İsa Qəmbərə sərt cavab
10:53 23-07-2015
CƏMİYYƏT
Rauf Arifoğlu cəbhəsindən: "Əlinizdən bir iş gəlmir, qorxmayın, həbsə girin"
Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlunun partiyadan istefasına və "Əməkdar jurnalist" fəxri adı almasına münasibət bildirib.
İ.Qəmbər özünün "Facebook" səhifəsində yazdığı qeydində bildirib ki, proses kifayət qədər şəffaf gedib və Rauf Arifoğlu öz mövqeyini, qərarlarını dəfələrlə aydın şəkildə ifadə edib, partiyadan çıxmasına ətraflı izah verib. Sabiq başqan baş redaktorun fəxri ad almasını isə onun prezident İlham Əliyevlə barışması kimi qiymətləndirib.
"Yeni Müsavat" cəbhəsindən İsa Qəmbərə cavab isə özünü çox gözlətməyib. Qəzetin baş redaktorunun birinci müavini Azər Ayxan yenə "Facebook"dan sabiq başqanı ağır sözlərlə ittiham edib: "Bu günə kimi bir öz barışdıqlarınıza baxın, bir bizim barışdığımıza. Rəsul Quliyevdən, Lalə Şövkətə, Əli İnsanovdan, Gültəkin Hacıbəyliyə, Rəhim Qazıyevdən Etibar Məmmədova, Rüstəm İbrahimbəyovdan Əli Ömərova kimi onlarca Əliyevçilərə qucaq açmısınız. Bu adamları Heydər və İlham Əliyevlər dövlətə sözün birbaşa və dolayı mənasında qurşun sıxdıqlarına görə, siyasi dönüklük etdikləri üçün vəzifədən, təmsil olunduqları postlardan qovub. Onlar həmin adamları qovduqca, siz bunların reabilitasiyasını icra edib yenidən siyasi həyata döndərmisiz. Siz bu korrupsionerlərlə barışanda biz bunu milli xilas kimi təqdim edib sizi tarixi qınaqdan qorumağa çalışmışıq. Siz isə bizim dövlətin 1-ci şəxsiylə normal, şəffaf münasibətimizə kölgə salmaq istəyirsiz".
Azər Ayxan ad çəkmədən yazıb ki, İsa Qəmbərə "Yeni Müsavat"çıların onun əvəzinə hakimiyyətlə vuruşub, həbsxanaya düşməsi sərf edir: "O isə bəyanat versin ki, hakimiyyət daha bir jurnalisti həbs etdi. Arada siz də girin də həbsxanaya, qorxmayın, o qədər də qorxulu yer deyil. Həm də zatən əlinizdən bir iş gəlmir, heç olmaya məhbəs xatirəniz olsun. Gələcəkdə nəvələrinizə danışmağa nəsə tapasınız".
Qəmbərin mənimlə bağlı "Facebook"da yazdığı statusa xüsusi bir iradım yoxdur. Sadəcə olaraq İsa bəyin gəldiyi bir sıra qənaətlər var. Mənim fəaliyyət prioritetlərimdən biri də o olacaq ki, bu cür qənaətlərlə bağlı yaxın gələcəkdə İsa bəy əvvəlki fikrindən növbəti dəfə daşınacaq. Mən çalışacağam ki, bu belə olsun". Bunu "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu deyib.
R.Arifoğlu Müsavat Partiyasının sabiq başqanının ona qarşı heç bir ittiham irəli sürmədiyini bildirib: "Orada İsa bəy heç bir ittiham səsləndirməyib. Sadəcə, fikirlərini söyləyib. Mən də o fikirlərə hörmət edirəm. Amma dediyim kimi, mənim fəaliyyətim şəffafdır. Başqa bir sahədə yox, media sahəsindəyəm. Mənim fəaliyyətimi hər kəs görəcək, o cümlədən də İsa bəy... Yəqin ki, İsa bəy çox diqqətli, keyfiyyətli oxucu kimi bizim fəaliyyətimizi bundan sonra da izləyəcək və görəcək ki, narahatlığa heç bir əsas yoxdur".
"Yeni Müsavat" qəzetinin baş redaktoru qeyd edib ki, "Əməkdar jurnalist" fəxri adı alması münasibətilə İ. Qəmbər onu təbrik etməyib: "Təbrik gözləyirdim, amma etmədi. Bu statusdan sonra isə heç gözləmirəm".
Qeyd edək ki, Müsavat Partiyasının sabiq başqanı İ. Qəmbər Facebookda yazdığı statusda "Yeni Müsavat" qəzetinin baş redaktoru R. Arifoğlunun fəxri ad almasını onun prezident İlham Əliyevlə barışması kimi qiymətləndirib.
Qərib
Digər Xəbərlər
2024-11-25 08:29:36
2024-11-25 00:14:00
2024-11-24 21:51:00
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06