Oqtay Şirəliyevlə Şahin Mustafayev hədəfdə
10:51 22-07-2015
İQTİSADİYYAT
Onlar dərmanların qiyməti qarşısında niyə çarəsiz qalıblar?
2015-ci ilin aprelində ölkə başçısı İlham Əliyev Nazirlər Kabinetinin iclasında dərman preparatlarının qiymətləri ilə bağlı sərt iradlar səsləndirmişdi: "Mənim narahatçılığım dərman preparatlarının qiymətləri ilə bağlı idi. Xüsusi göstəriş vermişdim ki, bütün apteklərdə ciddi nəzarət təşkil edilsin və qiymətlərin qalxmasına imkan verilməsin. Bu sahədə çox böyük pozuntular, uyğunsuzluqlar var. Bəzi hallarda dərmanların qiyməti bir neçə dəfə, bəzi hallarda on dəfə şişirdilir. Yəni burada tamamilə özbaşınalıq və anarxiya hökm sürürdü".
Həmin iclasdan 3 ay keçməsinə baxmayaraq nə Oqtay Şirəliyevin rəhbərlik etdiyi Səhiyyə Nazirliyi, nə Şahin Mustafayevin başında dayandığı İqtisadiyyat və Sənaye Nazirliyi, nə də digər aidiyyatı qurumlar dərmanların qiyməti ilə bağlı tədbir görməyib.
İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dərmanların qiyməti ilə bağlı yenidən irad tutması bunu deməyə əsas verir. Prezident son iclasda bir daha bəyan etdi ki, dərmanların qiyməti ilə bağlı çox böyük ədalətsizliklər hökm sürür: "Dərman bazarında uzun illərdir xaotik vəziyyət müşahidə olunurdu. Qeyd etməliyəm ki, bu məsələ bir qədər diqqətdən kənarda qalıb. Bazarın hər şeyi tənzimlədiyi hesab edilirdi. Lakin sonra məsələni dərindən təhlil edilərkən görünüb ki, burada çox böyük ədalətsizliklər var. Qiymətlər süni şəkildə qaldırılır. Başqa ölkələrlə müqayisədə Azərbaycanda bəzi dərmanların qiymətləri bir neçə dəfə bahadır".
Bəs, bunun səbəbi və ya səbəbləri nədir? Kütləvi İnformasiya vasitələrində yer alan xəbərlərə görə, Azərbaycanda hazırda dərman bazarında 4 şirkət hökmranlıq edir və onların illik gəliri 460 milyon manata yaxındır. Azərbaycanda dərmanın qiymətinin baha olmasına səbəb isə inhisarçılığın mövcudluğu qeyd olunur.
Yeri gəlmişkən qeyd edək ki, bu il iyunun 15-də bir müddət ölkənin dərman bazarında əsas oyunçu hesab edilən "Riyad-Farm" MMC-nin prezidenti Həsən Şərifov DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılıb və həbs olunmuşdu.
2014-cü ildə Milli Məclisin son iclasında "Dərman vasitələri haqqında" qanuna dəyişikliklər zamanı millət vəkili Vahid Əhmədov maraqlı bir fakt açıqlamışdı. Millət vəkili bildirmişdi ki, şəhərin bir yerindən 12 manata aldığı dərmanı başqa bir yerdə ona 24 manata təklif ediblər: "Bəzi ölkələrdə dövlət qeydiyyatında olan dərmanlara həm yuxarı qiymət, həm də aşağı üçün hədd qoyulur. Azərbaycanda isə dərman monopoliyadadır. Dərmanları gətirən xüsusi qruplar qəsdən baha qiymətə satırlar".
Yuxarıda qeyd olunanlardan da aydın görünür ki, dərman qiymətləri sahəsində ziddiyətli məqamlar çoxdur.
