Məmurlarla sahibkarların təhlükəli işbirliyi
11:03 14-08-2015
İQTİSADİYYAT
Məmurlarla sahibkarların təhlükəli işbirliyi
Onlar Bakını niyə və necə viran qoyurlar?
Bakının bugünkü nəqliyyat problemləri birdən-birə yaranmayıb. İllər boyu şəhərsalma qaydalarının pozulması hazırda rastlaşdığımız mənzərəni ortaya çıxarıb.
Bütün infrastrukturun, yaşayış binalarının, iş yerlərinin və təhsil müəssisələrinin şəhər mərkəzinə daşınması Bakıdakı mövcud problemləri formalaşdırıb. Halbuki tikilən hər yeni bina şəhərdən kənarda olmalı, Bakının böyüməsi üçün zəmin yaratmalı idi. Ancaq daha tez və çox pul qazanmaq istəyi şəhərimizdə bir çox sağalmaz yaralar açıb.
Sahibkarın şəhər mərkəzində, artıq mövcud olan binaların həyətlərində yeni bina tikmək istəyi normaldır. O, sərmayə qoyduğu işdən daha çox gəlir götürmək arzusundadır. Gəlir götürmək istəyinə görə heç bir iş adamını ittiham etmək olmaz. Əgər həmin sahibkar öz istəklərini qanunlar çərçivəsində reallaşdırırsa. Ancaq bu gün Bakıda qanunların kobudluqla pozulmasının və mədəniyyət normalarının vəhşicəsinə çeynənməsinin şahidi oluruq.
Paytaxtda artıq geniş məhəllə, stadion və bağça, demək olar ki, qalmayıb. Şəhərdə sakinlərin rahat istirahət edə biləcəyi nə qədər yer var idisə, hamısında yeni binalar tikilib. Halbuki dünyada qəbul olunmuş şəhərsalma normalarına əsasən, yeni binalar kənar ərazilərdə, şəhərin böyüdülməsi hesabına tikilməlidir. Mərkəzi hissələrdə binaları daha da çoxaltmaq və vətəndaşların həyatını çətinləşdirmək heç bir kitabda yazılmayıb.
Yeni binaların tikintisi ilə bağlı Azərbaycan dövlətinin mövqeyi birmənalıdır. Prezident İlham Əliyev ötən il Nazirlər Kabinetinin iclasında çıxışı zamanı Bakıdakı ekoloji vəziyyətdən söz açarkən demişdi ki, yeni binalar tikmək istəyən iş adamlarına yalnız şəhərdən kənarda yerlər verilməlidir: "Azərbaycanda, Bakıda və digər yerlərdə ev tikintisinə böyük maraq var. Bu maraq bir ara bir az səngimişdi. Ancaq iqtisadiyyatımız sürətlə artdığı üçün indi bu maraq yenə də çox böyükdür. Orada da bu işləri çox düzgün şəkildə təşkil etmək olar. Əgər hansısa iş adamı, bir şirkət ev tikmək istəyirsə, orada ekoloji tədbirlər də görülməlidir. Köçürülmələr də aparılmalıdır. İndi boş yer vermək ki, gəlin burada ev tikin, hesab edirəm, bu dövr artıq arxada qalır. Kim ev tikmək istəyir, şəhər, rayon icra hakimiyyətlərinə müraciət etsin. Bu qurumlar onlara ya yararsız vəziyyətdə olan keçmiş sənaye obyektlərinin, zavodların yerində, ya da ekoloji tədbirlərə ehtiyac olan yerlərdə yer versinlər ki, orada tiksinlər. Biz bunu Bakıda etmişik. Vaxtilə yararsız vəziyyətdə olan sənaye sahələrində görün nələr yaratmışıq. Heydər Əliyev Mərkəzi Leytenant Şmidt adına zavodun ərazisində tikilibdir. O da bir ekoloji fəlakət idi. Mən oraya gəlib baxanda dəhşətə gəldim ki, bu şəraitdə istehsalı necə təşkil etmək olar. Hər şey dağılmışdı. Amma indi bəziləri hətta unudublar ki, orada Leytenant Şmidt adına zavod olub. Yaxud da ki, indi Olimpiya şəhərciyinin yaradıldığı ərazi. Metronun "Koroğlu" stansiyası ilə üzbəüz bu ərazidə şifer kombinatı, lampa zavodu var idi. Onlar da havanı çirkləndirirdi. İndi burada gözəl Olimpiya şəhərciyi yaradılıb. Yəni, biz həm Bakıda, həm də bütün şəhər və rayonlarımızda bu yolla getməliyik".
