Tehran paradoksları: kimlər nəyi kimdən istəyir?
10:51 23-07-2015
İQTİSADİYYAT
İranla Azərbaycanın münasibətlərini korlamağı arzulayanların ciddi siyasi iradları yox, sadəcə, acı təbəssüm doğura biləcək açıqlamalarıdır
İranın xarici siyasəti təki, daxilindəki qüvvələrin sadə qanunlarla özlərini idarə etdiklərini və hansısa trivial, hətta ifrat dərəcədə yeknəsəq qaydaların tələb etdikləri şərtlərə tabe olduqlarını düşünənlər əsrlər boyu yanılıblar.
Həmin siyasətin zahirindəki qılafı əksər hallarda batinindəki məzmunun təkrarı olmur, bəzənsə kəskin ziddiyyətlərə dönərək müşahidələri qüsurlu, ehtimalları yanlış edir.
Lakin hər şeyə rəğmən, İran siyasətində əsrlərdən bəri dəyişməyən və sabit qalan, sabitliyi də mənfilərin məcmusuna çevrilsə də, müsbətləşə bilməyən nüanslar var.
Diplomatiya maraqların müharibəsiz, dinc yollarla təminatıdır və istəklərini reallaşdırmağa çalışan dövlətin uğurları əksər hallarda diplomatların bacarıqlarından, onların danışıq qabiliyyətlərindən və danışıqlardakı məharətlərindən asılı olur.
Siyasi anlamların fasiləsiz deqradasiyaya uğradılması, 19-cu əsrin ikinci yarısından etibarən ciddi nüfuz, ərazi və qüvvə itkilərinə məruz qalan İran şahlığı kənardakı düşmənlərin irəliləyişlərini daxildəki "satqınların xəyanət"lərində axtarmağa başlamışdı.
Axtarışlar indi də davam etdiyindən daimi sosial ünsiyyəti qarşısına qoyduğu hipotetik məqsədlərlə əvəzləyən İran siyasəti praktiki təcrübəsini 20-ci əsrin sonlarından etibarən kənara yönəldib.
Bu təmayül SSRİ dağılandan sonra postsovet məkanında müstəqil dövlətlərin yaranması və ABŞ-ın liderliyi ilə Qərbin Tehrana qarşı sərt sanksiyalar tətbiq etməsindən sonra daha aqressiv, daha sapientiv forma alıb.
İranın daxildəki siyasi qüvvələrin düşərgələnmiş müstəvisində xüsusi yeri Azərbaycanın hədəf qismində görülməsini norma, hətta siyasi fəaliyyət prinsipi sayanlar var.
Belə siyasətçilər, qruplar, təşkilatlar və strukturlar, əfsuslar olsun ki, Azərbaycanla İran arasında qarşılıqlı əlaqələrin inkişafını, dövlətlərimizlə xalqlarımız arasındakı təmasların intensivləşməsini öz maraqlarına ölümcül təhlükə, ağır təhdid sayırlar.
Yalan fabriki,
absurd teatrı
İranın kütləvi informasiya vasitələri arasında "mühafizəkarlar"la yanaşı, "islahatçılar"ın nəzarətində olan qəzet, jurnal və saytlarda Azərbaycanın əleyhinə yönəlmiş məqalələr, yazılar və analitik şərhlərin son vaxtlar artması da nifrət üzərində yoğrulmuş ifadələrlə iddiaların az qala mantra kimi təkrarlanmasının hansısa effekt verəcəyini düşünənlərin fəallaşmasını göstərir.
Həmin məqalələrdə əsasən Azərbaycanın tarixi şəxsiyyətləri, habelə bu coğrafiyada mövcud olmuş dövlətlər barədə nəşr olunan əsərlərdə guya təhriflərə yol verildiyi, həmin dövlətlərin başçılarının azərbaycanlı olmalarına dair yalanların yayıldığı iddia olunur.
Xüsusilə vurğulanan bir başqa məqam odur ki, Azərbaycanın Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin müəllifi olduğu və son vaxtlarda nəşr olunan kitablarda Nadir Şah, Şah İsmayıl Xətai və digər səfəvi hökmdarların Azərbaycanın türk imperatorları kimi təqdim olunması, sən demə, kobud səhv, qərəzmiş. Məqalələrdə müxtəlif dövrlərdə hakimiyyətdə olmuş həmin şəxslərin İranın dövlətçilik irsinin varisləri olduqları və onların etnik mənşələrinin idarəçiliklərinə əsla təsir etmədiyi (!) refren kimi təkrarlanır.
