Ermənistanın beynəlxalq ifşası: Sarkisyan indi də Şərqi aldadır
12:38 20-07-2015
İQTİSADİYYAT
Ermənistanın beynəlxalq ifşası: Sarkisyan indi də Şərqi aldadır
Ermənistanın bir dövlət kimi ifşası davam edir. Əslində forpostdan başqa heç nə olmayan Ermənistan artıq beynəlxalq aləmdə təklənməkdədir. Erməni yalanları üzərində qurulan xarici siyasət kursunun darmadağın olması isə göz önündədir. Elə BRİKS, ŞƏT və AİB-in birgə sammitində Ermənistan prezidenti Serj Sərkisyanın çıxışı da Ermənistanın müasir vəziyyətinin üstünə işıq saldı.
Blef ustası olan Serj Sərkisyan Qərbi çıxmaq şərti ilə dünyanın ən güclü dövlətlərini birləşdirən qurumların sammitində Ermənistanı mühüm əhəmiyyətli ölkə kimi təqdim etdi. Görünür, S.Sərkisyan vaxtilə Qərbdə istifadə etdiyi blef mexanizmlərini ŞƏT və AİB müstəvisinə ekstrapolyasiya edir.
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu hesab edir ki, artıq bu erməni yalanları əvvəlki qədər keçərli deyil: "Təxminən 15-20 il bundan qabaq ermənilər Qərbdə özlərini belə təqdim edirdilər. Guya ən vacib tranzit ölkə Ermənistandır, Ermənistanın geosiyasi resursları hədsiz çoxdur. Hətta Polşa prezidentlərindən biri Əfqanıstana gedən yolun Ermənistan üzərindən keçdiyini təsəvvür edirdi və yolüstü tranzit kimi Ermənistan ərazisindən istifadə etdi".
Hər halda Ermənistanda ümid edirlər ki, vaxtı ilə Qərbi aldada bildikləri kimi indi də "Şərqi" aldada biləcəklər: "Serj Sərkisyanın "İran-Ermənistan Dəmir Yolu" və "İpək Yolu" barədə dediklərindən 3 etirafı aydın görünür: "Ermənistanın indiki vəziyyətdən çıxması üçün özünün resursu yoxdur; Ermənistan bütün müttəfiqlərinin resurslarını xərcləyib, onlardan yeni resurs gözləmir; Ermənistanın ümidi yalnız nüvə danışıqlarını uğurla başa vuran İranadır. Ermənistanın inkişafı üçün onun Türkiyə və Azərbaycanla münasibətini dəyişəcəyinə ümid etməyə əsas yoxdur".
Mərkəz rəhbəri hesab edir ki, Rusiyanın Abxaziya ilə son imzaladığı müqavilələr Gürcüstanla Abxaziyanın birgə əməkdaşlıq etmək imkanını sıfıra endirdi: "Rusiya Abxaziyanın müstəqilliyini tanıyıb, müxtəlif addımlarla Abxaziya siyasətini daim gücləndirir və Abxaziyanın müstəqilliyinin tanınmasından imtina edilməyəcəyini dəfələrlə bəyan edib. Gürcüstan özünü müvəqqəti uduzmuş hesab edir. Rəsmi Tbilisinin bütün hesablamaları Qərblə əməkdaşlıq edərək Abxaziya və Cənubi Osetiyanı geri qaytarmaq üzərində qurulub. Bəzi rusiyapərəstlər isə dərin əməkdaşlığa gedərək Abxaziya və Cənubi Osetiyanı qaytarmaq istəyirlər. Gürcüstanda Abxaziyanın müstəqilliyini tanımağa hazır olan qüvvə yoxdur və yaxın zamanlarda da görünmür. Abxaziya isə dəmir yolu ilə danışıqlarda yalnız müstəqil tərəf kimi görünmək niyyətindədir".
Politoloq sonra vurğulayıb ki, Rusiyanın Ermənistandan ötrü Abxaziyanı sındırmaq niyyəti yoxdur: "Rusiya hazırda Ermənistanla dəmir yolu əlaqəsi üçün Mehri dəmir yolunun açılması barədə düşünə bilər. Rusiyanın bəzi hərəkətlərindən bunu sezmək olur. Rəsmi Gürcüstan Gürcü-abxaz dəmir yolunun fəaliyyətə başlamayacağı ilə bağlı dəfələrlə bəyanat verib. Bütün gürcü ekspertləri yaxın zamanlarda gürcü-abxaz dəmir yolunun açılmasının qeyri-mümkünlüyünü bildiriblər. Hətta erməni siyasətçilərinin də bu mövzuda entuziazmı azalıb. Belə vaxtda S.Sərkisyan dünyanın yeni qütbünün rəhbərləri qarşısında yalan danışdı".
M.Əhmədoğlu deyib ki, S.Sərkisyan dünyanın yeni qütbünün başçılarına hörmətsizlik nümayiş etdirdi: "Bu artıq S.Sərkisyanın ağlını itirdiyini və dəli olduğunu göstərir. Yox əgər dəli deyilsə, Gürcü-abxaz dəmir yolunun açılmasına inanırsa, deməli yaxın vaxtlarda Gürcüstanda təlatümlü hadisələr proqnozlaşdırılır. S.Sərkisyan prezidentdir, deməli məlumatlı şəxsdir. Belə inamı məlumata söykənirsə mümkündür ki, Gürcüstanda müharibənin başlamağından xəbəri var. Amma Rusiya Gürcüstana qarşı indi müharibəni özü başlamayacaq. Abxaziyanı da Gürcüstana qarşı müharibəyə qızışdırmayacaq. Gürcü-abxaz dəmir yolunun açılması üçün Gürcüstanın mövqeyinin dəyişməsi Ermənistana lazımdır. Ermənistan özü Rusiyanın imkanlarından istifadə edərək Gürcüstan üzərinə hücuma keçsin".
Ermənilər dəfələrlə sübut ediblər ki, özlərinin cüzi maraqlarının təmin olunması üçün qonşularında böyük faciənin olmasının tərəfdarıdırlar. Amma müharibənin olması da İran-Ermənistan dəmir yolunun fəaliyyətə başlaması anlamında deyil. Çünki müharibənin nəticələrinin aradan qaldırılması, işğalçı müharibədən sonra investorların tapılması müşkül məsələdir. Prezident S.Sərkisyanın İran Ermənistan dəmir yolunun texniki iqtisadi əsaslandırılmasının hazır olması barədə dedikləri isə blefin ikinci serialıdır. Bu texniki əsaslandırmanı hazırlayan "Rasia" şirkətinin prezidenti Cozef Borkovski blef yaratmaq qabiliyyətinə görə, təxminən S.Sərkisyanla eyni səviyyədədir. Amma o texniki əsaslanmanı hazırladıqdan sonra layihənin reallaşması üçün bir sıra şərtlər irəli sürdü. O şərtlərdən biri Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi, digəri isə gürcü-abxaz münaqişəsinin tənzimlənməsinə aiddir. Heç bir münaqişənin tənzimlənməsində hələlik irəliləyiş yoxdur. Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində irəliləyiş isə yalnız Ermənistandan asılıdır. Özündən asılı olan işi etmədən Gürcüstandan bunu tələb etmək S.Sərkisyanın tərbiyəsinin yol verdiyi məsələdir. Amma gürcülər də Qafqaz xalqıdır.
Şahin
Digər Xəbərlər
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05