Samir Şərifova yeni təhlükə; Nazir bəzi səlahiyyətlərindən məhrum ola bilər
13:18 15-08-2015
İQTİSADİYYAT
Samir Şərifova yeni təhlükə; Nazir bəzi səlahiyyətlərindən məhrum ola bilər
Maliyyə naziri Azərbaycanda maliyyə ombudsmanının təşkili ilə bağlı təşəbbüsün reallaşmasına qarşı çıxır
Uzun müddətdir Azərbaycanda maliyyə ombudsmanının yaradılması ilə bağlı təkliflər səslənsə də, rəsmilər bu mövzuda səssizlik nümayiş etdirirlər. Xüsusilə Maliyyə Nazirliyini belə bir təşəbbüslə bağlı hər hansı mövqe ortaya qoymaması maraq doğurur.
Bəs, maliyyə ombudsmanının yaradılmasını zəruri edən səbəb nədir? Belə bir müvəkkilin təşkili ölkənin maliyyə sektorunda hansı pozitiv nəticələrə yol aça bilər?
Dünən bu mövzuda tanınmış iqtisadçı Samir Əliyev fikirlərini bölüşüb. Onun sözlərinə görə, Azərbaycanın maliyyə sektoru son illər əhalinin hüquqlarının ən çox pozulduğu sahəyə çevrilib: "Elə bir ailə, elə bir şəxs yoxdur ki, maliyyə sektorunun xidmətlərinə müraciət etməsin. Kimisi gəlirinin bir hissəsini banklara əmanət edir, kimisi bankdan borc götürür, üçüncülər isə maşınını və evini sığortalayır. Öhdəliyin yerinə yetirilməsi bir az qəlizləşəndə maliyyə qurumları qabağı düşərək problemi öz xeyirlərinə həll edirlər. Müştəri isə hüququ pozulmuş halda qalır. İnsanların ən çox şikayət etdiyi sahə bank sektorudur. Banklar kredit şərtlərinin istədikləri kimi müəyyənləşdirirlər. Müqavilələrdə daha çox öz hüquqlarını qabardırlar. Müştərilərinsə öhdəliklərinə geniş yer ayırırlar. Gecikdirilən kreditlərə ağlasığmaz cərimələr hesablanır. Məsələ məhkəməyə çatanda da haqsız çıxan vətəndaş olur. Bir tərəfdən də kollektorlar yavaş-yavaş inkişaf edir və əhalinin baş ağrısına çevrilir. Banklar öz reklam çarxlarında əhaliyə düzgün olmayan məlumat verirlər. Onlar kreditin ağır şərtləri barədə məlumatları gizlətməklə əhaliyə natamam məlumatlar verirlər və bununla da əhalini cəlb edirlər. Bank krediti vaxtından əvvəl qaytarmaq istəyən müştəriyə cərimə tətbiq edir və s. Problemli digər sahə lombardlardır. Son dövrlər göbələk kimi artan lombardlar insanların ən çox aldadıldığı məkana çevrilib. Onların verdikləri kreditlərin baha olması azmış kimi, insanların aldadılması halları kifayət qədərdir. Bəzi hallarda müştəriyə kredit verəndə müqavilələr bağlanmır, girov qismində qoyulmuş əmanətin dəyərindən dəfələrlə az məbləğdə kredit verilir, krediti vaxtında ödəyən insanlar bir sıra hallarda girov qoyduqları əmanəti geri ala bilmirlər.
Sığorta sektorunda da vəziyyət ürəkaçan deyil. İnsanlar sığorta hadisəsi baş verəndə sığorta ödənişi almaqda xeyli əziyyət çəkir. Belə misalların sayını artırmaq da olar. Reallıq odur ki, müştərilərin hüquqları addımbaşı pozulur. Fakiti olaraq 2 milyondan çox əmanətçi, 5 milyondan çox kredit müştərisinin taleyi havadan asılı vəziyyətdə qalıb. Əhalinin maliyyə savadsızlığından istifadə edilərək onlar aldadılır. Bu halda vətəndaş kimə müraciət edəcəyini, hüquqlarının hansı qurum tərəfindən qorunacağını bilmir. Düzdür Mərkəzi Bankın göstərişi ilə bankların nəzdində istehlakçıların şikayətini araşdıran şöbələr yaradılmağa başlayıb. Ancaq şikayətlərə araşdıran müstəqil qurumun olmasına ehtiyac var.
