Samir Şərifov məmur korpusunun qəniminə çevrilir
09:47 28-07-2015
İQTİSADİYYAT
Samir Şərifov məmur korpusunun qəniminə çevrilir
Maliyyə Nazirliyinin nəzarət tədbirləri vəzifəli şəxslərin yuxusunu qaçırır
Məlum olduğu kimi, ötən həftə Maliyyə Nazirliyi bu ilin 1-ci yarısında aparılmış maliyyə nəzarəti tədbirlərinin nəticələri barədə məlumat yayıb. Bu barədə Nazirliyin saytı xəbər verib.
Məlumatda bildirilib ki, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti risklərin qiymətləndirilməsinin nəticələrinə əsasən tərtib olunmuş iş planına uyğun olaraq 2015-ci ilin birinci yarısında Təhsil Nazirliyinin Aparatının saxlanılmasına, habelə Nazirliyin Əsaslı Tikinti və Təchizat İdarəsinə, Azərbaycan Texnologiya Universitetinə, 3 rayon üzrə təhsil şöbəsinə və 1 internata, Səhiyyə Nazirliyinin Qax Mərkəzi Rayon Xəstəxanasına, Gənclər və İdman Nazirliyinin Qobustan Rayon Gənclər və İdman İdarəsinə dövlət büdcəsindən ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsi, "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-də "Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri üzrə ikinci Layihə"nin 2011-2014-cü illərdə icrası vəziyyəti, habelə dövlət büdcəsinin Ağstafa rayonu üzrə yerli gəlir və xərclərinin tərtibi və icrası üzrə Maliyyə Nazirliyinin Ağstafa Rayonu üzrə Maliyyə İdarəsinin işlərini yoxlayıb.
Aparılmış yoxlamalar nəticəsində aşkar olunmuş nöqsanların aradan qaldırılması və belə nöqsanlara digər təşkilatlarda yol verilməsinin qarşısının alınması məqsədi ilə, habelə nöqsanlara yol verilməsində təqsiri olan vəzifəli şəxslər barəsində tədbirlər görülməsi üçün müvafiq yerli və mərkəzi icra hakimiyyəti orqanlarına məktublar göndərilmiş, Ağstafa Rayonu üzrə Maliyyə İdarəsinin rəisi işində yol verdiyi nöqsanlara görə tutduğu vəzifədən azad edilib.
Aşkar edilmiş nöqsanların xeyli hissəsi nəzarət tədbirlərinin gedişində aradan qaldırılmış, artıq və əsassız ödənişlərin əsas hissəsinin (3099,43 min manat) təqsirkar şəxslər tərəfindən büdcəyə bərpa edilməsi təmin edilib, rayon təhsil şöbələri üzrə faktiki olaraq fəaliyyət göstərməyən bir ümumtəhsil məktəbində tədrisin aparılması dayandırılıb, qanunvericiliyin tələblərinin pozulması ilə ümumtəhsil məktəblərində yaradılmış 23 sinif komplekti və məktəbdənkənar müəssisələrdə fəaliyyəti olmayan 113 dərnək və qrup, normadan artıq saxlanılmış 39,5 ştat vahidi ləğv edilib, işlə təmin olunduğu müəyyən edilmiş 78 nəfər məcburi köçkünə orta aylıq əməkhaqqının və 110 fənn kabinəsinə rəhbərliyə görə əlavə haqqın ödənilməsi dayandırılıb, orta aylıq əməkhaqqı aldıqları və faktiki olaraq işləmədikləri halda aylıq əməkhaqqı üzrə ödəniş dərəcələri artırılmış 176 nəfər pedaqoji işçinin dərəcələri əvvəlki səviyyəyə qaytarılıb, yenidən psixoloji-tibbi-pedoqoji komissiyadan keçirilməsi nəticəsində evdə təhsilə cəlb edilmiş şagirdlərin sayı 214 nəfər azaldılıb, normativ sənədlərin tələblərinə uyğun olmayan əsassız ödənişlərin davam etdirilməsi dayandırılıb, həmçinin Azərbaycan Texnologiya Universitetində və Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının Hacıbədəlli Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində aşkar olunmuş nöqsanların ciddiliyi nəzərə alınaraq həmin nəzarət obyektləri üzrə yoxlama materialları hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə Baş Prokurorluğa göndərilib.
