Radikal müxalifətin Qərbdən ümidsiz çarə axtarışları
10:49 08-08-2015
İQTİSADİYYAT
Radikal müxalifətin Qərbdən ümidsiz çarə axtarışları
İflasa uğrayan və ictimai dəstəkdən tam məhrum olan ənənəvi müxalifət "reanimasiyada"
Bu ilin noyabrında Azərbaycanda parlament seçkiləri keçiriləcək. Amma builki seçkiləri əvvəlkilərlə əhəmiyyətli şəkildə fərqləndirən bir sıra əlamətlər var ki, bu yazının mövzusu da məhz həmin əlamətlərdir.
İlkin olaraq qeyd olunmalıdır ki, artıq siyasi stabillik və iqtisadi inkişafın bərqərar olduğu Azərbaycanda hakim qüvvəyə alternativ olan güclərin mövcudiyyətinə belə ciddi təhlükə yaranıb. Belə ki, daxili ictimai dəstəyi tam olaraq qazanan Azərbaycan hakimiyyətinin bu seçkilərdə labüd qələbə qazanacağı qaçılmaz görünür. Eyni zamanda proseslər ənənəvi müxalifətçilik düşüncəsinin tam olaraq iflasa uğraması ilə müşahidə olunur.
Daxili auditoriyada mənfi reputasiyaya malik olan, əvvəlki azsaylı ictimai dəstəkdən belə məhrum olan radikalların bu çarəsizliyi isə onları digər istiqamətdə fəallaşdırıb. Heç kimə sirr deyil ki,Azərbaycan müxalifəti, xüsusən də bu düşərgənin radikal kəsimi ölkə ictimaiyyətinin dəstəyindən məhrumdur. Məhz bu səbəbdən müxalifət indiyə kimi Azərbaycanda keçirilən bütün seçkilərdə biabırçı şəkildə məğlub olub. Bu fakt bir daha təsdiq edir ki, müxalifətin ölkə daxilində heç bir qüvvəsi, təsir mexanizmi, nüfuzu, sosial bazası yoxdur. Ona görə də sözügedən düşərgənin liderləri çarəni Azərbaycanın sərhədlərindən, xaricdə axtarmağa başlayıblar. Bunun üçün xarici ölkələrlə, o cümlədən ABŞ, Böyük Britaniya, Almaniya, Rusiya kimi güclü dövlətlərlə, hətta ermənipərəst dairələrlə də hər cür əməkdaşlığa, gizli sövdələşmələrə can atıblar. Ancaq Azərbaycan reallıqlarını olduğu kimi görən inkişaf etmiş dövlətlər, həmçinin onların yüksək səviyyəli rəsmiləri Cənubi Qafqazın lider ölkəsi, onun hakimiyyəti ilə əməkdaşlığa daha çox üstünlük veriblər.
Radikal müxalifət isə bu yolda onlar üçün sadəcə, maşa funksiyasını daşıyıb. Belə bir qənaətə gəlmək üçün Qərb dövlətlərini təmsil edən rəsmilərin son illərdə Azərbaycana səfərlərini, müxalifətə əhəmiyyət vermədən, yalnız vətəndaş cəmiyyətinin təmsilçiləri ilə görüşlər keçirmələrini və sairi göstərmək olar.
Hələ bir neçə il öncə "ərəb baharı"ndan həvəsə gələrək, Azərbaycanda "inqilab" etmək istəyini hər addımında ortaya qoyan radikal müxalifət ABŞ dövlət katibi Hillari Klintonun və Avropa İttifaqının prezidenti Herman van Rompeyin ölkəmizə gələrək onlara dəstək göstərəcəyini düşünürdülər. Amma xanım Klinton və Rompey nəinki radikal müxalifətlə görüşmədi, hətta onların adlarını belə çəkmədi. Bu faktı unudan radikal müxalifət az keçmədən ümidlərini Ukraynada "Maydan" hadisələrinə özünəməxsus formada dəstək nümayiş etdirən, hətta etirazçı kütləyə şəxsən kökə paylayan ABŞ dövlət katibinin köməkçisi Viktoriya Nulanda dikdi. Lakin ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi V.Nuland bu ilin əvvəlində Bakıya səfər edərkən Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda oldu. Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə inkişafından razılıq ifadə olundu, Azərbaycan-ABŞ əməkdaşlığı yüksək qiymətləndirildi. Rəsmi görüşlərdən sonra, "Azərbaycanda inqilabdan söhbət gedə bilməz", - deyə açıqlama verən V.Nuland AXCP-nin, Müsavatın, Leyla Yunus, Xədicə İsmayıl kimilərinin "arzularını" birdəfəlik dəfn etdi.
Bu günlərdə Cənubi Qafqaz ölkələrində səfərdə olan Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun Azərbaycana gəlməsi, Prezident İlham Əliyevlə görüşməsi və birgə mətbuat konfransı keçirməsi, həmçinin orada səsləndirilən fikirlər isə radikal müxalifəti bir daha məyus etdi. Bununla bərabər, bu görüşdən sonra Aİ Şurasının prezidenti Azərbaycanda vətəndaş cəmiyyətinin nümayəndələri ilə bir araya gələrək, müxtəlif məsələləri müzakirə etdi. Məlumata görə, tədbirdə hakimiyyətlə konstruktiv əməkdaşlıq edən QHT rəhbərləri iştirak ediblər. Amma D.Tusk AXCP sədri Əli Kərimli, Milli Şuranın sədri Cəmil Həsənli, Müsavat başqanı Arif Hacılı, həmçinin Müsavatın keçmiş sədri İsa Qəmbərlə görüşmək istəmədi. Halbuki Cənubi Qafqaz ölkələrində səfərdə olan D.Tusk iyulun 20-də Ermənistan rəsmiləri ilə yanaşı, bu ölkənin müxalifət liderləri ilə də görüş keçirmişdi. Bununla bağlı Twitter səhifəsində məlumat verən D.Tusk Ermənistan müxalifətinin güclü və məsuliyyətli olduğuna da işarə vurmuşdu. Bütün bu faktlar Azərbaycandakı radikal müxalifətin ölkə daxilində olduğu kimi, xaricdə də hörmətsizliyinin, ciddi siyasi qüvvə kimi qəbul edilməməsinin göstəricisidir.
Elvin Rüstəmov
Digər Xəbərlər
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05