bankda yetərli likvid vəsaitlər mövcuddur.
Bankdan qeyd ediblər ki, Mərkəzi Bank tərəfindən bank sektorunun və maliyyə vasitəçiliyinin inkişafı, maliyyə xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi və keyfiyyətinin yaxşılaşdırılması, bankların maliyyə dayanıqlığı və sabitliyinin gücləndirilməsi istiqamətində kompleks və ardıcıl tədbirlər həyata keçirilir.
Son illər görülmüş işlər nəticəsində bank sektoru əhəmiyyətli kapitallaşıb, maliyyə vasitəçiliyinin həcmi dəfələrlə artıb, biznes və əhalinin bank məhsul və xidmətlərindən istifadə səviyyəsi yüksəlib, eyni zamanda bankların institusional potensialı gücləndirilib.
Bununla belə ölkə iqtisadiyyatının inkişaf və şaxələnmə hədəfləri maliyyə sistemi, o cümlədən bank sektoru qarşısında yeni vəzifələr müəyyən edir. Bu hədəflərin realizasiyası bank sektorunun maliyyə potensialının ciddi mobilizasiyası və gücləndirilməsini tələb edir.
Mərkəzi Bank qeyd edilən hədəflər də nəzərə alınmaqla əhalinin əmanətlərinin və digər kreditorların vəsaitlərinin təhlükəsizliyinin təmin edilməsi, bank sektorunun sabitliyinin və ona etimadın qorunması məqsədilə problemli, adekvat kapitallaşmamış, prudensial fəaliyyət göstərməyən bankların fəaliyyətinin məhdudlaşdırılmasıvə sistemdən kənarlaşdırılması üzrə davamlı olaraq tədbirlər görür.
"Bank sektorunu qarşıda ağır sınaqlar gözləyir. Devalvasiyanın vurduğu yaralar sağalmamış inzibati göstərişlər güclənib, təzyiqlər artıb. Belə çox davam edə bilməz. Yaxın dövrlərdə filialların bağlanmasının, işçi heyətində ixtisarların, hətta bir neçə bankın bazarı tərk etməsinin (başqa banka birləşmə də ola bilər) şahidi olacağıq". Bunu isə iqtisadçı-ekspert Samir Əliyev bildirib.
S.Əliyevin sözlərinə görə, Mərkəzi Bank son illər mərkəzləşdirilmiş kreditlərin həcmini artırır. 2015-ci ilin 5 ayında belə kreditlər 3,2 milyardan 4,2 milyard manata yüksəlib. Bu müddətdə ümumi kredit qoyuluşunda mərkəzləşdirilmiş kreditlərin payı 17 faizdən 21 faizə çatıb: "Bazara təsir etmək üçün kifayət qədər yüksək paydır. Ancaq təsir yox dərəcəsindədir. Çünki heç də bütün banklar bu kreditlərdən yararlana bilmir. Mərkəzi Bankın dəstəyi yalnız məhdud sayda banklar üçün əlçatandır".
Ekspertin fikrincə, bazarda kreditlərin ucuzlaşması müşahidə edilə bilər. Ancaq səbəb heç də uçot dərəcəsinin azaldılması olmayacaq: "Tələbatın kəskin azalması və bankların dollar bolluğundan "əziyyət" çəkməsi səbəbindən dollar kreditlərinin faiz dərəcəsinin azaldılması, eləcə də Mərkəzi Bankın birbaşa göstərişi nəticəsində faizlərin aşağı salınması kreditlərin ucuzlaşmasına səbəb ola bilər. Birinci səbəb devalvasiya nəticəsində əmanət bazarının dollarlaşmasının fəsadlarıdır. İkincisi isə inzibati metoddur və nəticəsi qısamüddətli olacaq".
S.Əliyev xatırladıb ki, Mərkəzi Bank iyulun 13-dən uçot dərəcəsini 3,5 faizdən 3 faizə endirdi: "Əsas kimi qeyri-neft sektorunda iqtisadi artıma maliyyə dəstəyini gücləndirmək, kredit faizlərini azaltmaq, kiçik və orta biznesin maliyyələşməsini yaxşılaşdırmaq göstərilir. Həmişə olduğu kimi bu dəfə də Mərkəzi Bankın qərarının kredit bazarına təsiri proqnozları gündəmi zəbt edib. Mətbuatda artıq kredit faizlərinin azalacağı kimi məlumatlar yer alıb".
Elçin Əli
Digər Xəbərlər
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18
2024-11-27 13:51:44
2024-11-27 13:45:22
2024-11-27 13:34:49
2024-11-27 13:22:49
2024-11-27 13:19:08
2024-11-27 11:29:13