Başqa vəzifəsi və biznesi olan deputatlara "qara xəbər"
13:18 12-08-2015
İQTİSADİYYAT
Başqa vəzifəsi və biznesi olan deputatlara "qara xəbər"
Onların payızda mandatsız qalacağı qətiləşir
Azərbaycanda bəzi deputatlar eyni zamanda bir neçə vəzifəni icra edir. Qanunvericilik təşəbbüsü ilə çıxış etməli, seçicilərinin problemlərinə diqqət ayırmalı olan deputatın bu vəzifələrinin öhdəsindən gəlmədiyi halda əlavə vəzifələr tutması heç anlaşılan da deyil.
Əksəriyyət əmindir ki, millət vəkillərinin bir neçə vəzifə tutmaqla ortaya keyfiyyətli iş qoya biləcəyinə inanmaq olmaz. Məsələn, xeyli əvvəl saytlardan biri deputat rektorların universitetdəki fəaliyyətini, tələbələrin onlarla görüşmək imkanlarını araşdırarkən ortaya maraqlı nəticə qoymuşdu. Adının çəkilməsini istəməyən tələbələrdən biri demişdi: "Bunun üçün əvvəlcə gərək prorektorun köməkçisi ilə görüşəsən, əgər onun razılığı olsa, prorektorun özü ilə görüşürsən. Ən zəruri hallarda isə rektorla görüşə bilərsən. Onun üçün də gərək bir ay əvvəl qəbula düşəsən".
Belə faktlar yüzlərlədir. Seçici deputatını axtaranda çox vaxt parlamentlə iş yeri arasında əsir-yesir qalır. Məsələnin hüquqi tərəfi də var. Belə ki, konstitusiyanın konkret müddəalarına əsasən deputatın bəzi vəzifələr tutması, sahibkarlıq fəaliyyəti ilə məşğul olması qadağandır. Anna Yasanın 89-cu maddəsində, MM deputatlığından məhrumetmə və deputatların səlahiyyətlərinin itirilməsi bölümündə deyilir: MM deputatı aşağıdakı hallarda mandatdan məhrum edilir: dövlət orqanlarında vəzifə tutduqda, din xadimi olduqda, sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olduqda (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla)".
Azərbaycanda deputatların başqa vəzifələr də tutmasının bir neçə tipik örnəyinə diqqət salaq: YAP-çı deputat Səməd Seyidov həm də 2000-ci ildən Azərbaycan Dövlət Dillər Universitetinin rektorudur. Bitərəf millət vəkili Rəfael Hüseynov isə 1993-cü ildən AMEA Nizami adına Azərbaycan Ədəbiyyatı Milli Muzeyinin direktorudur. Deputat Nizami Cəfərov Beynəlxalq Atatürk Mərkəzinin rəhbəri, Yaqub Mahmudov isə 2004-cü ildən AMEA Tarix İnstitutunun direktorudur. Başqa bir bitərəf deputat Novruzəli Aslanov isə 2003-cü ildən Qızıl Aypara Cəmiyyətinin prezidentidir.
Gülçöhrə Məmmədova Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru postunu da tutur.
Göründüyü kimi, deputatların bəziləri qanuna məhəl qoymayıb bizneslə məşğul olur və ya dövlət vəzifəsi daşıyır.
Bir müddət əvvəl millət vəkili, Ədalət Partiyasının sədri İlyas İsmayılov başqa vəzifə daşıyan, yaxud biznes fəaliyyəti ilə məşğul olan deputatların vəzifələrindən azad edilmələrinin vacibliyini vurğulayıb: "Onlar ya mandatı təhvil verməlidirlər, ya da ki, vəzifədən getməlidirlər. Aidiyyəti qurumlar bununla bağlı lazımi tədbir görməlidir. Bunu ölkə Konstitusiyası, seçki qanunvericiliyi tələb edir. Mən məsələni çox aydın şəkildə qoymuşam. Sözügedən deputatlar qeyri-qanuni mandat alıblar".
Əldə etdiyimiz məlumata görə, Milli Məclisdə təmsil olunan şəxslərin başqa vəzifə tutması, yaxud biznes fəaliyyəti ilə məşğul olması məsələsi artıq yüksək dairələrdə də müzakirə mövzusudur. Orada da hesab edirlər ki, istər KİV-in, istərsə də ictimaiyyətin bu məsələdə narazılıqları haqlıdır. Ona görə də qarşıdan gələn parlament seçkilərində mandat sahibi olmaq istəyənlər seçim qarşısında qalacaqlar. Onlar ya millət vəkilliyini, ya da digər vəzifələrini, yaxud bizneslərini seçməli olacaqlar.
Yüksək siyasi dairələrdə hesab edirlər ki, belə bir addımın atılması iki baxımdan önəmlidir. Birinci, Milli Məclis KİV-də və ictimai rəydə davamlı şəkildə müzakirə olunan çox ciddi bir qınaqdan qurtulacaq. Bu həm də ali qanunverici orqanın imicinin cəmiyyətdə yaxşılaşması istiqamətində önəmli addıma çevriləcək.
İkinci, millət vəkillərinin öz seçiciləri ilə təmas imkanı artacaq. Onlar vətəndaşların problemlərinin həlli istiqamətində çalışmaq üçün daha çox vaxt qazanacaqlar ki, bu da ölkədə sosial-iqtisadi gərginliyin artdığı bir vaxtda hakimiyyət üçün insanların narazılıqlarını yumşaltmaq, kontrol altında saxlamaq üçün yeni fürsət rolu oynayacaq.
Bir sözlə, payızda keçirilməsi proqnozlaşdırılan seçkilər başqa vəzifə, yaxud vəzifələr daşıyan, eyni zamanda biznes fəaliyyəti olan millət vəkilləri üçün hasan olmayacaq. Onların vəzifələri, yaxud biznesləri ilə mandatları arasında seçim etmək məcburiyyəti qarşısında qalacaqları ehtimalı kifayət qədər yüksəkdir. Bu ehtimalın nə qədər real olub-olmadığını isə yəqin ki, qarşıdakı həftələr bizə tam dəqiqliyi ilə göstərəcək.
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20