Parlament seçkiləri məmur korpusunu qorxuya salıb
11:18 30-07-2015
İQTİSADİYYAT
Parlament seçkiləri məmur korpusunu qorxuya salıb
Parlamentin tərkibində ciddi dəyişiklik gözlənilir; məmurlar MM-ə deputat salmaqda çətinlik çəkəcək
Bu ilin noyabrında keçirilməsi nəzərdə tutulan parlament seçkiləri ilə bağlı hərəkətlənmələr müşahidə olunmaqdadır. Artıq irili-xırdalı bütün siyasi qüvvələr ölkəmizin siyasi həyatında mühüm rol oynayacaq parlament seçkilərinə hazırlaşır. Etiraf edək ki, parlament seçkilərində hakim Yeni Azərbaycan Partiyasının mütləq qələbə çalacağı kimsədə şübhə doğurmur. Düzdür, hansısa müxalifət partiyası bir neçə nəfərlə parlamentdə təmsil oluna bilər və bu ehtimalı heç kim istisna etmir. Amma fakt faktlığında qalır ki, MM üzvlərinin mütləq əksəriyyəti YAP təmsilçiləri olacaq.
Görünür, elə bu səbəbdən də seçkilərlə bağlı ictimai diqqət müxalifət-iqtidar mübarizəsindən daha çox hakim partiyanın daxilində baş verəcək proseslərə yönəlib. Müxalifətin labüd məğlubiyyəti həmin qüvvələri siyasi rəqib kimi sıradan çıxartdığından əsas mübarizənin hakim partiya daxilində gedəcəyini proqnozlaşdırmaq mümkündür. Bununla bağlı "Unikal" qəzetinin özəl kanallarla əldə etdiyi informasiyalarda isə vurğulanır ki, bu baxımdan proseslər kifayət qədər maraqlı və gərgin olacaq.
Belə ki, artıq hakim Yeni Azərbaycan Partiyasında parlament seçkilərinə namizəd olacaq üzvlərin ilkin siyahısı hazırlanıb və bu heç də bəzi məmurların ürəyincə olmayıb. Onlar əvvəlki seçki təcrübələrində müşahidə edildiyi kimi bu il də özlərinə yaxın siyasətçilərin parlamentdə yer almasını istəsələr də onların bu istəyinə "yox" deyilib. Artıq YAP keyfiyyətcə yeni namizədlər korpusu üzərində işləyir ki, bu da parlamenti də inhisara almaq istəyən bəlli güclərin maraqları ilə ziddiyyət təşkil edir.
Məlumat üçün bildirək ki, elə sonuncu bələdiyyə seçkilərində də biz anoloji prosesin şahidi olduq və bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən və seçilənlər arasında kifayət qədər dəyişikliklər oldu. Təkcə bir faktı xatırladaq ki, seçilən 10 315 bələdiyyə üzvünün 30 faizdən çoxu yeni tərkibdə seçilib. Burada gənclər və qadınlar da üstünlük təşkil edib. Elə bu baxımdan da bələdiyyə seçkilərini YAP-ın parlament seçkilərinə "məşqi" kimi də nəzərdən keçirmək olar. Bütün bunları nəzərə alaraq formalaşacaq yeni parlamentdə əhəmiyyətli dəyişikliklərin olacağını iddia etmək olar.
Bunun təsdiqi kimi YAP-çı millət vəkili Siyavuş Novruzovun bu günlərdə mətbuata verdiyi açıqlamaya da diqqət yetirmək olar. S.Novruzov da qeyd edib ki, parlament seçkilərində dəyişikliklər olacaq: "Artıq Yeni Azərbaycan Partiyası tərəfindən araşdırmalar aparılıb, yəni bu araşdırmalar beş il ərzində aparılıb. Bu araşdırmaları bir neçə kateqoriyaya bölmək olar. Bu kateqoriyalara seçicilərlə işin təşkili, parlamentdəki fəaliyyət, beynəlxalq təşkilatlardakı fəaliyyət, ictimaiyyətlə əlaqələrin qurulması, qanunvericilik təşəbbüslərinin irəli sürülməsi və s. daxildir. Bütün bunlar tədqiq olunduqdan sonra kimlərin yenidən seçilmək şansının hansı səviyyədə olması, hansı dairədən, hansı kateqoriyadan olan namizədin irəli sürülməsinin daha effektli ola biləcəyi, hansının seçilmə şansının daha böyük ola biləcəyi müəyyənləşdiriləcək. Bu tədqiqatdan sonra müəyyən ediləcək ki, hansı dairədən seçilmiş namizəd artıq seçicinin etimadını doğrultmur və yaxud parlamentdəki təmsilçilik dövründə qanunvericilik təşşəbbüsü ilə, ayrı-ayrı məsələlərlə, dövlətçiliklə, dövlətin siyasətinin müdafiəsi ilə bağlı onun apardığı iş qənaətbəxş deyil. Bu halda artıq partiyanın rəhbər orqanları tərəfindən həmin namizədlərin əvəzlənməsi və kimlərin namizədliyinin həmin dairələrdən irəli sürülməsi ilə bağlı təkliflər irəli sürüləcək və bu təkliflər nəticəsində də namizədlər müəyyənləşəcək".
Göründüyü kimi, Siyavuş Novruzov YAP-ın seçki siyahısında ciddi "budamaların"olması haqqında anons verib və bunu heç də təsadüfi saymaq olmaz. Doğrudan da parlamentdə YAP-ı təmsil edən elə millət vəkilləri var ki, onların deputat kimi fəaliyyəti nə hakim partiyanı, nə də ki, seçicilərini razı salmayıb. YAP-ın isə bu seçkilərdə belələri ilə yollarını ayıracağı daha inandırıcıdır.
Bununla bağlı adının açıqlanmasını istəməyən yaşlı YAP-çı millət vəkillərindən biri "Unikal"a açıqlamasında bu gözləntilərin reallığını təsdiqləyib: "Artıq hansı millət vəkillərinin adlarının yenidən siyahıya salınmayacağı təxminən bəllidir. Builki seçkilərdə əsasən gənclərə üstünlük veriləcəyi haqda məlumatlarım var. Hətta yeni seçiləcək spikerin də gənc namizədlər arasından olacağı mümkün variantlardandır".
Orxan Həsənli
Digər Xəbərlər
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05