Prezident jurnalistin ölümünün istintaqını nəzarətə götürdü
09:12 11-08-2015
İQTİSADİYYAT
Prezident jurnalistin ölümünün istintaqını nəzarətə götürdü
İlham Əliyev Baş Prokurorluq və Daxili İşlər Nazirliyinə məsələnin qısa müddətdə,tam təfsilatı ilə araşdırlması, cinayətkarların tapılması və məsuliyyətə cəlb edilməsi ilə bağlı tapşırıqlar verib
Məlum olduğu kimi, avqustun 8-də saat 18 radələrində jurnalist Rasim Əliyev bir qrup naməlum şəxs tərəfindən döyülüb. Bir gün sonra isə R.Əliyev aldığı xəsarətlərdən xəstəxanada düynasını dəyişib.
Rəsmi məlumatlara görə, Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Əliyev Rasim Məmmədəli oğlu Səbail rayonu, Bayıl qəsəbəsi ərazisində fəaliyyət göstərən "Bayıl market" mağazasının qarşısında bir qrup naməlum şəxslər tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və aldığı xəsarətlərdən avqustun 9-da saat 05 radələrində orada vəfat edib.
Faktla bağlı Bakı şəhər prokurorluğunun İstintaq idarəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, şəhər prokurorluğu və şəhər Baş Polis İdarəsinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb. Jurnalist Rasim Əliyev xəstəxanada verdiyi müsahibədə "Qəbələ" klubunun futbolçusu Cavid Hüseynovun qohumları tərəfindən döyüldüyünü bildirib.
Prezidentdən operativ reaksiya və tapşırıq
"Prezident İlham Əliyev avqustun 8-də Ann.az saytının əməkdaşı Rasim Əliyevin döyülməsi və fiziki xəsarət alaraq dünyasını dəyişməsi barədə məlumatdan ciddi narahat olub". Bunu Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib. Onun sözlərinə görə, Azərbaycan prezidenti bu faktı ölkədə söz və məlumat azadlığına, kütləvi informasiya vasitələrinin müstəqil fəaliyyətinə təhlükə və təhdid kimi qiymətləndirərək qeyd edib ki, demokratik prinsiplərin mühüm tərkib hissəsi olan KİV azadlığının təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi və prioritet vəzifələrindən biridir: "Bu prinsipin pozulması dövlətin maraqlarına və həyata keçirilən siyasətin mahiyyətinə tamamilə ziddir və yolverilməzdir". Ə. Həsənov bildirib ki, prezident İlham Əliyev hadisə barədə xəbər tutan kimi Azərbaycan Respublikasının Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinə məsələnin qısa müddətdə, tam təfsilatı ilə araşdırlması, cinayətkarların tapılması və məsuliyyətə cəlb edilməsi, habelə hadisənin baş vermə səbəbləri, istintaqın gedişi haqqında dövlət başçısının və ictimaiyyətin müntəzəm qaydada məlumatlandırılması ilə bağlı tapşırıqlar verib: "Azərbaycan prezidenti məsələni şəxsi nəzarətində saxlayacağını və cinayətkarların tapılaraq qanuna uyğun şəkildə cəzalandırılacağını diqqətə çatdırıb. Cənab prezident bundan sonra da Azərbaycanda fundamental insan hüquq və azadlıqlarının, həmçinin söz və məlumat azadlığının, kütləvi informasiya vasitələrinin müstəqilliyinin və xüsusilə jurnalist fəaliyyətinin təhlükəsizliyinin təmin olunması üçün zəruri tədbirlərin şəxsi nəzarəti altında davam etdiriləcəyini bildirib".
Həkimlərin rəyi
açıqlandı,
izahatlar verildi
Bakıda bir qrup şəxs tərəfindən döyülərək ağır bədən xəsarətləri alan və 1 saylı Kliniki Tibbi Mərkəzdə dünyasını dəyişən jurnalist Rasim Əliyevin ölüm səbəbləri açıqlanıb. Jurnalist Rasim Əliyevi əməliyyat edən professor Saday Əliyev bildirib ki, R.Əliyev klinikaya avqustun 8-də saat 18:45-də daxil olub: "Xəstə təcili yardım maşınının həkimlərinə deyib ki, onu döyüblər. Başına, qarnına, döş qəfəsinə, sinəsinə, qabırğasına ağır zərbələr endiriblər.
Xəstə klinikaya daxil olan kimi bütün müayinələrdən keçib. Bura laborator, rentgen, ultrasəs müayinəsi daxildir. Eyni zamanda başı, burnu, yəni baş hissəsinə aid olan bütün travmatoloji müayinələr aparılıb. Həmin an üçün təcili əməliyyatlıq bir şey tapılmadı. Yalnız rentgen müayinəsi ilə iki qabırğanın sınığına rast gəldik. Xəstəyə bildirdik ki, o, müalicəsini xəstəxana şəraitində davam etdirməlidir. Xəstə bunun səbəbini soruşanda, başa saldıq ki, sənin bədən nahiyəndə çoxlu zədələr var, hər hansı ciddi fəsadların çıxa bilmə ehtimalı var. Anası da söhbətimizin üstünə gəldi, o, təkid etdikdən sonra xəstə klinikada qalmağa razılıq verdi. Onu nəzarətdə saxlamaq üçün şöbəyə yatırtdıq. Çünki adətən müayinə zamanı bir şey aşkar olunmadıqda, xəstəni nəzarətdə saxlayırıq ki, əvvəl etdiyimiz müayinələri yenidən təkrar edək.
