Azərbaycanda xırda məmurların intihar sezonu
10:54 22-07-2015
İQTİSADİYYAT
Azərbaycanda xırda məmurların intihar sezonu
İcra başçısı durumdan üzüağ çıxır, müəssisə rəhbəri yığdığı pullar hesabına qurtulur, zərbə altında qalan isə...
Son zamanlar xırda məmurların intihar cəhdləri çoxalıb. Yaşadığımız bu məmləkətdə hər gün intihar halları baş verir. Əvvəllər daha çox dolana bilməyən, borc içində olan valideynin, yeniyetmə və gənclərin, məmurların süründürməçiliyi üzündən həyatları cəhənnəmə dönən insanların intiharı üstünlük təşkil edirdisə, son dönəmdə mənzərə bir qədər fərqlənməyə başlayıb. Artıq bu sıraya xırda məmurlar da "qoşulmağa" başlayıb. Dünən Şirvan şəhərində yerləşən idarələrdən birində baş mühasib işləyən şəxs intihar edib.
Yaxud Salyanda keçmişdə baş mühasib, sonralar isə poçt müdiri işləyən adam ciddi psixi problem yaşadı, evdən baş götürüb getdi, həftələrlə izi tapılmadı. Bir müddət əvvəlsə rayonların birində məktəb direktorunun özünü asması xəbəri yayıldı. Yeniyetmələrin, gənclərin, çoxuşaqlı valideynlərin və digərlərinin intihar hallarına haqq verməsək də, səbəblərini, təxminən, bilirik. Bəs məktəb direktorları, icra başçılarının ərazi nümayəndələri, idarələrin baş mühasibləri, poçt müdirləri kimi xırda məmurlar niyə intihar edir? Cavaba keçməzdən öncə xırda məmurların intiharı ilə bağlı Qarabağ savaşı dönəmində şahidi olduğum bir olayı danışım. Bu həm verdiyim suala cavabın başlanğıcı və həm də qismən cavab olacaq: 1990-cı illərin birinci yarısı, Qarabağ savaşının qızğın çağları idi. Hər gün el-obaya şəhid xəbəri gəlirdi. O zaman bizim tərəflərdə bir ərazi nümayəndəsi vardı. El arasında Allah adamı kimi tanınırdı. O dönəmin şahidi olanlar bilirlər ki, həmin illərdə "oblava"lar geniş yayılmışdı. Digər ərazi nümayəndələrindən tələb olunduğu kimi haqqında danışdığım adamın da qarşısına "çağırış vərəqi" ilə, bu olmadığı halda, "oblava" edərək, bir neçə gənc gətirməyi və rayon hərbi komissarlığına təhvil vermək tələbi qoyulur. Adam "çağırış vərəqi" ilə yarıxoş, yarızor deyilən sayda gənci hərbi komissarlığa təhvil versə də, səhəri onlardan çoxunu kənddə görürdü. Məlum olur ki, ərazi nümayəndəsi çağırışçını hərbi komissarlığa təhvil verəndən sonra hərbi komissar onlardan pul alıb buraxır, pul verə bilməyənləri isə cəbhə bölgəsinə göndərir. İcra Hakimiyyətində keçirilən toplantıda isə adamı "yarıtmaz" deyib, o ki var danlayırlar. Az qala, vətənə xəyanətdə, ərazi bütövlüyünün qorunmasına göstərdiyi "biganə" münasibətə görə şiddətli şəkildə ittiham edirlər. Və qarşısında şərt qoyurlar ki, sabah saat 9-a qədər hərbi komissarlığa filan sayda "uşaq" təhvil verməlisən. İcra başçısının, polis rəisinin, prokurorun, hərbi komissarın qarşısında "Mən "uşaq" gətirirəm, ancaq hərbi komissar pullarını alıb, geri qaytarır" həqiqətini hayqıra bilmir. Bu çıxışına görə öncə "axmaq" adlandırılaraq, sonradan başına nələrin gətiriləcəyindən xəbərdardır, çünki. Toplantıdan çox qanıqara çıxan adam çarəni yolda bir yerdə oturub, araq içməkdə görür. Heç bir çıxış yolu tapa bilmir. İyrənc oyunun iştirakçısı olmağı vicdanına sığışdırmağı da bacarmır. Evə gəlib, dan yeri ağarana qədər fikirlər içində qovrulur. Səhər isə obaya ölüm xəbəri yayılır. Adamın ürəyi partlamışdı...
Eyni motivlərdən qaynaqlanmasa da, hər halda xırda məmurların həyatında yenidən gərginlik dönəmi başlayıb. Amma yenə də ağır şərtlər çıxılmaz durum yaradır. Məsələn, hər hansı bir rayona, infrastrukturun inkişafını, mədəni tədbirlərin həyata keçirilməsini nəzərdə tutan və ya sosial inkişafın təminatına hesablanaraq, ayrılan milyonlar səlahiyyət sahibləri tərəfindən mənimsənilir. Bundan sonra idarə və müəssisə rəhbərlərinin qarşısına "filan qədər gətirməlisən" şərti qoyulur. Müəssisə rəhbəri də, öz növbəsində bu pulu tabeçiliyində olan vəzifə sahiblərindən tələb edir. Nəticədə onlarla insan borca düşür, banklardan pul götürür, girov qoyaraq, ayrı-ayrı şəxslərdən yüksək faizlə pul borc alır və s. İcra başçısı durumdan üzüağ çıxır, müəssisə rəhbəri yığdığı pullar hesabına qurtulur. Zərbə altında qalan isə tabeçilikdə işləyən, faizlə pul götürən xırda məmurlar olur. Borcdan çıxa bilmir, faiz üstə faiz gəlir, evindən nələrisə satmalı olur, ailədə söz-söhbət son həddə qədər yüksəlir... Və çarəsizlik, çıxılmazlıq sindromu meydana gəlir. Ailəni rüsvayçılıqdan, özünü dərddən qurtarmaq üçün tək çıxış yolu qalır: intihar!
Bu prosesi obrazlı şəkildə belə ifadə etmək olar: Qəfər Cəfərin belinə minir, sonra Qəfərlə Cəfərin hər ikisi Səfərin belinə minir. Daha sonra isə bunların hər üçünün ağırlığı Zəfərin belinə yüklənir. Ağırlığa dözməyən Zəfər partlayıb ölür...
"Yuxarılar" İcra başçısına, İcra başçısı rayonun idarə və müəssisə rəhbərlərinə, idarə və müəssisə rəhbərləri də kəndlərin poçt müdirlərinə, məktəb direktorlarına, bələdiyyə rəhbərlərinə yüklənir... Nəticədə, altda qalan partlayaraq ölür.
İntihar hallarına gətirib çıxaran səbəblərdən, yalnız bəzilərini söylədim. Ona görə xırda məmurların intiharından danışdım ki, bu gün ölkədə həyata keçirilən yanlış idarəetmədən ən çox əziyyət çəkən sadə, zəhmətkeş xalq və ən çox yüklənməyə məruz qalan xırda məmur sinifidi.
Görünən budur ki, son dönəmlər bu yüklənmənin intesivliyi və çəkisi artmaqdadır.
Və görünən budur ki, "xırda məmurların intihar sezonu" başlayır.
Görünməyənsə, budur ki, durum belə davam edərsə, bir azdan növbədə orta məmurlar olacaq...
Namiq Hacıheydərli
Digər Xəbərlər
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05