Şahmar Mövsümov yenidən hədəfdə
10:46 08-08-2015
İQTİSADİYYAT
Şahmar Mövsümov yenidən hədəfdə
Dövlət Neft Fondunun 50 milyonluq itkisi mübahisələrə yol açdı
Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov yeni tənqidlərin hədəfinə çevrilib. Buna səbəb ARDNF-in Moskvada aldığı əmlakdır.
Məsələ burasındadır ki, 2014-cü ilin dekabr ayına olan vəsaitlərin strateji bölgüsünə əsasən Dövlət Neft Fondunun investisiya portfelinin 87,5%-i sabit gəlirli qiymətli kağızlar və pul bazarı alətlərindən, 6,5%, 2,9%, 3,1%-i isə müvafiq olaraq səhmlər, qızıl və daşınmaz əmlak investisiyalarından ibarətdir. Ötən il ARDNF-nin vəsaitlərin idarə olunmasından əldə edilən gəlirləri 493,7 milyon dollar təşkil edib və nəticədə ümumi investisiya portfelinin gəlirliliyi 1,52 faiz olub.
Amma bu ilin 6 ayında müvafiq göstərici 1,33 faizə qədər azalıb. Bunun başlıca səbəblərindən biri də Dövlət Neft Fondunun daşınmaz əmlaka (bu portfel London şəhərinin Seynt Ceyms 78, Paris şəhərinin Vandom meydanı 8, Moskva şəhərinin Tverskaya 16 və Seul şəhərinin Ecuro 203 ünvanında yerləşən 4 aktivdən ibarətdir) yönələn investisiyalarından əldə edilən gəlirlərin aşağı düşməsidir. Belə ki, Neft Fondu tərəfindən 2012-ci ildə 133 milyon ABŞ dollarına alınan Moskva şəhərinin Tverskaya 16 ünvanında yerləşən "Qalereya Aktyor" ofis ticarət mərkəzinin dəyərini ötən ilin sonunda müstəqil qiymətləndirmə şirkətləri 5 milyard 687 milyon rubl qiymətləndirib ki, bu da hazırkı məzənnə ilə 88,6 milyon ABŞ dollarına bərabərdir. Yalnız Moskvadakı əmlakın dəyərsizləşməsindən olan itkinin məbləği 44 milyon ABŞ dollarını ötüb.
Məsələ ilə bağlı özünün facebook sosial şəbəkəsində yazan tanınmış iqtisadçı-ekspert Qubad İbadoğlu maraqlı məqamlara toxunub. O bildirib: "Dəfələrlə Rusiya bazarında investisiya qoyuluşlarının riskinin yüksək olduğunu qeyd edib, Fondu ordakı vəsaitlərini geri çəkməyə çağırsaq da təəssüf ki, buna hələ də əməl edilmir. Beləliklə də, Dövlət Neft Fondunun həmin bazarda itkiləri getdikcə artır. Bu il ərzində ARDNF-nin Rusiya bazarındakı əməliyyatlardan itkilərinin səviyyəsi daha yüksək olacağı gözlənilir. Son məlumatlara görə, Moskvada icarə qiymətləri ilin əvvəlindən 10-15 faiz ucuzlaşıb və bu tendensiya il ərzində davam edəcək".
Bir sözlə, ARDNF-nin Moskvada aldığı ofis ticarət mərkəzi ilə bağlı itkilərinin məbləğinin çoxalması istisna olunmamalıdır.
3 il bundan qabaq 133 milyon dollara alınan "Qalereya Aktyor" ofis ticarət mərkəzinin hazırkı qiymətinin 88,6 milyon dollara düşməsi və ortada təxminən 50 milyon dollarlıq itkinin yaranması isə qarşıdakı günlərdə ARDNF-nin icraçı direktoru Şahmar Mövsümovun ünvanına tənqidlərin daha da güclənməsinə gətirib çıxaracaq. Söhbət ondan gedir ki, bir sıra müstəqil ekspertlərin Rusiya bazarında investisiya qoyuluşlarının riskinin yüksək olduğunu qeyd edib, Dövlət Neft Fondunu oradakı vəsaitlərini geri çəkməyə çağırmasına baxmayaraq, belə çağırışların ARDNF tərəfindən reaksiyasız buraxılması sırf Mövsümovun ayağına yazılmalıdır. Çünki icraçı direktor olaraq o, ölkənin nüfuzlu iqtisadçılarının uzun müddət əvvəldən gördüyü və haqqında xəbərdarlıq etdiyi təhlükəni görməli, rəhbərlik etdiyi Fondun vəsaitlərini risk altında buraxmamalı idi.
Onu da deyək ki, ARDNF Moskvadakı sözügedən əmlakı alarkən bu birmənalı qarşılanmamışdı. Hələ o vaxt bu yöndə ilk və rəsmi olmayan məlumatlar yayılarkən - daha dəqiq desək, 2012-ci ilin sonlarında, - millət vəkili, iqtisadçı Vahid Əhmədov aznews.az-a bildirmişdi ki, Dövlət Neft Fondunun vəsaitinin hansı istiqamətlərə xərclənməsi ilə bağlı prezidentin təsdiqlədiyi Əsasnamə var və ona uyğun olaraq da fəaliyyət göstərilməlidir: "Fondun vəsaitinin xərclənmə istiqamətləri barədə dövlət başçısının Əsasnaməsi var. Həmin Əsasnamədə vəsaitin xərclənmə bəndləri göstərilib. O sahələrə də vəsait xərclənə bilər".
Deputat onu da əlavə etmişdi ki, Dövlət Neft Fondunun vəsaiti hesabına xaricdə hansısa daşınmaz əmlak alınması nəzərdə tutulmayıb: "Əsasnamədə göstərilməyib ki, Dövlət Neft Fondunun vəsaiti hesabına xaricdə hansısa daşınmaz əmlak alına bilər. İndi bu haradan çıxıb, mən bilmirəm. Xaricdən yalnız Dövlət Neft Fondunun vəsaiti hesabına qızıl alınır ki, bu da dövlətin ehtiyatını artırmaq üçündür".
Göründüyü kimi, Şahmar Mövsümovun icraçı direktoru olduğu ARDNF-nin "xaricdə əmlak" siyasəti artıq ilkin neqativ nəticələrini doğurmağa başlayıb. Bu da qarşıdakı günlərdə sözügedən mövzu ətrafında müzakirə və mübahisələrə təkan verəcək.
Onu da deyək ki, iqtisadçı ekspertləri Dövlət Neft Fondunun xaricdə əmlak sahib olması məsələsində narahat edən daha bir önəmli məqam həmin əmlakların alınması zamanı şəffaflıq prinsiplərinə nə qədər əməl edilib-edilmədiyidir.
Sənan Mirzə
Digər Xəbərlər
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05