Bu gün Azərbaycan Milli Mətbuatının 140 ili tamam olur
10:49 22-07-2015
İQTİSADİYYAT
Bu gün Azərbaycan Milli Mətbuatının 140 ili tamam olur
Azərbaycan prezidenti: "Mətbuat hər zaman strateji maraqları müdafiə etməli, milli maraqlarımızı beynəlxalq müstəvidə qorumalıdır"
Bu gün Azərbaycan Milli Mətbuatının 140 ili tamam olur. Bununla əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sərəncam imzalayaraq, sil-silə tədbirlərin həyata keçirilməsi ilə bağlı göstəriş verib.
Prezidentin son sərəncamı ilə xeyli sayda media işçisi "Tərəqqi" medalı ilə, "Əməkdar Jurnalist", "Əməkdar Mədəniyyət İşçisi", "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif olunub. Daha sonra dövlət başçısı Əflatun Amaşovu, KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərlini 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edib.
Dünən Azərbaycan prezidenti İlham Əliyev milli mətbuatın yaradılmasının 140 illiyi münasibətilə Mətbuat Şurasının üzvləri ilə görüşüb. "Unikal"ın məlumatına görə, Azərbaycanın milli maraqlarının qorunmasındakı qətiyyətli mövqeyinə görə dövlət başçısına Mətbuat Şurasının xüsusi mükafatı təqdim olunub.
Prezident İ. Əliyev milli mətbuatın yaranmasının 140 illiyi münasibətilə jurnalistləri və xalqımızı təbrik edib, bayram ərəfəsində bir çox jurnalistlərin orden, medal və fəxri adlarla təltif olunduğunu deyib. "Biz fəxr edə bilərik ki, milli mətbuatımızın böyük tarixi var və ancaq müstəqillik dövründə Azərbaycan mətbuatı tam azad və müstəqil şəkildə fəaliyyət göstərib" deyən İ. Əliyev 1998-ci ildə Heydər Əliyevin fərmanı ilə ölkəmizdə senzuranın ləğv edildiyini və bunun mətbuat tarixində yeni dövr açdığını bildirib. Bu gün mətbuatımızın inkişaf baxımından yeni səviyyəyə qalxdığını deyən dövlət başçısı artıq 12 ildir fəaliyyət göstərən Mətbuat Şurasının işini yüksək qiymətləndirib.
Ölkədə mətbuatın inkişafı ilə əlaqədar islahatların uğurla aparıldığını deyən prezident İlham Əliyev bildirib ki, Azərbaycan bundan sonra da demokratiyanın inkişafı yolu ilə gedəcək. Bu gün ölkəmizdə azad cəmiyyətin formalaşmasını, cəmiyyətdə gedən prosesləri yüksək qiymətləndirən dövlət başçısı bu məsələdə mətbuatın rolunun əhəmiyyətli olduğunu diqqətə çatdırıb. Prezident İlham Əliyev bu gün ölkədə yüzlərlə qəzet-jurnalın, televiziya kanalının fəaliyyət göstərdiyini, ölkəmizin tam müstəqil siyasət yürütdüyünü, bunun təməlində isə xalqımızın maraqlarının dayandığını deyib.
