İranın qayıdışı
09:49 28-07-2015
İQTİSADİYYAT
İranın qayıdışı
Yaxın Şərqdə yeni düzən qurulur (?)
Vyanada əldə edilən razılaşmanın fonunda, mübaliğəsiz demək olar ki, İran əsgərləri bir qalib olaraq İraq, Suriya və Livanda addımlamaqda davam edir, Yəməndə mübarizə aparmaqdadırlar. Belə rəy yaranır ki, sanki Vyana razılaşmasının görünməyən tərəfi məhz Yaxın Şərqdə yeni düzənin qurulması və bu ölkələrin taleyi ilə bağlı olub, ABŞ sadəcə olaraq regionda baş vermiş və verən bir sıra hadisələrə göz yumur. Hər nə qədər bu çox səhifəli razılaşma ictimailəşsə də, onun gizli qalan tərəfi mütləqdir ki, var və bu tərəflər Yaxın Şərqdə yeni və qanlı olaylara təkan verəcək.
(əvvəli ötən sayımızda)
Bunun ən bariz nümunəsi - İraqdır. Bir neçə ay bundan əvvəl Obama adminstrasiyası Bağdadla (daha doğrusu, Tehranla) belə bir razılaşma əldə etdi: İŞİD-ə qarşı mübarizədə beynəlxalq koalisiyanın dəstəyinin müqabilində baş nazir Nuri əl-Maliki istefaya göndərildi və sünni icmanın da iştirakı ilə milli birlik hökuməti formalaşdı. Eyni zamanda sünni hərbi birləşmələrinə "təkfirçilərlə" döyüşlərdə iştirak etmək üçün icazə də verildi.
Düzdür, Tikritdə baş verənlərə diqqətlə nəzər yetirsək əslində mənzərə tamamən fərqli olacaq. Məsələn, şəhərin azad edilməsi əməliyyatına rəhbərliyi amerikalılar şiə "Şəhid Şaabi" dəstəsinə həvalə etdilər. Xatırladaq ki, bu dəstədə olan silahlıların sayı, İraq ordusunun sayından 2 dəfə artıqdır. İran KİV-i isə bu şəhərin alınmasında SEPAH birləşmələrinin və eləcə də "Əl-Qüds" qüvvələrinin komandanı Qasım Süleymaninin rolunu dəfələrlə vurğulayıblar və hətta yazıblar ki, Tikritin ardınca növbə Mosula çatacaq.
İranın əlindəki kartlar
Daha maraqlı mənzərə husilər tərəfindən ələ keçirilmiş Yəməndə yaranmaqdadır. Burada Qərb ümumiyyətlə müşahidəçi mövqe sərgiləməkdədir və müvəqqəti hökuməti formalaşdırmağa səy göstərən yerli siyasi elitaya heç bir dəstək vermir. Suriyadakı vəziyyət isə açıq şəkildə göstərir ki, ABŞ və Qərb artıq öz beynəlxalq öhdəliklərindən faktiki olaraq imtina ediblər və çoxdan bütün ipləri Əsəd rejiminin (əslində isə İranın) əlinə veriblər. Livan isə, artıq neçə illərdir ki, "Hizbullah"a məxsusdur...
Beləliklə, baş verən hadisələr onu göstərir ki, rəsmi Tehran oz siyasi nüfuzunu uğurla genişləndirməkdədir və razılaşmadan sonra "yeni müttəfiqlər" ona ərəb ölkələrindəki fəaliyyətinə bir legitimlik qazandıracaq. Deyəsən, bu, bir o qədər amerikalıları və qərbliləri narahat etmir. Lakin ərəblər barədə eyni fikirləri demək olmaz. Həm amerikalılar, həm də ərəblər yaxşı anlayırlar ki, yalnız hərbi əməliyyatlar və silahlı münaqişələr İranın regionda lider dövlət olaraq özünü təsdiq etməsinə və iradəsini qəbul etdirməyə kifayət etməyəcək. Bu ölkənin bölgədəki digər ölkələrlə soyuq savaşı onu sübut etdi ki, hərbi qüdrət siyasi uğurun təməli deyil. İranda əksik ola vacib məqam iqtisadi inkişafdır. Bu inkişafı isə Vyana razılaşması, Rusiya ilə iqtisadi müharibə vəziyyətində olan Avropa təmin edəcək...
İranın əlində olan digər maraqlı kart - Fələstindir. Bu dövlət artıq çoxdandır ki, həmin məqamdan istifadə etməkdədir. Ərəblərlə razılığa gəlmədən də İran, İsraillə mübarizədə ən başlıca mübariz ölkə funksiyasını üstlənməkdədir.
İraq və Əfqanıstan müharibəsində sonra, İran daha bir sahəyə diqqət ayırmağa başladı ki, onun bəhrələrini bu gün görməkdədir. Bu, ərəb və bölgə ölkələrində olan şiə hərəkat və partiyalarına maddi və mənəvi, lazım olduğu təqdirdə isə hərbi dəstək verməkdir. Həmin hərəkatlar bu dəstəyin nəticəsində artıq öz ölkələrinin deyil, İranın bir hissəsi olmaqdadırlar.
