ABŞ-ın Yaxın Şərqdə silahı: xaos və ekstremizm
11:53 24-07-2015
İQTİSADİYYAT
Vaşinqtonda artıq görürlər ki, "rəngli inqilablar"a, onun ardınca isə xaosa təkan vermə siyasəti öz maraqlarına qarşı işləməyə başlayır
Məlum olduğu kimi, ABŞ-ın Yaxın Şərq siyasəti bu regionda Vaşinqtonun strateji, siyasi və iqtisadi maraqlarının təmin edilməsinə yönəlmişdir. Bunlardan ən vacibi neft-qaz yataqlarına çıxışın təmin edilməsidir. Amerika kapitalının ərəb neftinin çıxarılması, emalı və satışı üzərində nəzarəti ələ keçirməyə can atması ABŞ-ın ərəb dünyasına Birinci dünya müharibəsindən bir qədər sonra başlayan iqtisadi ekspansiyasının əsas təhrikedici motivi olmuşdur.
Bundan başqa, ABŞ Yaxın Şərqi dünyanın ən mühüm strateji regionlarından biri kimi nəzərdən keçirir. Avropa, Asiya və Afrikanın qovuşuğunda yerləşən bu regiondan uzun müddət Avropanın böyük dövlətlərini Şərqin yaxın və uzaq ölkələrindəki müstəmləkələri ilə, ilk növbədə Hindistanla (buraya yol Süveyş kanalının açılması sayəsində xeyli qısaldı) əlaqələndirən mühüm kommunikasiyalar keçirdi.
ABŞ hesab edir ki, Yaxın Şərq mühüm regiondur və buradakı vəziyyət Amerikanın maraqlarını və iqtisadi təhlükəsizliyini birbaşa təhdid edə bilər.
Henri Kissincerin etiraf etdiyi kimi, son onilliklərdə ABŞ-ın Yaxın Şərq siyasəti Vaşinqtonun əsas müttəfiqi olan İsrailin təhlükəsizliyinin təmin edilməsi, Yaxın Şərqin geosiyasi məkanında güclü və müstəqil regional dövlətin, o cümlədən elə həmin İsraili təhdid edə bilən bir dövlətin yaranmasına imkan verilməməsi və regiondan tarixən və bu gün də liderlik mövqeyini saxlayan Qərbə karbohidrogenlərin sərbəst ixracının təmin edilməsi kimi üç dayaq üzərində qurulurdu.
ABŞ-ın hegemonluğunun təmin edilməsi istiqamətlərində 2001-ci ilin 11 sentyabr hadisələrindən sonra əsaslı dəyişikliklər edilərək terrorçuluqla və ona dəstək verən rejimlərlə (Səudiyyə Ərəbistanı və Qətər istisna olmaqla) mübarizə aparılması, "diktator" (başqa sözlə, Ağ Evə sərf etməyən) rejimlərin sistemli şəkildə devrilməsi xətti (əslində ABŞ həmişə bu işlə məşğul olub), habelə regionun "demokratikcəsinə" yenidən qurulması (bu, 11 iyun 2004-cü il tarixdə Si-Aylənddə qəbul olunmuş "Səkkizlər qrupu" ilə "Böyük Yaxın Şərqin və Şimali Afrikanın" tərəfdaşlığı konsepsiyasına "qablaşdırılmışdır") kimi müddəalar da əlavə edilmişdir. Deyilənlər o dövrdə qəbul edilmiş "Böyük Yaxın Şərq və Şimali Afrika regionu ilə tərəqqi və ümumi gələcək naminə tərəfdaşlıq" adlı bəyanatda öz əksini tapmışdır.
ABŞ məhz bunun vasitəsilə 2003-cü ildə İraqı dağıtdıqdan sonra regionda neoliberal dəyərləri "bərqərar etməyi" planlaşdırırdı. İraqdan isə sanki plastilin kimi istifadə edilməklə, Yaxın Şərqin digər dövlətlərinin təlqin edəcəkləri bir nümunə düzəldilməli idi.