Prezident İlham Əliyevin sözlərindən aydın görünür ki, dövlətimizin başçısı paytaxt Bakıda və regionlarda ekoloji problemlərə çox diqqətlə yanaşır. Yeni binaların tikintisinin şəhər kənarındakı çirklənmiş ərazilərinin təmizlənməsi hesabına aparılmasının tərəfdarıdır. Prezidentin bu göstərişləri ekoloji problemlərin aradan qaldırılması ilə yanaşı, şəhərsalma, Bakının genişləndirilməsi işinin düzgün təşkilinə öz töhfələrini verir.
Bu gün paytaxt Bakıda iş adamları yeni binaların tikintisini şəhərdən kənardakı ərazilərdə deyil, məhz mərkəzi hissələrdə aparmağa daha çox üstünlük verirlər. Bu ərazilərdə tikiləcək binaların mənzillərini onlar baha qiymətə satacaqları üçün belə edirlər. Mərkəzdə isə yeni binalar üçün xüsusi yerlər olmadığı üçün tikintilər adətən yaşayış binalarının arasında nisbətən boş qalmış həyətlərində, məktəb stadionlarında və ya uşaq bağçalarının həyətlərində həyata keçirirlər. Bakının memarlıq üslubuna görə cavabdeh olan şəxslər isə prezidentin göstərişlərinə əməl edir kimi bir görüntü yaratsalar da, fəaliyyətdə tamam fərqli mənzərənin şahidi oluruq. Bu gün Bakının onsuz da sıxlıq olan mərkəzi və tarixi hissələrində yüksək mərtəbəli yaşayış binalarının tikilməsi ilə həm şəhərimizin memarlıq üslubu pozulur, həm onsuz da yaxşı vəziyyətdə olmayan nəqliyyat sisteminə yeni problemlər əlavə edilir və şəhərin ekoloji vəziyyəti üçün ciddi təhdid törədir.
Belə bir bina tikintisinə bu günlərdə Binəqədi rayonunda start verilib. Sakinlər nə qədər etiraz etsələr də, məhəllələrini "işğalçılardan" qoruya bilmirlər. Azadlıq prospekti, 32 ünvanında yerləşən yaşayış binasının sakinləri deyirlər ki, həyətlərindəki bağça hasara alınıb. Yeni bina tikilir.
Bu cür hallara yol verilməməsi ilə bağlı müddəalar Prezident İlham Əliyevin 2006-cı ildə imzaladığı sərəncamda öz əksini tapıb. Ölkə başçısının təsdiq etdiyi "Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ci illər üçün Tədbirlər Planı"nda aydın göstərilib ki, mövcud yaşayış binalarındakı sakinlərin normal yaşayışı üçün ərazisi və şəraiti olmayan həyətlərdə, habelə idman meydançalarında, təhsil və səhiyyə müəssisələrinin ərazilərində, həyətlərə giriş və çıxış yollarında yeni binaların və digər təyinatlı qurğuların tikintisi qadağan edilir. Bu qadağalara nəzarət etmək isə Bakı Şəhər İcra Hakimiyyəti, Dövlət Tikinti və Arxitektura Komitəsinə tapşırılıb. Ancaq Binəqədi sakinlərinin bütün ölkə mətbuatından gələn haraylarına Dövlət Tikinti və Arxitektura Komitəsi nədənsə biganə yanaşır.
Nə qədər ki, sahibkarlar qanunları çeynəyir, dövlət rəsmiləri buna göz yumur və vətəndaşlar problemin həllini mətbuata şikayət etməkdə görürlər, Bakının problemləri həll etmək elə də asan olmayacaq.
Teymur Hacıyev
Digər Xəbərlər
2024-11-26 00:55:40
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52