İranın uranı, yoxsa İsrailin gözləntilərinin viranı?
11:00 16-07-2015
İQTİSADİYYAT
İranın uranı, yoxsa İsrailin gözləntilərinin viranı?
Dünyanın böyük şirkətləri 80 milyon əhalisi və böyük büdcə xərcləri olan bir bazarın onlara yenidən açılmasını səbirsizliklə gözləyir
Dünya qüdrətləri və İran arasında İranın nüvə silahı istehsal etməyəcəyini təmin etmək məqsədilə əldə olunan tarixi razılıqla bağlı xəbər İsrail tərəfindən tənqidlə qarşılanıb, Birləşmiş Millətlər Təşkilatı və Rusiya tərəfindən isə alqışlanıb.
İsrailin baş naziri Benyamin Netanyahu çərşənbə günü İranla əldə olunan nüvə razılığını "tarixi" səhv adlandırıb və İslam Respublikasının nüvə bombası hazırlamasının qarşısını almaq üçün səyləri davam etdirməyə söz verib.
BMT-nin baş katibi Ban Ki Mun çərşənbə axşamı verdiyi bəyanatda danışıqları aparan vasitəçiləri razılığı başa çatdırmaları münasibətilə təbrik edib. "Mən bu gün Vyanada əldə olunan tarixi qərarı alqışlayıram və bu razılığı əldə etdiklərinə görə P5+1 və İranı təbrik edirəm. Bu, dialoqun daşıdığı dəyərin göstəricisidir", - deyə cənab Ban bildirib.
"Mən ümid edirəm və inanıram ki, bu razılıq Yaxın Şərqdə təhlükəsizliklə bağlı bir sıra məsələlərin həllində daha böyük anlayış və əməkdaşlığa gətirib çıxaraq. Beləliklə, bu saziş həm regionda, həm də bütün dünyada sülh və sabitliyin təmin olunmasına töhfə verəcək", - deyə BMT baş katibinin bəyanatında bildirilib.
Rusiyada prezident Vladimir Putin yeni nüvə razılığı sayəsində bütün dünyanın rahat nəfəs ala biləcəyini deyib və əlavə edib ki, danışıqları aparan ölkələr sabitlik və əməkdaşlığın qorunması üçün çətin qərarlar veriblər.
Avropa İttifaqı bu razılığı dünya üçün yeni ümid adlandırıb. Pakistan və Əfqanıstan hökümətləri də bəyanat verərək nüvə sazişini alqışlayıblar.
Əfqanıstan prezidenti Əşrəf Qani "ölkələr arasında siyasi və iqtisadi əlaqələrin artırılması, eləcə də regionda sülh və sabitliyin təmin edilməsinə xidmət edən səyləri alqışladığını" bildirib.
Lakin İsrailin siyasi arenasında, demək olar, bütün qruplar arasında İranla nüvə razılaşması tənqidi reaksiya doğurub. Ölkədə İsrailin əzəli düşməni olan İranın dünyanı aldatdığı və İsrailə qarşı nüvə silahından istifadə edəcəyi ilə bağlı narahatlıqlar mövcuddur.
Rəsmi Tehran İsrailə hücum edən yaraqlı qrupları dəstəkləyir və İran liderləri əvvəllər dəfələrlə İsrailin məhv olunmasına çağırıb.
Netanyahu İranla razılığa ən ciddi şəkildə müxalif olduğunu bildirib. İsrail lideri ilə Obama administrasiyası və nüvə proqramının məhdudlaşdırılması müqabilində İrana qarşı sanksiyaların yüngülləşdirilməsini dəstəkləyən digər Qərb ölkələri arasında məsələ ilə bağlı qarşıdurma baş verib.
"Təbii ki, biz yaraqlı islam dövləti olan İranın nüvə silahı istehsalının bir yolunu tapacağından narahatıq", - deyə o bildirib.