Bu konsepsiya 11 il bundan qabaq həyata keçirilməyə başladı. Bəs bu gün biz nəyi görürük? ABŞ müharibədən sonrakı 70 ildə "öz" Yaxın Şərqini necə qurmuşdur?
Kənardan təhrik edilən "Ərəb baharı" sunamisindən sonra neoliberal demokratiyanın çiçəklənməsinin əvəzinə biz dörd dövlətin (Suriya, İraq, Liviya, Yəmən) dağıldığını, vəhşiliyin baş alıb getdiyini, dini cəhaləti, tarixi və mədəni abidələrin kütləvi şəkildə məhv edildiyini, son dərəcə gərgin konfessiyalararası qarşıdurmanı, xüsusən də sünni-şiə qarşıdurmasını və s. görürük ki, bunu da tərəqqi və demokratiya adlandırmaq olmaz.
Aparılan "demokratik" eksperimentdən sonra region onlarla, bəlkə də yüzlərlə ekstremist və terrorçu qruplaşmaların tüğyan etdiyi, dağıntılar içində olan bir məkana çevrilmişdir. Bu qruplaşmaları bir il ərzində, yəni 2014-cü ilin iyun ayından 2015-ci ilin iyun ayına qədər İraqın yarısını və Suriya ərazisinin xeyli hissəsini ələ keçirmiş terrorçu təşkilat olan "İraq və Şam İslam Dövləti" (İŞİD) öz maraqlarına uğunlaşdırmaqdadır.
Başqa sözlə, nəticə bəyan edilən vəzifələrin tam əksinədir. Əlbəttə, konspiroloqlar deyə bilərlər ki, nəhəng banklar və transmilli şirkətlər kimi gizli qüvvələr elə bunu, yəni regionun parçalanmasını, qlobal kapitalın nüfuzunun yayılmasına mane olan milli dövlətlərin zəifləməsini, bu kapitalın Yaxın Şərqin bazarlarına daxil olması üçün şəraitin yaradılmasını istəyirdilər.
Sanki, hər şey qaydasındadır və deyilənlər məqalənin əvvəlində son on ildə Amerikanın xarici siyasətdə güddüyü həmin o üç məqsədə zidd deyil: İsrailin təhlükəsizliyi möhkəmlənmişdir, çünki indi onun Suriya və İranın timsalında birbaşa rəqiblərinin başı qarışıqdır, iri ərəb dövlətlərindən heç biri (Səudiyyə Ərəbistanından başqa) müstəqil liderliyə iddia edə bilməz, karbohidrogenlər isə sərbəst şəkildə hətta məğlub olan Liviyadan belə axıb gəlir! Lakin daha diqqətlə nəzərdən keçirdikdə məlum olur ki, bu "idarəolunan xaos" sisteminin işi son dərəcə qeyri-stabildir və ABŞ-ın, o cümlədən onun aparıcı şirkətlərinin uzunmüddətli maraqlarına tam şəkildə cavab verməyib qabaqcadan görünməyən nəticələrə gətirib çıxara bilər.
Əvvəla, İranın nüvə proqramı ilə bağlı dosyenin bağlanması nəticəsində bu ölkənin sanksiyalar rejimindən çıxması gözlənilir (çox güman ki, bu planlaşdırılmış vaxtda və ya bir qədər gec baş verəcəkdir). Özü də bu, 2013-cü ildə Omanda onunla gizli danışıqlara başlayan Vaşinqtonun gözlədiyi kimi baş verməyəcəkdir. Yeddinci prezident Həsən Ruhaninin qərbyönümlü simpatiyalarına baxmayaraq, çətin ki, İran Amerikanın regionda dayağı olsun. Çox güman ki, ayətulla Xamneyinin möhkəm əli ilə idarə olunan rejim ölkənin beynəlxalq təcriddən çıxarılmasını öz uğurlarına əlavə edəcək və ölkənin iqtisadi və hərbi-siyasi potensialını, şiə ideya-siyasi təliminə söykənməklə regionda təsirini artırmaqda davam edəcəkdir. Vaşinqton onun əsas regional rəqibi olan Səddam Hüseyni devirdikdən sonra da İran bu cür hərəkət etmişdi.
