Ermənistanın Azərbaycana və dünyaya qarşı işlətdiyi "narkotik silahı"
10:31 05-08-2015
İQTİSADİYYAT
Ermənistanın Azərbaycana və dünyaya qarşı işlətdiyi "narkotik silahı"
İşğal olunmuş Dağlıq Qarabağ dünyada tranzit məkanına çevrilib; təhlükə böyüyür, dünya isə susqunluğunu pozmaq istəmir...
Dağlıq Qarabağ və ətraf rayonların Ermənistan tərəfindən işğal olunması təkcə Azərbaycan üçün problemlər yaratmır. İşğal olunmuş və uzun illərdir ki, faktiki olaraq nəzarətsiz qalan həmin ərazilərin narkotiklərin becərilməsi və narkotranzit bölgəyə çevrilməsi həm də dünya üçün ciddi başağrısına çevrilmişdir. Qeyd edək ki, bu gün nəzarətsiz zona olan Dağlıq Qarabağ həm də dünyada narkotik vasitələrin ən böyük tranzit məkanına çevrilib. Azərbaycan tərəfinin mövzuyla bağlı çoxsaylı bəyanatları və təqdim etdiyi faktlar isə təəssüf ki, hələ də beynəlxalq birlik tərəfindən qulaqardına vurulur. Bu isə hər gün böyüyən təhlükənin daha da qorxunc olmasını təmin etməkdədir.
Azərbaycan Xüsusi Xidmət Orqanlarının apardığı araşdırmalar, o cümlədən, əməlyyat xəbərlərinə görə, narkotacirlərin bu gün istifadə etdikləri ən təhlükəsiz marşrut məhz Ermənistan ərazisindən keçir. Bu marşrutlar Əfqanıstan-İran-Ermənistan-Rusiya, Qarabağ-İran-Azərbaycan-Rusiya, Qarabağ-Ermənistan-Rusiyadan ibarətdir. Əgər nəzərə alsaq ki, Ermənistan və separatçı Qarabağ rəhbərliyi narkotika ticarətini birbaşa himayə edirlər, onda bu marşrutların həqiqət olma ehtimalı daha böyükdür. Azərbaycanın rəsmi nümayəndələri də dəfələrlə Qarabağ ərazisinin narkotik vasitələrin əsas tranzit məkanı olduğunu bildiriblər.
Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin rəsmi bəyanatında deyilir: "Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ və digər 7 rayonun ərazisində – milli və beynəlxalq nəzarətdən kənar bu "boz zona"da narkotiklərin becərilməsi, emalı və daşınması təkcə Azərbaycan deyil, bəşəriyyət üçün təhdiddir."
Baş nazirin müavini Əli Həsənov bu məsələnin ciddiliyinə bir daha diqqət çəkir: "O ərazidə külli miqdarda narkotik işğal dövründə artıq 20 ildir əkilir, becərilir, satılır və həmin vəsait hesabına təbii ki, silahlar əldə olunur. Nəinki narkotik əkilir, becərilir, həm də həmin ərazi artıq narkomarşuruta çevrilib.Demək olar ki, Uzaq Şərqə qədər gedir çıxır, MDB ölkələrinə, Gürcüstana, Rusiyaya, Ermənistanın özünə də daşınır ordan. Bundan əlavə, nəinki narkotik, o ərazidə hətta terror qruplar formalaşdırılır. Təlim mərkəzi yaradılıb. Dünyanın bütün konflikt zonalarına həmin ərazidə hazırlanmış terror qrupları göndərilir".
Araşdırmalarımız zamanı məlum oldu ki, Ermənistan zabitləri və əsgərləri tərəfindən sifarişlər əsasında Dağlıq Qarabağda yetişdirilən narkotik vasitələr ilk olaraq İrana, oradan isə digər ölkələrə aparılır. Artıq bu ərazilər beynəlxalq narkotranzit ərazisinə də çevrilib. Qarabağdan keçən narkotik vasitələr Avropaya, hətta Uzaq Şərqə – Yaponiyaya daşınır. Dağlıq Qarabağda istehsal olunan narkotik maddələr keyfiyyətinə görə, Əfqanıstan istehsalı olan maddələrlə rəqabətə girməyə qadirdir.