Vyana razılaşmasının
üç təsiri
Nəticə olaraq qeyd etməliyik ki, Vyana razılaşması Yaxın Şərqə ilk növbədə üç istiqamətdə ciddi təsirini göstərəcək:
1. Tehran və Ər-Riyad arasında münasibətlər daha da kəskinləşəcək. Ərəblər İranın bölgədə daha da güclənməsinə yol verməyəcəklər və bunun qarşısını almaq üçün bütün imkanlardan istifadə etməyə məcburdurlar. Ərəb baharından sonra geosiyasi təsirini kifayət qədər gücləndirməyə müvəffəq olmuş İran, Yəməndə ərəblərin ciddi müqaviməti ilə üzləşsə də, hələ oradan imtina etmiş deyil. Ətrafında İraq-Suriya-Livan zənciri formalaşdıran Tehran, Yəməni də ora əlavə etmək üçün mübarizəni davam edəcək. İran eyni zamanda Səudiyyə Ərəbistanı ilə neft bazarında da rəqabət aparmaq niyyətindədir. ABŞ və Avropanın məqsədli şəkildə bölgəyə təsirlərini azaltmaları isə həm siyasi, həm də ticari-iqtisadi rəqabətin daha da kəskinləşməsinə səbəb olacaq.
2. İran iqtisadiyyatının rəsmi açılışı. İran sıradan bir neft ölkəsi deyil. O, investorlara dayanıqlı və oturaq kapitala malik bazarı olan çoxşahəli iqtisadiyyat təklif edir. Əhali sayına görə İran, regionda ikinci yerdədir və müxtəlif sahələrə görə - turizm və loqistikadan tutmuş, farmaseptik sənaye və əmtəə istehsalına qədər - yatırımçılar üçün cəlbedici əhəmiyyətə malikdir. Bir sıra iqtisadi nəzəriyyəçilər İranın 420 milyardlıq iqtisadiyyatına ildə 8 faiz artm hesablayırlar. İran neft ehtiyatlarına görə dördüncü, qaza görə isə ikinci yeri tutur. Artıq bir neçə aydan sonra bu dövlət gündəik olaraq dünya bazarlarına 1 milyon barrel neft çıxaracaq. Vyana razılaşması eyni zamanda Avropa Bilriyi ölkələri ilə ticari əlaqələrin genişlənməsinə təkan verəcək. Keçən il bu ticari dövriyyə 8,3 milliard dollar təşkil edirdi. Lakin yaxın illərdə bu rəqəm 4 dəfə arta bilər.
3. İŞİD və digər radikal qruplaşmalarla mübarizə. İstər ABŞ, istərsə də Brüsseli narahat edən ən ümdə məsələlərdən biridir. ABŞ-a bölgədə bu qruplaşmalara zərbə endirəcək bir oyunçu lazımdır. Türkiyə, bildiyiniz kimi, proseslərə aktiv qoşulmaqdan imtina etdi və əsas kimi Əsəd rejiminin varlığını önə sürdü. İran isə əksinə, Əsəd rejiminə tam dəstək verməklə Suriyada İŞİD-ə qarşı mübarizəyə, qeyri-rəsmi olsa belə aktiv şəkildə qoşuldu. Diqqət edin: İran bölgədə mübarizəyə o zaman aktiv şəkildə qoşulur ki, ABŞ artıq hadisələrə əvvəlkitək birbaşa müdaxilə etmək gücündə və həvəsində deyil. Tehran "cihad"çı qruplaşmalarla mübarizəni gecləndirməklə həm Qərbin indilikdə maraqlarını öz regiondakı siyasi-ideoloji hədəfləri ilə uzlaşdıracaq. Bu isə onun bölgədəki nüfuzu və gücünün artmasına təkan verəcək. Nəticədə yeni və daha kəskin hal amış Ərəb-İran rəqabətinin şahidi olacağıq.
Və sonda:
Osmanlı imperatoru Sultan Süleyman Qanuninin qapılarına qədər gələrək fəth edə bilmədiyi Vyana, hər zaman Avropa, eləcə də dünya tarixində açar nöqtə olub. Bəlkə də bu şəhər özündə Avropanın xilaskarı missiyasını daşımaq özəlliyinə sahibdir, kim bilir. Avropa 200 il əvvəl Napaleon Bonapartın 16 illik iqtidarı dövründə köhnə qitəyə sırıdığı fransız barışına Vaterlooda nöqtə qoyarkən, məhz Vyanada yeni Avropanın təməlləri atılırdı. Avropanın 4 bir yanından toplanan diplomatlar tarixə I Vyana Konqresi olaraq keçəcək olan toplantıda yeni güc dəngələrinin çərçivələrini müəyyənləşdirməkdə idilər. 200 il sonra isə əvvəl Lozanda, ardınca isə Vyanada 2 ildən çox sürən müzakirələrin nəticəsində əldə olunan razılaşma, istər Yaxın Şərq, istərsə də bütün dünyada yeni geosiyasi proseslər üçün ilk səhifənin əvvəlinci sətirləri oldu. Bu razılaşma həm də bir son deyil, əksinə özü ilə birgə gətirəcəyi çətinliklərlə yeni bir başlanğıcın xəbərçisi olmaqdadır...
Vüqar Zifəroğlu
Digər Xəbərlər
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05