İstər qərbyönümlü qüvvələrin təsirinin artması, istərsə də "rəngli inqilablar" yolu ilə ayətulla rejiminin daxildən Qərb tipli demokratiyaya transformasiya edəcəyinə ümid edən Ağ Evin bundan əldə edəcəyi heç bir fayda yoxdur. Rejimin Qərbin maraqlarının keşiyində duracağından, özünün müttəfiqləri olan Bəşər Əsədi, "Hizbullah"ı təhvil verəcəyindən isə söhbət belə gedə bilməz.
Başqa sözlə, beynəlxalq birliyin İranın nüvə proqramının sülh xarakteri uğrunda mübarizəsi şüarı altında gedən uzun-uzadı böhrandan Tehran daha da möhkəmlənmiş şəkildə çıxacaq və ABŞ-ın səyləri ilə yaradılmış idarə edilən xaosdan öz xeyrinə istifadə edəcəkdir.
Bu situasiyadan Qərb demokratiyasının tam əksi olan və göründüyü kimi, himayədarlarının nəzarətindən çıxmağa başlayan İŞİD də öz maraqlarında istifadə edir. Himayədarlar bu təşkilata İranın zəiflədilməsi və "şiə qövsü"nün kəsilməsi üçün bir alət kimi baxırdılar. Onun Səudiyyə Ərəbistanının timsalında yeni məqsədləri meydana gəlir. Təşkilat tərəfindən bu yaxınlarda Səudiyyə Ərəbistanı Krallığının şərq (şiə) əyalətində təşkil olunmuş terror hücumları bundan xəbər verir.
Ən əsası isə, İraqda müharibə nəticəsində destruktiv proseslər dalğasına təkan verən ABŞ öz hərəkətləri ilə nəinki regionu dağıtdı, həm də özünün buradakı əsas müttəfiqlərinin, ilk növbədə, Səudiyyə Ərəbistanının etibarını da sarsıtdı. B.Obama bir tərəfdən İranın nazı ilə oynamaq siyasətini davam etdirməli, digər tərəfdən isə ABŞ-ın həmişəki kimi, Ərəbistan yarımadasında özünün səudi və digər sünni dostlarını xarici təhdidlərdən müdafiə etməyə hazır olduğunu sübut etməli olur.
O, bunun öhdəsindən gələ bilmir. Fars körfəzi ölkələrinin nümayəndələrinin Moskva ziyarəti və bu yaxınlarda şahzadə Məhəmməd bin Salmanın prezident V.Putinlə görüşmək üçün Sankt-Peterburqa səfəri bundan xəbər verir.
Əvvəllər Vaşinqtonun etibarlı müttəfiqi olan Səudiyyə Ərəbistanının özünün də ona inamı azalmaqdadır. Bu ölkə çoxqütblü dünya fəlsəfəsini mənimsəmiş və qütblərdən birinə, özünün ətrafında formalaşdırdığı və heç də ABŞ-ın həll etdiyi məsələlərə uyğun gəlməyən ərəb-sünni qütbünə çevrilmək iddiasındadır.
Vaşinqtonda artıq görürlər ki, "rəngli inqilablar"a, onun ardınca isə xaosa təkan vermə siyasəti ABŞ-ın maraqlarına qarşı işləməyə başlayır. Regionu dağıtmaqda davam etməklə, ABŞ təkcə antiqərb qüvvələrin möhkəmlənməsinə, terror təhlükəsinin artmasına deyil, həm də özünün külli miqdarda müasir silah satdığı regionun irihəcmli bazarlarını itirməsinə şərait yaratmış olur.
Rövşən Aslanov,
tarix üzrə fəlsəfə doktoru
Digər Xəbərlər
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05