Tibb elmləri doktoru, professor Adil Qeybulla Azərbaycanda dərmanların qiymətinin baha olmasının ən əsas səbəbi bu sahədə monopoliyanın hökm sürməsi ilə əlaqələndirib: «Azərbaycana dərmanlar əsasən 3-cü ölkələrdən gətirilir. Məsələn, Tayland, Hindistan, Çin, Honkonq kimi ölkələr öndə gəlir. Amma dərmanlar birbaşa bu ölkələrdən gətirilmir. Hazırlanacaq dərmanlar toz halında Türkiyəyə gətirilir və burada hazırlanıb qablaşdırılır. Belə olan halda işçi qüvvəsi ucuz başa gəlir. Bəs onda Azərbaycanda dərmanların qiyməti niyə bahadır? Çünki bu sahədə inhisarçılıq var və rəqabət olmadığından bu sahəni monopoliyada saxlayanlar qiymətləri qaldırır".
A.Qeybullanın sözlərinə görə, dərmanların qiymətinin baha olmasının digər səbəblərindən biri kommersiya firmalarına qoyulan gömrük rüsumlarının yüksək olmasıdır.
Ekspertlərə görə, ilkin mərhələdə idxal olunan dərmanların xammalı xaricdən alınaraq Azərbaycanda qablaşdırılması və müxtəlif prosedurların həyata keçirilməsi onların qiymətlərinin dəfələrlə ucuzlaşmasına səbəb olardı.
Qeyd edək ki, Azərbaycanda dərman istehsalı ilə "Azərfarm" müəssisəsi məşğul olur. Qurumdan mətbuata hər hansı məlumat verə bilməyəcəklərini, bütün məlumatların müəssisənin saytında yerləşdirildiyini deyirlər. Görünür, "Azərfarm" elə saytları kimi fəaliyyət göstərir. Sayta yerləşdirilən bütün məlumatlarda hərflərdən çox sual işarələri var...
Dərman sahəsində problem sadəcə qiymətlərin baha olması ilə bitmir. Bir müddət əvvəl ANS TV-nin efirində yayımlanan "Rövşanə ilə bazar səhəri" verilişində qorxunc iddia səsləndirilmişdi. Canlı yayımda özünü Mərkəzi Dəmiryolu Xəstəxanasının şöbə müdiri Kərimov kimi təqdim edən bir nəfər telefona qoşulub. O bildirib ki, Azərbaycana gətirilən dərman preparatlarının tərkibi standartlara cavab vermir. Daha doğrusu, Azərbaycandan olan sifarişçilər istehsalçıdan tələb edirlər ki, dərmanların qiyməti ucuz olsun, tərkibində isə dəyişiklik edilsin.
Dərmanlar bir neçə tərkibin kombinasiyasıdır. Onun tərkibində müəyyən maddələrin hansı dozada olması onun qiymətini müəyyənləşdirir. Yəni dərman xammaldan hazırlanır. Üçüncü ölkələr sifariş edərkən dərmanın tərkibində doza aşağı istehsal olunur. Tutaq ki, dərmanın tərkibində hansısa A maddəsi 200 milliqramdırsa, Azərbyacana 150 milliqramla gəlir. Dərmanın da maya dəyəri 10 dollardan 5-7 dollara düşür. Digər tərəfdən, Azərbaycan bazarında Yaxın Şərq, Hindistan istehsalı olan dərman vasitələri üstünlük təşkil edir.
Bildirək ki, bu cür dərmanların 70-60 faizi ölkəyə leqal daxil olursa, qalanı da əsasən Rusiya və Gürcüstandan qeyri-leqal yolla ölkəyə gətirilir. Maraqlıdır ki, tərkibi dəyişdirilən və doktor Kərimovun qeyd etdiyi təhlükəli dərmanlar Azərbaycan Səhiyyə Nazirliyindən necə keçir?
Qayıdaq yazının əvvəlinə. Ölkə başçısının üç ay əvvəlki iradlarının aradan qaldırılması istiqamətində heç bir iş görməyən Oqtay Şirəliyev və Şahin Mustafayevin nazirlikləri onun bir neçə gün əvvəlki tənqidlərindən nəticə çıxarıb hərəkətə keçəcəklərmi? İndi əsas sual budur. Hər şeyi isə yaxın gələcək göstərəcək. Odur ki, gözləyək.
Toğrul
Digər Xəbərlər
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05