"Cəmiyyətimiz strateji maraqlar ətrafında birləşib və bizi narahat edən məsələlərlə bağlı fikir ayrılığı yoxdur" deyən prezident İlham Əliyev bildirib ki, mətbuat hər zaman strateji maraqları müdafiə etməli, milli maraqlarımızı beynəlxalq müstəvidə qorumalıdır. Son illərdə bu istiqamətdə milli mətbuatda ciddi dönüşün yarandığını deyən dövlət başçısı ölkədəki vəziyyəti, hadisələri bir çox hallarda mətbuatdan izlədiyini və dərhal da reaksiya verdiyini bildirib. Prezident İlham Əliyev bundan sonra da ölkədə baş verən hər hansı pozuntu hadisəsinə qarşı mətbuatı fəal olmağa çağırıb. Azərbaycanın beynəlxalq mövqeləri ilə bağlı fikirlərini bölüşən dövlət başçısı xarici mediada ölkəmizə qarşı aparılan ədalətsiz kampaniyanın ciddi tədbirlər ərəfəsində daha da əlaqələndirilmiş xarakter aldığını bildirib, buna səbəb kimi isə Azərbaycanın müstəqil siyasətini, ölkəmizin uğurlarını göstərib. O bildirib ki, erməni lobbisinin və digər dairələrin ölkəmizə qarşı apardığı qaralama kampaniyası Azərbaycanın daxili və xarici siyasətinə heç bir təsir etmir. "Biz yolumuzdan dönməyəcəyik və ölkəmizi uğurla inkişaf etdirəcəyik" deyən dövlət başçısı Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ciddi tədbirlərin görüldüyünü və bu sahədə medianın rolunun artırılmasının vacibliyini bildirib.
"Xalqımız vahid və milli ideyalar ətrafında birləşib və bu proses bundan sonra da davam edəcək", - deyən Azərbaycan prezidenti bununla bağlı mətbuatın üzərinə böyük vəzifələrin düşdüyünü xatırladıb.
Mətbuat Şurasının sədri Əflatun Amaşov isə milli mətbuatımızın keçdiyi şərəfli yola nəzər salıb, Heydər Əliyevin medianın inkişafı ilə bağlı həyata keçirdiyi tədbirləri xatırladıb. Dövlət başçısının ölkəmizin inkişafı, cəmiyyətdə vətənpərvərlik ideyalarının möhkəmlənməsindəki xidmətlərinin media təmsilçiləri tərəfindən də yüksək qiymətləndirildiyini deyən Ə. Amaşov milli mətbuatın yaradılmasının 140 illiyi ərəfəsində media təmsilçilərinin bir qrupunun fəxri adlarla təltif olunmasına görə jurnalistlər adından prezidentə minnətdarlıq edib.
Ə. Amaşov Azərbaycanın milli maraqlarının qorunmasındakı qətiyyətli mövqeyinə görə prezident İlham Əliyevin Mətbuat Şurasının xüsusi mükafatı ilə təltif olunduğunu deyib və mükafatı dövlət başçısına təqdim edib.
Mətbuat Şurasının İdarə Heyətinin üzvləri Akif Aşırlı və Umud Rəhimoğlu da Azərbaycan mətbuatının inkişafına göstərdiyi diqqət və qayğıya görə prezident İlham Əliyevə minnətdarlıq ediblər. Dövlət başçısı çıxışlarda səslənən təkliflərə baxılacağını və medianın inkişafı ilə bağlı tədbirlərin bundan sonra da davam etdiriləcəyini diqqətə çatdırıb.
Sonra prezident İ. Əliyev milli mətbuatın 140 illiyi münasibətilə imzaladığı sərəncama əsasən Mətbuat Şurasının fəxri ad alan üzvlərinə mükafatları təqdim edib.
"Bu mükafat mənim üçün önəmlidir. Ona görə önəmlidir ki, bu, cəmiyyətə, müxalifət düşərgəsinə bir dövlətçilik dərsidir. 26 ilini tənqidi mediaya sərf eləmiş, bir baş redaktor dövlətin başında dayanan şəxs tərəfindən mükafatlandırılır və şəxsən təqdim olunur". Bu sözləri dünən prezident İlham Əliyevin sərəncamı ilə "əməkdar jurnalist" adı alan "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu deyib. O qeyd edib ki, bu yola çıxarkən mükafat alacağını gözləməyib. "Mən bu yola çıxanda mükafat gözləmirdim. Biz ölümü gözümüzün qabağına alıb sovetlərə qarşı müstəqil media seti yaratmaq haqqında düşünürdük. Amma proseslərin gedişində müxtəlif mükafatlar almışam. Xarici ölkələrdən də, öz ölkəmdən də mükafat almışam. O cümlədən də Mətbuat Şurasının təsis etdiyi Ali Media mükafatına da 5 il əvvəl layiq görülmüşəm. Bu, eyni zamanda çox tərbiyəvi əhəmiyyətə malik məsələdir".
