Azərbaycanda "inqilab" imitasiyası
12:54 26-05-2012
CƏMİYYƏT
Azərbaycanda "inqilab" imitasiyası
Stanislav İvanov: "Qərbin və Rusiyanın dəstəklədiyi Bakıda hakimiyyət
dəyişikliyinin olması mümkün deyil"
Artıq bir neçə ildir ki, Azərbaycan müxalifəti bəyan edir ki, Qərb Azərbaycanda hakimiyyəti dəyişərək, demokratik bir dövlət qurmaq istəyir. Bununla cəmiyyəti aldadaraq, öz tərəfinə çəkmək üçün təbliğat aparan müxalifətin yaydığı açıqlamalara isə çox keçmir ki, elə Qərb siyasi dairələrindən fərqli cavablar gəlir.
Hələ bir müddət əvvəl yerli müxalifət iddia edirdi ki, Azərbaycan artıq "inqilaba hamilədir". Və bunun ardından bütün cəmiyyətə belə bir mesaj göndərirdi ki, tezliklə ölkədə siyasi dəyişiklik olacaq. Ancaq verilən bu bəyanatların üzərindən 7 ilə yaxın vaxt keçib. Amma nə "inqilab" baş verib, nə də onun baş verməsi gözlənilir. Üstəlik, müxalifətin bu açıqlamasına Qərbin aparıcı siyasi dairələrindən çox maraqlı cavablar gəlib. Həmin cavab isə ondan ibarət olub ki, ABŞ və digər Qərb dövlətlərinin rəsmi Bakı ilə münasibətləri ən yüksək səviyyədədir və onlar Azərbaycan hakimiyyəti ilə daha uzun müddət əməkdaşlıq etmək istəyirlər.
Lakin bütün bu deyilənlərə və verilən təkziblərə baxmayaraq, Azərbaycan müxalifəti xarab olmuş patefon kimi eyni şeyi təkrarlamaqdadır. Bu deyilənlərə rəğmən, davamlı olaraq gələn açıqlamalar isə müxalifətin iddiaları yenidən alt-üst etməkdədir. Belə ki, dünyanın aparıcı ekspertləri bəyan edirlər ki, Azərbaycanı heç bir inqilab təhlükəsi gözləmir.
Ötən gün bununla bağlı açıqlama verən Rusiya Federasiyası Təhlükəsizlik Şurası yanında Elmi Şuranın eksperti Stanislav İvanov bildirib ki, Qərbin hal hazırda əsas hədəfi Suriya və İrandır. Onun sözlərinə görə, Amerika bu iki ölkə ilə münasibətlərinə aydınlıq gətirməkdən sonra Orta Asiyanı "demokratikləşdirməyə" başlayacaq.
İvanov qeyd edib ki, ABŞ və NATO-nun son illər Orta Asiya ölkələri ilə hərbi əməkdaşlıq etməsi heç də Əfqanıstana hərbi yardım göstərmək niyyəti güdmür. O deyir ki, bu daha çox bölgədə hərbi varlığın gücləndirilməsi və İranı mühasirədə saxlamaq üçün atılmış addımlardır. "Diqqət yetirin, Amerika hal hazırda Fars körfəzi ölkələrinə silah verməyə başlayıb. Qısa müddətdə bu silahların dəyəri 100 milyard dollara çatıb. İkinci mərhələ isə Azərbaycan və Gürcüstanın silahlandırılması ilə əlaqədardır. Amerikalı ekspertlər də bildirirlər ki, Orta Asiyanın silahlandırılması üçün atılan addımlar da İranı blokadada saxlamaq məqsədi daşıyır".
Rus eksperti vurğulayır ki, "ərəb baharı"ndan sonra hədəfin İran və Suriya olduğu birmənalıdır. Onun sözlərinə görə, həmin prosesin nə zaman başa çatacağı isə bəlli deyil. İvanov hesab edir ki, bundan sonra şübhəsiz hədəf Orta Asiya olacaq. Çünki Orta Asiya ölkələri vaxtaşırı mövqe dəyişdirir və bununla da Amerikanın planlarını sual altında qoyurlar. "Özbəkistan və Qazaxıstan davamlı olaraq əl dəyişdirirlər. Gah Rusiyanın, gah da Amerikanın yanında olmaq isə mümkün deyil. Ona görə də, İran problemini həll etmək üçün indidən Orta Asiya ölkələrində hakimiyyətləri dəyişdirmək lazımdır. Bunun isə Suriya probleminin çözülməsindən sonra reallaşacağı daha inandırıcıdır".
İvanov Azərbaycanla bağlı məsələyə gəldikdə isə deyib ki, rəsmi Bakının yürütdüyü siyasət hər kəsə aydındır. Onun sözlərinə görə, Azərbaycan hakimiyyəti balanslı siyasət yürüdür və hər kəslə münasibətlərini normal saxlamağa çalışır. "Belə mövqedə olan dövlətlərdə hakimiyyət dəyişikliyi lazım gəlmir. Ona görə də, Azərbaycanda inqilabın olacağı barədə deyilənlər yanlış yanaşmadır. Bu gün istər Qərb, istərsə də Rusiya Bakı iqtidarı ilə yaxşı münasibətdədirlər və bu münasibətlər hələ xeyli davam edəcək".
Namiq Əlibəyli
Digər Xəbərlər
2024-12-25 10:48:19
2024-12-25 10:48:12
2024-12-25 10:43:00
2024-12-25 10:27:00
2024-12-25 10:15:33
2024-12-25 10:08:08
2024-12-25 10:04:55
2024-12-25 09:52:16
2024-12-25 09:51:52
2024-12-25 09:33:00
2024-12-25 09:01:37
2024-12-25 08:45:59
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 20:00:00
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35