Təbii, İrandakı bir para siyasətçilərin və müəlliflərin belə absurd, mifo-poetik iddiaları heç bir tarixi fakta əsaslanmadığı kimi, məntiqdən və həqiqətdən kənardır.
Amma nə olsun - adamlar iddialarında, inadlarında yaxşı işlərə tətbiq olunacağı təqdirdə əla nəticələr verə biləcək "dönməzlik" göstərirlər.
Onlar tarixi yenidən yazmağa, qaraya ağ deməyə, ağı da zil qara kimi göstərməyə çalışmaqla yanaşı, Azərbaycanın gerçək sözlərini öz yalanları ilə yanlış qismində göstərmək istəyirlər.
Bəhs etdiyimiz bu absurd teatrının başqa səhnələri isə son aylar ərzində Tehranın Bakı ilə əlaqələrini yaxşılaşdırmaq üçün atdığı müxtəlif addımların guya rəsmi Bakı tərəfindən İranın milli mənafelərinə zərbə vurmaq üçün istifadə edilməsi ilə bağlı iddialardır.
Səslənmir,
çünki yoxdur...
Belə ki, sən demə, ölkəmiz Tehrandakı səfirliyinin, Təbrizdəki Baş Konsulluğunun və Qafqaz Müsəlmanları İdarəsinin Qum şəhərində yeni açılmış nümayəndəliyinin imkanlarından istifadə etməklə mədəni proqramlar adı altında Güney Azərbaycan millətçilərini təşkilatlandırmağa çalışır.
O da deyilir ki, Tehranda nümayəndəliklərinin açılmasına icazə verilmiş ANS TV, "Trend" beynəlxalq informasiya agentliyinin materiallarında, sosial şəbəkələrdə antiiran və antişiə xarakterli məlumatların, İranda etnik problemlərin qızışdırılması yönündə xəbərlər və informasiyaların yayılması intensivləşib.
Sosial şəbəkələrdə yazılanlar və paylaşılanları əsas götürərək dövlətin yürütdüyü siyasəti dəyərləndirməyin nə qədər primitiv cəhd, qərəzli niyyət olduğunu izah etməyə, yəqin ki, zərurət yoxdur.
Azərbaycanın İrandakı diplomatik və dini nümayəndəliklərini də "Tehrana qarşı işləmək"də suçlamaq üçün heç olmasa, bir fakt, o da tapılmazsa, fakta bənzəyən ehtimal və ya versiya gərəkdir.
Yoxdur, səslənmir, göstərilmir, vurğulanmır. Çünki yoxdur.
ANS TV və "Trend"in informasiya siyasətində guya "antişiə" və ya "antiiran" elementlərinin olduğunu iddia etməksə ya paranormal səviyyədə inkişaf etmiş illüziyalardır, ya da pis pərdələnmiş qərəzdir.
Sadə yazsaq, yalandır.
Nə dediklərinin fərqində olmayanlar
İranda Azərbaycana qarşı kampaniya aparanlar və ölkəmizi nişangaha götürənlər onu da iddia edirlər ki, Azərbaycanda şiəliyin genişlənməsinin qarşısının alınması məqsədilə hakimiyyət ölkədə vəhhabilik cərəyanının yayılmasına dəstək verir. Bununla yanaşı, Qumda yeni nümayəndəliyini açmış Qafqaz Müsəlmanları İdarəsi bu yolla İranda dini təhsil alan Azərbaycan vətəndaşları barədə məlumat toplamaqla məşğuldur.
İki "maraqlı" iddia və iki ağ yalan.
Daha doğrusu, növbəti yalanlar.
Vəhhabilik, daha doğrusu, sələfilik radikal islamçı cərəyan olduğundan heç bir halda əhalisinin əksəriyyəti şiələr olan Azərbaycanda dəstəklənə bilməz və bu paradoksu Tehrandakı "tənqidçilər" əla bilsələr də, riyakar çıxışlarındakı yalanları etiraf etmək istəmirlər.
Azərbaycan dünyəvilik, multikultiralizm və tolerantlıq dəyərlərinə çox ciddi önəm verən ölkə olsa da, dinə və vicdan azadlığı prinsiplərinə gərəkli sayğı ilə yanaşan hakimiyyət tərəfindən idarə olunur.
Kimsə başqasını dini baxışlarına görə təqib edə bilməz - Azərbaycanda bu, cinayət tərkibli əməldir.