R.Arifoğlu bildirib ki, ömür boyu müxalifət düşərgəsinə xidmət edən adam kimi bir sıra şikayətləri var: "Düşərgəyə aid cəmi bir dənə tənqidi yazı yazanda salamı kəsirlər və yaxud da soyuq münasibət göstərirlər. Məni o baxımından nümunəvi olaraq görsünlər ki, Azərbaycan prezidenti tənqidi media təmsilçisinin 26 illik xidmətini qiymətləndirir".
"Əməkdar jurnalist" adına layiq görülən "Kaspi" qəzetinin baş redaktoru İlham Quliyev: "Bu mükafatı 17 illik zəhmətimin rəsmi səviyyədə qiymətlədirilməsi kimi qəbul edirəm. Jurnalistika bizim həyat tərzimizidir. Özümüzü bu işə həsr etmişik. Mən bu peşəni çox sevirəm. Həmişə də vicdanlı, peşəkar olmağa, dövlətimizin maraqlarını nəzərə almağa çalışmışam. Hesab edirəm ki, bu etimad bizim daha da məsuliyyətli olmağımıza, işimizi daha çox sevməyimizə səbəb olacaq. Daha şövqlə işləyib, daha məhsuldar olmağa çalışacağıq".
"Tərəqqi" medalı ilə təltif olunan, Bakı Dövlət Universitetinin mətbuat və informasiya şöbəsinin müdiri Pərvanə İbrahimova: "Bakı Dövlət Universitetinin Quba rayonundakı Tədris-Təcrübə və İstirahət Mərkəzində idim. Jurnalist dostlarımdan biri zəng eləyib mənə xoş bir xəbər verdi. Onda bildim ki, cənab prezident İlham Əliyevin sərəncamına əsasən, Milli Mətbuatımızın 140 illik yubileyi münasibətilə təltif olunanlar sırasında mən də varam. Düzü, nə ilə təltif olunduğumu bilmirdim. Bu, həyacanımı xeyli artırdı. Sonradan adımı "Tərəqq" medalı alanlar arasında görüb çox sevindim. Bunu tək özümün yox, illərdən bəri fəlaiyyət göstərdiyim doğma Bakı Dövlət Universitetimizin də uğuru hesab edirəm. Universitetdən əvvəl çalışdığım mətbuat orqanları mənim jurnalist fəaliyyətimin ilk addımları idisə, Bakı Dövlət Universitetinin peşəkər yaradıcılığımda əvəzsiz rolu oldu. Qubadan Bakıya çatana qədər bu uğura sevinən nə qədər dostlarım oldu. İş yoldaşlarımın, həmkarlarımın, tələbə yoldaşlarımın, ailə üzvlərimin təbrikləri yağış kimi yağmağa başladı. Adamlar mənə zəng etdikcə, elə bil hamı ilə təzədən tanış olurdum. Onların xoş sözlərini öz sevinc hissimə qatıb həyatın nə qədər gözəl olduğu bir daha anladım. Həyat o zaman gözəl olur ki, insana, sənətə, yaradıcılığa dəyər verilir və bu günə kimi çəkdiyin əziyyətlərin boş bir şey olmadığını anlayırsan. Çox gözəl hissdir. Çoxdandı belə sevinməmişdim. Bu sevinc hissi bizə - doğmalarıma, yaxınlarıma, övladlarıma yaşatdığına görə cənab prezident İlham Əliyevə sonsuz təşəkkürümü bildirirəm".
E.Rüstəmov
Digər Xəbərlər
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05