Haaretz qəzetinin veb-saytında verilmiş məlumata görə, İranla nüvə sazişinin bir nüsxəsi çərşənbə günü İsrailə göndərilib.
Bazar ertəsi İsrarilin müdafiə naziri Moşe Yaalon The Jerusalem Post qəzetinə razılığın "yalan və hiylə" üzərində qurulduğunu deyib.
İsrailin ilk addım olaraq sazişi rədd etmək üçün ABŞ Konqresində lobbiçilik fəaliyyətlərinə başlayacağı gözlənilir.
Xarici işlər nazirinin müavini Tzipi Hotoveli deyib ki, İsrail "razılığın təsdiq olunmasının" qarşısını almaq üçün bütün diplomatik vasitələrdən istifadə edəcək.
Rəsmi Tehran və dünyanın altı qüdrətli dövləti arasında çərşənbə axşamı İranın nüvə proqramının məhdudlaşdırılmasını nəzərdə tutan razılaşmanın əldə edilməsi dünya bazarlarında neftin qiymətinin düşməsi ilə nəticələnib.
"Öləcək" sanksiyalar, diriləcək iştah
Dünyanın əksər yerlərində satılan brent markalı xam neftin qiyməti razılaşmanın elan olunmasından cəmi bir neçə saat sonra 2,3 faiz aşağı enərək, bir barel üçün 58,23 ABŞ dollar təşkil edib.
2012-ci ildə BMT, ABŞ və digər Qərb dövlətlərinin Tehrana nüvə proqramının dayandırılmasını nəzərdə tutan razılığı müzakirə etmək üçün təzyiq göstərmək məqsədilə İrana qarşı iqtisadi sanskiyalar tətbiq etməsindən sonra İranın neft ixracatı böyük zərərə məruz qalmışdı. Yeni razılaşmada sözügedən iqtisadi sanksiyalar beynəlxalq müfəttişlərin İranın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirdiyini təsdiq etdiyi halda tədricən aradan qaldırılacaq.
Bu o deməkdir ki, qarşıdan gələn aylarda milyonlarla barel İran neftinin dünya bazarına çıxması xam neftin qiymətinin indiki səviyyədə saxlanılması və hətta aşağı düşməsinə ciddi təsir edəcək.
Dünyada xam neft ehtiyatlarına görə dördüncü yerdə olan İran gündə 2,8 milyon barel neft istehsal edir. Buna baxmayaraq İranın neft naziri Bican Namdar Zanganehin sözlərinə görə, onlar sanksiyalar aradan qalxan kimi hasilatı 500,000 barel artıracaq, növbəti yarım il ərzində isə neft hasilatının həcmi daha 500,000 barel artırılar bilər.
Britayanın tanınmış neft şirkəti BP-nin hesablamalarına görə, İranın neft ehtiyatı 158 milyard barel təşkil edir. Bu isə Çin kimi nəhəng neft istehlakçısının qırx il müddətində təmin edilməsi üçün kifayətdir. Cənab Zanganehin sözlərinə görə, onların əsas hədəfi İran neftinin Avropa və Asiya bazarlarına çıxarılmasıdır.
Sanskiyalar üzrə ixtisaslaşmış hüquqşünas Saroş Zaivallanın Reuters agentliyinə verdiyi məlumata görə, iqtisadi sanksiyaların İran üzərindən qaldırılması ölkəyə böyük ticarət və investisiya imkanları gətirəcək, bu isə öz növbəsində, ölkənin neft sənayesində səmərəliliyin artması nəticəsində istehsalat xərclərinin aşağı düşməsinə səbəb olacaq.
Eni və Total sanksiyalardan öncə İranda fəaliyyət göstərmiş Avropa neft şirkətləridir. Onlar və digər neft nəhəngləri BP, Royal Dutch Shell və Exxon Mobil artıq İranın neft əməliyyatlarına cəlb olunmaq istədiklərini bildiriblər.
