Sağlam həyat tərzi vərdişlərini inkişaf etdirməklə bioloji yaşınızı dəyişmək mümkündür. Mütəxəssislər sağlam həyatın hər kəsin tətbiq edə biləcəyi sadə üsullarla mümkün olduğunu deyir.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, illərdir həddindən artıq işləmək və yuxusuzluq səbəbindən çoxsaylı orqan çatışmazlığından əziyyət çəkən doktor Alka Patel həyat tərzini kökündən dəyişərək bioloji yaşını 20-yə endirib.
Patel sağlam həyatın hər kəsin tətbiq edə biləcəyi sadə üsullarla mümkün olduğunu deyir. Məlumata görə, İngiltərədə yaşayan həkim Alka Patel məşğul olduğu peşə həyatı və qeyri-sağlam vərdişləri səbəbindən 2011-ci ildə həyatı itirmək təhlükəsi ilə üz-üzə gəlib.
Həftələrlə yuxusuz qalma, nizamsız yemək vərdişləri və həddindən artıq stressdən sonra Patel 42 dərəcə Selsi hərarəti ilə xəstəxanaya yerləşdirilib və çoxlu orqan çatışmazlığı riski səbəbiylə təcili əməliyyat olunub.
Lakin həkimlər heç bir infeksiya aşkar edə bilməyiblər. Bir aylıq müalicədən sonra həyata qayıdan Patel həyatında köklü dəyişikliklər etmək qərarına gəlib. O, stressin sağlamlığa dağıdıcı təsirini anlayıb.
14 ildən sonra indi 53 yaşında olan Patel bioloji yaşını 20-yə endirməyə müvəffəq olub.
"Elm göstərir ki, biz yaşımızı müəyyən yollarla azalda bilərik. Mən bunun canlı sübutuyam" deyən Patel, inkişaf etdirdiyi üsulları xəstələri ilə bölüşür.
Bioloji yaşını cavanlaşdırmaq üçün Patel yuxu, qidalanma və idmana əsaslanan bir rutin yaradıb. Və bunu 14 il ərzində hər gün təkrar edir.
Belə ki, o, hər gün saat 21:30-da yuxuya gedir, səkkiz saat fasiləsiz yatır. Səhəri müəyyən məşqləri ilə açır. Sonra günəş işığında vaxt keçirir. Həkim ilk yeməyini səhər saat 10:00-da yeyir, qidalanma vaxtını səkkiz saatla məhdudlaşdırır, beləliklə hüceyrə təmirini dəstəkləyir. O, nahar üçün protein və liflə zəngin qidalara üstünlük verir. Yeməkdən sonra gəzir və gün ərzində qısa məşqlər ilə əzələ sağlamlığını dəstəkləyir.
Patel işindən də geri qalmır. O rutininə uyğun olaraq işə gedir və özünü çox yormamağa çalışır. Həyat keyfiyyətini yaxşı olduğunu vurğulayan həkim özünü 23 yaşındakı kimi hiss etdiyini açıqlayıb.
Patel vurğulayır ki, bu sadə təcrübələr bahalı üsullara ehtiyac olmadan sağlam həyat sürməyi mümkün edir. O bildirir ki, "Bioloji yaş eqo deyil, sağlamlığın göstəricisidir. Onu aşağı salmaqla biz daha uzun, daha enerjili və daha sağlam yaşaya bilərik".
Gülayə Mecid