Elə bəhs etdiyimiz səbəbdən də İranda dini təhsil alan soydaşlarımızın hansısa formada və ya məqsədlə "izlənilməsi" yalnız koqnitiv dissonanslı insanların iddiası sayıla bilər, sayılmalıdır da.
Yalan danışmaq olar, amma yalançı nə dediyinin fərqində olmalıdır.
Əks təqdirdə söylənənlər, kobud desək, paranoya təsiri bağışlayır.
"Onlarla da olmaz,
bizimlə də..."
Bütün bunlar azmış kimi, Azərbaycanın təhlükəsizlik sahəsində Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə əməkdaşlığı, BƏƏ-nin Milli Təhlükəsizlik Şurasının nümayəndə heyətinin Bakıya rəsmi səfəri çərçivəsində "Dəniz sərhədlərinin təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında" anlaşmanın müzakirəsi, BƏƏ-nin bu sahədə Azərbaycanla tərəfdaşlığa hazır olması İran üçün təhlükə sayıldı.
Sən demə, BƏƏ Azərbaycanla bu anlaşmaya nail olmaqda əslində İranın Xəzərdəki dəniz sərhədlərində mövqe tutmaq, daim məlumatlar əldə etmək istəyirmiş.
Bu isə artıq paranoya yox, İranda Bakı ilə münasibətlərin maksimal dərəcədə pisləşməsini hədəfləyən qüvvələrin çox yaxşı düşünülmüş, sadəcə məkr yox, uzunmüddətli perspektivə hesablanmış addımlarıdır.
Fars Körfəzi bölgəsində İranla BƏƏ-nin geosiyasi rəqiblər olduğu bəlli məsələdir, amma bu rəqabətin Xəzərə şamil edilməsi və illah da ki, Azərbaycanın illüzor "panərəbizm"ə meyllənməsində suçlanması, gerçəkdən də, hədsiz fantaziya tələb edən məqamdır.
Di gəl, Azərbaycanın ərəb dünyası ilə təmaslarını zəiflətmək, Bakı ilə ultimatumlar və hədələr lüğəti ilə danışaraq bizi geri çəkilməyə vadar etməyə can atanlar nə etdiklərini yaxşı bilsələr də, qarşı tərəfin, yəni rəsmi Bakının diplomatiyasında komplimentar siyasətə yox, xalqla dövlətin maraqları və mənafelərinin təminatına istiqamətlənmiş, dəqiq hesablanmış strategiyaya əsaslandığının fərqində deyillər, deyəsən.
Sadalananlarla yanaşı, Azərbaycanın İrranla əlaqələrin bütün sahələrində, o cümlədən ticari, dini və siyasi sferalarda münasibətlərin "müəyyən edilmiş səviyyədən yuxarı qalxmasına imkan verilməməsinə zərurət duyulduğu" söylənir.
O da təkidlə vurğulanır ki, İranın yüksək rütbəli rəsmilərinin Bakıya səfərləri zamanı "yüksək səviyyədə görüşlər təşkil edilmədiyi halda Azərbaycanın Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri və Qafqaz Müsəlmanları İdarəsinin başçısının İranda ən yüksək səviyyədə qarşılanmaları düzgün deyil".
Bax, bu iddialar İranla Azərbaycanın münasibətlərini korlamağı arzulayanların ciddi siyasi iradları yox, sadəcə, acı təbəssüm doğura biləcək açıqlamalarıdır.
Ərəblərlə Bakının münasibətlərinin qurulmasını istəməyən və "onlarla da olmaz" fikrini refren kimi səsləndirən həmin qüvvələr nə qədər paradoksal olsa da, Bakının Tehranla münasibətlərinin aktivləşməsini də arzulamır, az qala "bizimlə də olmaz" söyləyirlər.
Təbii, anlayırıq, bu qüvvələr İranın dövlət siyasətini müəyyənləşdirmir və rəsmi Tehran Bakı ilə təmasların daim inkişafında, mehriban qonşuluq və qardaşlıq əlaqələrində maraqlı olduğunu deyir.
Bilirik.
Amma onu da bilmək istərdim ki, rəsmi Tehran İran siyasətində aktivləşən və böhranlarını artıran, haqlarında bəhs etdiyimiz qüvvələrin elə İranın maraqlarına qarşı yönəlmiş fəaliyyətinin qarşısını almaqdadır.
Bunu bilməyimiz üçün görəsən, nə gərəkdir?
Orxan Həsənli
Digər Xəbərlər
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05