Qeyd olunanlarla bərabər, nəzarət tədbirləri nəticəsində büdcə təşkilatlarında maliyyə qaydalarının pozulmasına yol vermiş vəzifəli şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 204-1-ci maddəsinə əsasən inzibati tənbeh tədbiri qismində cərimələr tətbiq edilib, ümumilikdə 428 nəfər vəzifəli şəxs 263,8 min manat məbləğində cərimə edilib və həmin cərimə məbləğlərinin dövlət büdcəsinə ödənilməsi təmin edilib.
Bununla yanaşı, əvvəlki dövrlərdə Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən büdcə təşkilatlarında aparılmış yoxlamalarla aşkar olunmuş artıq və əsassız ödənişlərin 21,85 min manatının dövlət büdcəsinə bərpası təmin edilib.
Göstərilənlərdən əlavə, Baş Prokurorluğun məktubları ilə Maliyyə Nazirliyinə göndərilmiş qərarlarda və həmin məktublarda göstərilən sahə və suallar Dövlət Maliyyə Nəzarəti Xidmətinin mütəxəssisləri tərəfindən yoxlanılıb və cəmi 450,21 min manat məbləğində mənimsəmə halları aşkar olunaraq yoxlama materialları müvafiq tədbirlər görülməsi üçün aidiyyəti üzrə Baş Prokurorluğa göndərilib.
Qeyd edək ki, Dövlət Maliyyə Nəzarəti Xidmətinin bu ilin ilk 6 ayında belə sərt tədbirlərə əl atması qurumun tabe olduğu Maliyyə Nazirliyinin rəhbəri Samir Şərifovun artıq tədricən vəzifəli şəxslər üçün "qorxulu röya"ya çevrildiyini göstərir. Bu gedişlə, Şərifov və onun nazirliyi qarşıdakı dövrdə daha çox məmurun "başını ağrıda" bilər.
Əslində Dövlət Maliyyə Nəzarəti Xidmətinin maliyyə nazirinin məmur korpusu üzərində ciddi basqı vasitəsinə çevriləcəyi əvvəlcədən proqnozlaşdırılırdı. Məlum hesabatdan da aydın görünür ki, bu proses artıq başlayıb. Bu isə Samir Şərifovun hökumət içərisində nüfuz və təsir dairəsini gücləndirməklə bərabər əks-effekt yarada biləcəyi də istisna olunmur.
Hesab edilir ki, adıçəkilən Xidmətin qəzəbinə düçar olan məmurlarda Samir Şərifovdan kəskin narazılıq da baş qaldıra bilər. Bu da maliyyə naziri ilə gizli ixtilafda olan iqtidariçi qrupların işinə yarayır. Onların nazirdən narazılıqlarını ustalıqla onun əleyhinə çevirmələri mümkündür. Belədə isə Samir Şərifovun oturduğu postda çətin günlər yaşaması realdır.
Ümumiyyətlə isə bir sıra ekspertlər Dövlət Maliyyə Nəzarəti Xidmətinin obyektivlik və şəffaflıq, eyni zamanda güzəştsizlik prinsiplərini unutmamaq şərti ilə öz fəaliyyətini gücləndirməsinə müsbət yanaşırlar. Onlar hesab edirlər ki, bu, müəyyən vəzifəli şəxslərin büdcə vəsaitlərini talan etməsi hallarını azaltmağa kömək edə bilər.
Xalid Rüstəmli
Digər Xəbərlər
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05