Azərbaycan oliqarxlarının pulla dolu vannada uzanan övladları
09:14 11-08-2015
İQTİSADİYYAT
Azərbaycan oliqarxlarının pulla dolu vannada uzanan övladları
Ölkə başçısının xəbərdarlıqlarını nəzərə almayanlar kimlərdir?
Son bir neçə ildə bütün dünyada minlərlər insan demək olar ki, etdiyi hər şeyi, yeməyini, gəzməyini, geyimini və s. internetdə paylaşmağa başlayıb. Bunun ən asan yolu isə İnstagram səhifəsidir. Bu günlərdə yenidən Azərbaycanın zəngin övladlarının İnstagramda paylaşdıqları ilə gündəmə gəliblər.
Türkiyə mətbuatı zəngin həyat tərzini əks etdirən fotoların məhz azərbaycanlılara aid olduğunu yazıb.
Fotolar arasında ən diqqət çəkənlərdən biri də gənc bir oğlanın pulla dolu vannada uzanmasıdır.
"Azərbaycanın zəngin uşaqları" adı ilə yerləşdirilən fotolardakıların isə hansı məmurun, iş adamının övladı olması barədə heç bir məlumat qeyd edilməyib.
Qeyd edək ki, İnstagramın ən diqqət çəkəni səhifələri zəngin ailələrin övladlarınınkıdir. Belə ki, bu şəxslər müntəzəm olaraq yaşadıqları ölkə, şəhərdəki əyləncələrindən, lüks həyatlarından görüntülər paylaşırlar.
Mətbuatda belə ailələrin övladlarının həyatı, paylaşdıqları şəkillər müzakirə mövzusu olur. Azərbaycanın zəngin uşaqları bir həftə öncə də elit yaşamları ilə diqqətləri üzərlərinə çəkə bilmişdilər. Qardaş ölkənin "Milliyət" qəzetinin "Zəngin azərbaycanlılarının İnstagram fotolarının" adı altında yerləşdirdiyi fotolarda Azərbaycan nömrəsi olan lüks maşınlar, istirahət məkanları, hədiyyələr öz əksini tapmışdı.
Son fotolar isə Azərbaycanın yerli ictimaiyyətinin diqqətini növbəti dəfə məmur balalarının, zəngin lüks həyatına cəlb edib. Məsələn, ADP sədrinin müavini Taliyət Əliyev deyib ki, Türkiyə mətbuatında gedən məlumatlar bizim üçün yeni bir hadisə deyil: "Çünki Azərbaycan vətəndaşları ölkə məmurlarının övladlarının zəngin və qudurğan həyat tərzlərinə çoxdan bələddirlər. Düzdür, ölkə başçısı bu məsələlərlə bağlı dəfələrlə həmin məmurlara xəbərdarlıq edib ki, övladlarının özbaşınalıqlarının qarşısını alsınlar, əks təqdirdə vəzifələri ilə vidalaşacaqlar. Səhv etmirəmsə, kiçik ranqlı məmurlardan ötən illərdə kimlərsə övladlarının qudurğan həyat tərzinin qurbanı da olmuşdu…"
Onun fikrincə, problemin həlli üçün fundamental hüquqi islahatlara ehtiyac var: "Bunun üçün ölkədə köklü hüquqi islahatlar aparılmalıdır. Hər bir məmur dövlət qarşısında özünün gəlirləri ilə bağlı hesabat verməlidir… Bu hesabat da şəffaf şəkildə həyata keçirilməlidir. Ölkədə qanunun aliliyi təmin olunmalıdır, kimliyindən və cəmiyyətdə tutduğu mövqedən asılı olmayaraq hamı qanun qarşısında bərabər olmalıdır. Ölkədə işə və vəzifəyə qəbulda traybalizm prinsiplərindən imtina edilməlidir və s. Əgər bunlar olmayacaqsa, bir məmur 20 il nazir postunda qalacaqsa, sözsüz ki, orada işə qəbul qohumçuluq prinsipləri ilə həyata keçiriləcək, orada hər bir qanusuzluq, rüşvət də, korrupsiya da olacaq. Rüşvər və korrupsiyada iştirak edən məmurun övladı da sözsüz ki, harınlayacaq. Belə bir deyim var, pulu necə qazanırsansa elə də xərcləyirsən. Əyri yollarla qazanılan pullar da sözsüz ki, qudurğanlığa gətirib çıxaracaq...".
Sosial şəbəkələrdə də onlarca istifadəçi ölkə vətəndaşlarının böyük hissəsinin yoxsulluq şəraitində yaşadığı bir vaxtda zəngin övladlarının dəbdəbəli həyat tərzi keçirmələrini, xüsusilə məmur övladlarının bahalı əyləncələrə, dəyəri fantastik məbləğlərlə ifadə olunan lüks həyat tərzinə haradan pul tapdıqlarına dair sərt fikirlər səsləndirməkdədirlər.
Azərbaycanda məmur və məmur övladlarının qudurğan həyat tərzi ilə bağlı informasiyalar cəmiyyətimiz üçün yeni olmasa da, məlum tendensiyanın ölkə başçısının xəbərdarlıqları fonunda davam etməsi maraq doğurur. Dövlət rəhbəri dəfələrlə harın məmurlar və onların övladları ilə bağlı mütəmadi surətdə xəbərdarlıq etsə də, məmur harınlığı ilə bağlı informasiyaların ölkə sərhədlərini aşması bütün xəbərdarlıqlara rəğmən vəziyyətin daha da kritikləşdiyini göstərir.
Buradan isə belə məlum olur ki, biz övladları harınlıq və qudurğanlıq nümayiş etdirən məmur övladlarının öz dəbdəbəli həyatlarını fotolaşdırıb kasıb xalqa "yandım" verməsini də, müxtəlif özbaşına hərəkətlərini də bundan sonra hələ çox görəcəyik. Yəqin ki, belə övladların güdazına gedən, vəzifəsini itirən, karyerası ilə vidalaşan məmurlar da bundan sonra az olmayacaq.
Sənan Mirzə
Digər Xəbərlər
2024-10-31 18:05:48
2024-10-31 17:43:00
2024-10-31 15:53:43
2024-10-31 15:16:00
2024-10-31 14:45:09
2024-10-31 12:21:38
2024-10-31 09:30:29
2024-10-31 09:14:00
2024-10-30 16:55:32
2024-10-30 16:42:30
2024-10-30 14:51:47
2024-10-30 12:51:33
2024-10-30 09:50:57
2024-10-30 09:35:09
2024-10-30 09:22:07
2024-10-30 09:20:00
2024-10-29 12:59:19
2024-10-29 12:58:10
2024-10-29 12:50:52