Bu baxımdan maraqlı bir olaya diqqət edək. Bir neçə il öncə İran İslam Respublikasının vətəndaşı Pənahlı Xudam başda olmaqla, narkotik vasitələr daşıyan və satan cinayətkar dəstə aşkar edildi. Azərbaycan Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəməsində məsələyə baxılarkən, aydın olmuşdur ki, bu vasitələr ermənilər tərəfindən işğal edilmiş Dağlıq Qarabağ ərazilərindən İrana gətirilərək, oradan Azərbaycana keçirilmişdir. Pənahlı Xudam bildirmişdir ki, işğal edilmiş Qarabağ ərazisində məskunlaşmış əfqanlar ermənilərlə birlikdə orada narkotik xassəli bitkiləri əkib becərərək, onlardan narkotik vasitələr istehsal edirlər və bu maddələr təkcə Azərbaycana deyil, başqa ölkələrə də göndərilir (Mənbə: N.Hacıyev "Dağlıq Qarabağ tarixindən sənədlər" kitabından)
Politoloq Rövşən Novruzoğlu yazır ki, işğal olunmuş ərazilərimizdə – Dağlıq Qarabağ torpaqlarında narkoplantasiya sahibi olan "Bubi" beynəlxalq narkoticarət qrupunu ABŞ-ın Florida ştatında geniş hərbi düşərgələrə malik, bilavasitə erməni narkobaronları yaradıblar.
Oğuz Müstəqil Araşdırmaçılar Qrupunun eksperti Anar Turanın araşdırmasına görə, WikiLeaksin narkoticarətlə bağlı yaydığı məlumatlarda işğal altında olan Azərbaycan torpaqları daxil olmaqla Ermənistan ərazisinin narkotik maddələrin daşınmasının əsas platformasına çevrildiyi qeyd olunurdu. Saytın ABŞ diplomatlarının Dövlət Departamentinə göndərdiyi hesabatlarına əsaslanan məlumatında o da vurğulanırdı ki, həmin narkotika alverindən Ermənistanın hazırkı hakimiyyətində təmsil olunan məmurlarla yanaşı, müxalifətdə dayanan eks-prezident Levon Ter-Petrosyanın da payı var. Ermənistanın güc strukturlarının da birbaşa narkobizneslə məşğul olduğu və qazancın xeyli hissəsinin silah-sursat alqısında istifadə olunduğu inkarolunmaz həqiqətdir.
Ermənistan DİN-in nəzdində yaradılan "MAK" qrupu Dağlıq Qarabağda apardığı əməliyyat zamanı 5 ton narkotik bitkilər müsadirə etdiyini və guya bununla bağlı məsələlərə son qoyduğu barədə açıqlamasına baxmayaq, ekspertlər hesab edirlər ki, bunlar aldadıcı manevrlərdir. Elə müsadirə olunan bitkilərin "MAK" qrupu tərəfindən satışa çıxarıldığı barədə erməni müxalifət mediası özü yazır.
Azərbaycanın həyata keçirdiyi məntiqli xarici siyasət nəticəsində artıq dünyanın nüfuzlu təşkilatları Ermənistanı işğalçı dövlət kimi tanıyır və işğal altında olan ərazilərdən narkotik maddələrin daşınmasında tranzit kimi istifadə olunduğunu bilir. Artıq ABŞ Dövlət Departamenti də faktı qəbul edir. Dövlət Departamentinin ötən illərdəki hesabatlarının birində bu fakt öz əksini tapıb. "Narkotiklərə Nəzarət Strategiyası 2010A" adlı illik hesabatda bildirilirdi ki, Azərbaycan Əfqanıstandan və Orta Asiyadan, həmçinin də İrandan Rusiya və Avropaya narkotik daşınan yolun üzərində yerləşir. Hesabata görə, Əfqanıstanda istehsal edilmiş narkotik maddələr Azərbaycana əsasən üç yolla keçirilir: Orta Asiyadan Xəzər dənizi ilə, İrandan birbaşa və işğal edilmiş zonada nəzarət edilməyən ərazilərdən. İran yolu ilə narkotiklərin 95 faizi daşınır. Buradan Azərbaycana, oradan da Rusiyaya keçirilən narkotiklər sonra da Avropaya ötürülür. Türkiyənin İranla sərhədə nəzarəti gücləndirməsi də narkotacirləri Azərbaycan istiqamətinə yönəldib.
Orxan
Digər Xəbərlər
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05