Bu gün ölkədə maliyyə xidmətlərdən istifadə edən müştərilərin hüquqlarını qoruyan hansısa mexanizm və müstəqil institut yoxdur. Belə halların qarşısının alınması üçün bir çox ölkədərdə olduğu kimi Azərbaycanda da maliyyə ombudsmanının (müvəkkilinin) yaradılmasına ehtiyac var. Maliyyə ombudsmanının fəaliyyəti maliyyə təşkilatlarının müştərilərinin hüquqlarını qorumaqdır. Ombudsman institutunun yaradılmasında məqsəd ortaya çıxmış problemləri məhkəmədənkənar həll etməkdir. Ən əsası bu institut müştərilərə pulsuz xidmət göstərir. Ombudsman yaranmış mübahisələri ilkin mərhələdə həll edə bilir.
Maliyyə ombudsmanı institutunun məhkəmələrdən üstünlüyü ondadır ki, müştəriyə məhkəməyə çəkiləcək xərcə qənaət etmək imkanı verir. Eyni zamanda məsələyə baxılması müddəti də məhkəmə ilə müqayisədə qısadır.
Vətəndaşların maliyyə hüquqlarını müdafiə edən ilk maliyyə müvəkkili 1992-ci ildə Almaniyada yaradılıb. Hazırda bir çox ölkələrdə - Fransa, Böyük Britaniya, Danimarka, İsveç, İrlandiya, Pakistan, CAR və başqa ölkələrdə fəaliyyət göstərir. MDB ölkələrində bu institut geniş yayılmayıb. Belə institut Rusiya və Ermənistanda fəaliyyət göstərir. Ukraynada yaradılması nəzərdə tutlsa da, məlum siyasi böhran ideyanın reallaşmasını bir qədər ertələyib. Qazaxıstanda 2011-ci ildə bank ombudsmanı institutu yaradılıb. Gürcüstanda isə sığorta ombudsmanı institutu yaradılması planlaşdırılır.
Maliyyə ombudsmanı bank, sığorta və investisiya sahəsində maliyyə qurumları ilə maliyyə xismətlərinin istehlakçıları arasında yaranmış mübahisələri tənzimləyən mexanizmdir. Onların fəaliyyəti bəzi ölkələr ancaq bank, bəzilərində sığorta, bəzilərində isə bütün maliyyə sektorunu əhatə edir".
Göründüyü kimi, Azərbaycanda maliyyə ombudsmanının yaradılmasına böyük ehtiyac var və bu, əhalinin hüquqlarının ən çox pozulduğu sahədə nizam-intizam yaratmağa gətirib çıxarardı. Bununla belə, uzun müddətdir müstəqil ekspertlərin gündəmə gətirdiyi məsələyə rəsmilərin, xüsusilə Maliyyə Nazirliyinin səssiz, laqeyd münasibəti sözügedən təşəbbüsün reallaşma ehtimalını sıfıra endirir.
Bəzi iddialara görə, belə bir institutun yaradılması maliyyə naziri Samir Şərifovun marağında deyil. Çünki o, maliyyə ombudsmanının fəaliyyətə başlaması ilə kifayət qədər önəmli səlahiyyətlərindən məhrum olmaq istəmir.
Məsələ burasındadır ki, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti var və o, əslində həm də maliyyə ombudsmanının həyata keçirməli olduğu işlərlə məşğuldur. Haqqında danışılan müvəkkil yaradılarsa isə bu, adıçəkilən xidmətə ehtiyac qalmaması demək olacaq. Ona görə də Samir Şərifovun sözügedən təklifə münasibətinin sıcaq olmadığı iddia edilir. Bu baxımdan da maliyyə ombudsmanının təşkili ilə bağlı təşəbbüsün reallaşması o qədər də inandırıcı görünmür.
Sənan Mirzə
Digər Xəbərlər
2024-11-26 00:55:40
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52