Renaissance Capital investisiya bankının analitikləri Çarlz Robertson və Daniel Salterin sözlərinə görə, İran qlobal investorlar üçün qapalı ölkələrdən biri olmasına baxmayaraq, 2016-cı ildən etibarən bu dəyişəcək və ölkəyə böyük investisiya axını gələcək.
Dünyanın böyük şirkətləri 80 milyon əhalisi və böyük büdcə xərcləri olan bir bazarın onlara yenidən açılmasını səbirsizliklə gözləyir. İranın nəqliyyat naziri yaxın illərdə köhnəlmiş 400 təyyarənin dəyişdirilməsi üçün 20 milyard dollar maliyyəyə ehtiyac olduğunu deyib. Vyanada əldə edilmiş nüvə razılaşması həm də İranın xarici banklarda dondurulmuş təxminən 100 milyard dollar məbləğində vəsaiti yenidən ölkənin ixtiyarına verilməsilə nəticələnəcək.
Renault və Peugeot kimi tanınmış avtomobil istehsaçıları artıq İran tərəfdaşları ilə satışların bərpası haqqında danışıqları bərpa ediblər. Məlumata görə, Amerika avtomobil istehsalçıları da bu bazarda satış haqda düşünür.
Avropanın süd məhsulları istehsalçıları da İrana qayıtmağı planlaşdırır. Euromonitor-un verdiyi məlumata görə 2020-ci ildə İranda süd məhsullarının satışı 2010-cu il ilə müqayisədə doqquz dəfə artaraq, 18 milyard dollara çatacaq.
Neft və qaz
İranın Vyanada anlaşma əldə etməsinin, regiona, o cümlədən Azərbaycana "mənfi və müsbət" təsirləri ola bilər.
BBC ekspertləri hesab edirlər ki, təxminən bir neçə aydır davam edən danışıqlar sonrası əldə edilən razılıq, sanksiyaların qaldırılması əvəzində İranın nüvə proqramının məhdudlaşdırılmasını nəzərdə tutur.
Azərbaycanın energetika naziri Natiq Əliyev enerji sektoruna canlanma gətirəcək bu qərara "sevindiyini" bildirib. Onun sözlərinə görə, sanksiyaların aradan qaldırılması regionda yeni əməkdaşlıqlara yol açacaq.
"Bu qərar bizi sevindirir. Hesab edirəm ki, sanksiyaların ləğvi neft hasilatına təsir edəcək. Xüsusən də, bu, OPEC tərəfindən kvotanın artırılması ilə nəticələnəcək", - N.Əliyev bildirib.
2012-ci ilin əvvəlindən Avropa İttifaqı İrana qarşı maliyyə sanksiyaları tətbiq edib, nəticədə üzv ölkələr iyulun 1-dək İrandan neft ixracını dayandırıb.
Anlaşmanın əldə olunmasını "alqışlayan" təhlilçilərin fikrincə, əməl ediləcəyi təqdirdə bütovlükdə Yaxın Şərq bölgəsi, həm də Qafqazlar üçün tamamilə yeni səhifə açılır.
Əsla istisna deyil ki, İranın uranı ilə bağlı anlaşmadan sonra Tehran dünya bazarına neftini daha asan çıxaracaq və gəlirləri artıracaq. İranın neft hasilatı və emalı sektorlarının onilliklərdən bəri investisiyalara "ac", sərmayəyə həsrət qalmasına da son qoyulması yaxın aylarda, daha dəqiq olsaq, dekabrın sonunadək dünya bazarlarına əlavə olaraq 2,5 milyard barrel neftin çıxarılması deməkdir.
Sonucda xam neftin qiymətlərində ucuzlaşma daha da sürətlənə bilər.
Bundan başqa, İran çox böyük təbii qaz ehtiyatlarına malikdir və bu səbəbdən də "mavi yanacağı"nı Avropa Birliyinin bazarlarına çıxarmaq üçün bütün vasitələrdən istifadə edəcək.
Orxan Hun
Digər Xəbərlər
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05