Kremlin imperalizmi və içimizdəki denikinlər
10:32 05-08-2015
İQTİSADİYYAT
Rusiya Azərbaycana qarşı imperialist meyllərini yenidən gündəmə daşıyıb. Bunun üçün də davamlı təzyiq rıçaqları yaradır. Rusiya hər seçkidə Azərbaycanı, onun iqtidarını hədələməkdən, rəsmi Bakı ətrafında gərginlik yaratmaq kursundan birdəfəlik imtina etməyib. Bu ölkənin diplomatından politoloquna, hərbçisindən Azərbaycan əsilli oliqarxına qədər lazım olanda bir komanda ilə hamı mətbəxə çağırılır... Putin hakimiyyəti dövründə formalaşmış, Medvedyevin prezidentliyi dövründə unudulmuş "Aqressiv Rusiya" imici yenidən geri qayıdır və hədəfdə olan ölkələrdən biri də Azərbaycandır.
Ötən prezident seçkilərində hazırlanan məkrli planlar hələ də yaddan çıxmayıb. Rüstəm İbrahimbəyov və Rusiyada yaşayan oliqarxlar vasitəsilə müstəqil dövlətimizə qarşı tələlər hazırlanmışdı. Zaman Azərbaycan dövlətini bu sınaqdan da üzüağ çıxardı və geridə qalan imperalizm fiaskosu, Azərbaycana xəyanət edənlərin siyasi meyitləridir. İndi isə yeni planlar işə salınıb. "Yeni elan olunan "Avrasiya hərəkatı" ilə "Milyarderlər İttifaqı"nın ssenarisi eyni mərkəzdə – Moskvada yazılsa da, aralarındakı fərq ciddidir. RATİ daha çox ictimai-siyasi proseslərə təsir etməklə Azərbaycanı Rusiyanın təsir dairəsinə qaytarmağa can atırdısa, "Avrasiya hərəkatı" adı altında yaradılan yeni təşkilatın hərbi-siyasi üsullarla buna nail olmağa çalışacağını istisna etmək mümkün deyil. "Milyarderlər İttifaqı"nın rəhbərləri biznes adamları idisə, "Avrasiya hərəkatı" adı altında yaradılan yeni təşkilatın rəhbərləri Rusiya güc strukturlarında çalışmış, birbaşa Rusiya hərbi-siyasi hakimiyyətinə bağlı şəxslərdir.
Azərbaycan əsilli bir qrup "rütbəli xainlər"in günün birində bir araya gəlib təşkilat təsis etməsi də Rusiyanın "tədbirli davranışının" nəticəsinə daha çox oxşayır. Rusiyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları arasında və ya bu qurumların daxilində mətbuat səhifələrini hər gün zəbt edən, qarşılıqlı ittihamlarla zəngin olan bir qarşıdurma xatırlamaq olmur. Lakin günün birində Azərbaycan əsilli, məhz kremlin verdiyi paqonları daşıyan və Rusiyanın müxtəlif zamanlarda "gözünü qorxutduğu", "qılıncının tərs üzünü göstərib çəkdiyi" oliqarxlar bir masa arxasında toplaşıb yeni ittifaq yaratdıqlarını bəyan edirlər. İctimai rəydə dərhal "Avrasiya Hərəkatı " bir çox suallar doğurub və təəssüf ki, təşkilatçılar bu suallara cavab verməkdən ən müxtəlif üsullarla yayınırlar.
Bəs "Soyuq müharibə" necə bitəcək? Səbəblər yalnız Rusiyanın postsovet məkanında müstəqil siyasət yürüdən son ölkə olan Azərbaycanı öz təsir dairəsinə salmaq, Qərbi bölgədən tamamilə sıxışdırıb çıxarmaqdır, bölgədə hərbi və siyasi iddialarını möhkəmlətməkdir, yoxsa başqa səbəblər də var? Bunu proseslərin gedişi göstərəcək, lakin Rusiya-Azərbaycan münasibətlərindəki gərginlik təkcə bu amillərlə bağlı deyil. Rusiya ən azı sabiq SSRİ məkanında öz nüfuz dairəsini tam bərpa etmək istəyir, çünki "ərəb baharı"ndan sonra Kreml Afrika və Asiyadakı mövqelərini bir-bir itirməkdədir. Moskvanın hələlik revanş götürə biləcəyi və Qərbə böyük zərbə vura biləcəyi yeganə məkan Azərbaycan görünür. Çünki...
...Azərbaycan Avropanın Rusiyadan enerji asılılığını aradan qaldıra biləcək yeganə ölkədir. Qərb hazırda Azərbaycanı məhz bu nöqteyi-nəzərdən dəyərləndirir və verilən ən müxtəlif səviyyəli bəyanatların ana xəttini bu fikir təşkil edir. Azərbaycanın enerji siyasəti də bu xəttə köklənib, gerçəkləşdirilən ən müxtəlif enerji layihələrinin əsas məqsədi Xəzərin karbohidrogen ehtiyatlarını Avropa bazarına çıxarmaqdır. Uğurlu siyasətdir, lakin bu, həm də Rusiyanı Avropa üzərində mühüm təzyiq vasitəsindən məhrum etməkdir. Dünyada həmişə münaqişələrin əsas səbəbi enerji mənbələrinə nəzarət olub, Rusiya - Azərbaycan münasibətlərində yaranmış və hələ uzun müddət davam edəcək kimi görünən gərginliyin əsas səbəblərindən biri və bəlkə də birincisi məhz budur...
Elvin Rüstəmov
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53