Bir müddət sonra tibb bacısı xəstənin vəziyyətinin ağırlaşması barədə məlumat verdi. Müayinədən sonra onu təcili əməliyyata aldıq. Əməliyyat həmin gün saat 20:00 radələrində olub. Əməliyyat zamanı onun dalağının dağılması müşahidə olundu, mədəaltı vəzinin quyruğu da partlamışdı, qarnında litr yarımdan çox qan var idi. Mümkün olan qədər qanın müəyyən hissəsini köçürə bildik, hətta əlavə qan da köçürtdük. Həmin zaman xəstənin qan təzyiqi düzəldi, lakin əməliyyatın sonunda onun tənəffüsündə müəyyən problemlər yarandı . Eyni zamanda, nəfəs çatışmazlığı problemi də ortaya çıxdı. Hər iki döş qəfəsinin sınması və ağciyərlərinin əzilməsi ilə əlaqədar döş qəfəsinin boşluğuna trubkalar saldıq, bu zaman bir tərəfdən 150 qram qan gəldi, digər tərəfdən isə qan yox, hava gəldi. Sonradan bu da kəsildi, nə qan, nə də hava gəldi. Bunun ardınca onda ağciyərlər və döş qəfəsinin zədələnib-əzilməsi səbəbindən oksigen çatışmazlığı baş verdi. Bundan sonra xəstəyə reanimasiya şöbəsində süni tənəffüs aparatı qoşuldu. Həmin zaman onun tənəffüsü idarə olundu. Buna baxmayaraq, sonda tənəffüs funksiyası dayandı. Bununla da xəstə dünyasını dəyişdi. Bu məsələdə heç bir həkim səhlənkarlığından söhbət gedə bilməz. Belə xəsarətlər zamanı xəstəyə lazım olan bütün taktikadan istifadə etdik. Bu barədə bizim təcrübəmiz kifayət qədərdir. Çünki həftədə bir neçə dəfə bu tip xəstələri qəbul edib, əməliyyat edirik, onların arasında həm ölən, həm də sağ qalan da olur. Müstəntiqlər bizdən izahat alıb. Morqdan verilən izahatla bizim diaqnoza uyğun gəlib. Yəni, biz diaqnostik səhvə yol verməmişik".
Səhiyyə Nazirliyindən rəsmi açıqlama
Səhiyyə Nazirliyindən məlumat veriblər ki, dünyasını dəyişən jurnalist Rasim Əliyevin ölüm səbəbləri yalnız iki-üç gündən sonra dəqiq bəlli olacaq. Nazirlikdən deyiblər ki, Rasim Əliyevin ölümünün səbəbləri Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin mütəxəssisləri tərəfindən araşdırılır. Nazirlik nəticələrdən sonra həkimin səhlənkarlığının olub-olmadığına qərar verəcək: "Nəticələr ictimaiyyətə açıqlanacaq. Hadisə nazirliyin nəzarətindədir".
1 saylı Kliniki Tibbi Mərkəzin baş həkimin müavini Adil Salahov isə virtualaz.org saytına deyib ki, xəstə daxil olarkən tam və hərtərəfli müayinə olub: "Ekspertizanın nəticələrini gözləyirik. Nəticələr isə bir neçə gündən sonra bəlli olcaq. Amma ilkin nəticələrə görə, ölümə səbəb dalağın və ağciyərin zədələnməsi olub. Jurnalistin sağ və sol qabırğaları qırılmışdı. İlkin müayinələrdə daxili qanaxma, dalağın zədələnməsi görünməyib. Tibbdə buna ikincili partlama deyilir, daxilə qan yığılıb. Bu hal mümkündür. Xəstə təkrar müayinələrdən sonra əməliyyata götürülüb. Cərrahiyyə əməliyyatını isə hər hansı bir təsadüfi həkim deyil, təcrübəli professor edir. Xəstənin ölümündə həkim səhlənkarlığı yoxdur".
Baş həkimin müavini xəstənin reanimasiyaya köçürülməməsini də izah edib: "İlkin analizlərin nəticələrində vəziyyət qənaətbəxş olub. Buna görə də xəstə nəzarətdə saxlanılıb. Ona sistem köçürülüb".
Həbs olunanlar var
Jurnalist Rasim Əliyevin qətlə ilə bağlı bir neçə nəfər şübhəli şəxs qismində saxlanılıb. Bu barədə hüquq-mühafizə orqanlarından bildirilib. Məlumatda qeyd olunur ki, hadisədə şübhəli bilinərək saxlanılan şəxslərin barəsində bu gün məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçiləcək. Saxlanılan şəxslərin arasında futbolçu Cavid Hüseynovun bibisioğlu Elşən İsmayılov da var. Saxlanılan digər şəxslərin kimliyi istintaq sirri olduğu üçün açıqlanmır.
Hüquq-mühafizə orqanlarından APA-ya həmçinin bildirilib ki, hadisənin baş verdiyi ərazidəki təhlükəsizlik kameralarının görüntüləri istintaqa təqdim olunub. Bundan başqa, R. Əliyevin mobil telefonuna edilən zənglər araşdırılıb və hadisə şahidlərinin, mərhumun yaxınlarının, onun müayinəsini aparan həkimlərin izahatı alınıb. Yaxın saatlardaBaş Prokurorluq və Daxili İşlər Nazirliyi hadisə ilə bağlı rəsmi məlumat yayacaq.
Z.Məmmədli
Digər Xəbərlər
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05