İki oliqarxa özəlləşmə şoku
17:18 25-07-2015
İQTİSADİYYAT
Cahangir Əsgərovla Rövnəq Abdullayevin vəzifələri əlindən çıxa bilər
Azərbaycanın iki iri məmuru üçün arzuedilməz xəbər var. Bunlar ARDNŞ (SOCAR) prezidenti Rövnəq Abdullayev və «Azərbaycan Hava Yolları» QSC (AZAL) prezidenti Cahangir Əsgərovdur.
Belə ki, bu oliqarxların rəhbərlik etdikləri şirkətlərin özəlləşdiriləcəyinə dair iddia irəli sürülüb. Məsələ burasındadır ki, 2013-cü ildən başlayaraq, dövlətin büdcə xərcləmələri azalmaqda davam edir. Əgər əvvəlki il üzrə qeydə alınan azalma büdcə prioritetlərindəki dəyişikliklə bağlı idisə, cari ildə gözlənilən dəyişikliyi maliyyə sistemində yaranmış və getdikcə ciddiləşən problemlər şərtləndirəcək. Bu barədə bəhs edən iqtisadçı alim Qubad İbadoğlu yazıb. Qubad İbadoğlunun Faccebook-da paylaşdığı statusda maraqlı fikirlər səsləndirilib. O,həmin statusda AZAL-la ARDNŞ-in özəlləşdirilə biləcəyini deyib.
İqtisadçı yazır: "Dünən *(srağagün - red.) Maliyyə Nazirliyi və Neft Fondunun 6 ayın yekunları ilə bağlı açıqlamaları ölkənin fiskal durumunun çətinliklərini aşkara çıxarmağa və qiymətləndirməyə imkan verir. Bu il üçün büdcəyə 19 milyard 438 milyon manat vəsait yığmağı planlaşdıran hökümət ilin 1-ci yarısında onun 7 milyard 807 milyon 200 ml-nini və ya 40 faizini təmin edib. Proqnozun icrasında başlıca çətinlik Neft Fondundan gözlənilən transferlərin azalmasıdır. Belə ki, bu il ərzində büdcəyə 10 milyard 388 milyon manat köçürmək öhdəliyinə mailk olan Neft Fondu ilin 6 ayında onun 3 milyard 562 milyon manatını və ya üçdə birindən bir az artığını transfer edib. Çünki, Neft Fondunun özünün də gəlirləri ilin 1-ci yarımilliyində 4 milyard 54 milyon manat olub ki, bu da proqnozlaşdırılan vəsaitin 40 faizindən də azdır. Göründüyü kimi, həm dövlət büdcəsində və həm də Neft Fondunun büdcəsində icra faizi 40-ı ötə bilməyib. Deməli, mədaxilin təminatında eyni səviyyədə icra vəziyyətini xarakterizə edən bu asılılıq birbaşadır və Neft Fondunun gəlirləri azaldıqca dövlət büdcəsinin xərcləmələrində də problemlər çoxalacaq. Çıxış yolunu kiçik və orta vergi ödənişlərini inzibati qaydada sıxmaqla büdcəyə əlavə vəsait cəlb etməkdə görən hökümət buna ilin ilk 6 ayında nail olsa da sonrakı aylarda eyni metodla istədiyi effekti ala biləcəyi real görsənmir. Bu halda hökümətin başqa bir alternativə müraciət edəcəyi də istisna olunmur. Belə ki, hazırkı situasiyada və gələcəkdə daha da pisləşən durumda büdcəyə vəsait cəlb etməyin yollarından biri də özəlləşdirmədən əldə edilən gəlirlər ola bilər. Bu halda hətta ARDNŞ-in də səhmləşdirilməsi və sonradan səhmlərinin satışa çıxarılması gündəmə gələ bilər. Mümkündür ki, ondan qabaq digər iri vergi ödəyicilərindən - Azərenerji, Azərsu, Xəzər Dəniz Gəmiçiliyi, Aztelekom, Azal kimi şirkətlər də özəlləşdirməyə çıxarılsın. Çünki, onların çoxu hazırda büdcə qarşısında olan cüzi vergi öhdəliklərini belə yerinə yetirə bilmirlər və ildən- ilə vergi borcları ilə yanaşı kreditor borclarını da artırırlar. Çox güman ki, Azərbaycan Beynəlxalq Bankı böyük özəlləşdirmə siyasətində sınaq-təcrübə funksiyasını yerinə yetirəcək".
Müşahidəçilər hesab edir ki, adıçəkilən qurumlar özəlləşdiriləcəyi təqdirdə onlarda rəhbər dəyişiklikləri də qaçılmaz olacaq. Bu isə Rövnəq Abdullayevlə Cahangir Əsgərovun postlarını itirə biləcəyini deməyə əsas yaradır.
Xüsusən son vaxtlar AZAL və onun prezidentinin ciddi şəkildə mətbu və ictimai qınaq hədəfinə çevrildiyini nəzərə alsaq, AZAL-ın özəlləşdirilməsi ehtimalı daha yüksək qiymətləndirilir. Ekspertlərin əksəriyyəti Əsgərovun rəhbərlik etdiyi QSC-nin fəaliyyətindəki ciddi nöqsanların aradan qaldırılmasını AZAL-ın özəlləşdirilməsindən keçdiyi fikrində həmrəydirlər.
ARDNŞ isə son günlərdə iri məbləğdə borclanmalar səbəbindən mətbuatda və ictimaiyyət arasında müzakirə mövzusudur. Hesab edilir ki, Dövlət Neft Şirkətinini özəlləşdirilməsi bir o qədər ağlabatan təsir bağışlamasa da, bu qurumun tabeliyindəki əksər qurumların (məsələn, elə «Azəriqaz» İstehsalat Birliyinin, «Azərkimya» və s.-nin) özəlləşdirilməyə çıxarılması mümkün və zəruridir. Bu ARDNŞ-in və hökumətin yükünü azaltmaqla bərabər həmin sahələrdə inkişafın da önünü aça bilər.
Sənan Mirzə
Digər Xəbərlər
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05