Sabiqlər deputat mandatı uğrunda hərəkətə keçir
09:47 18-08-2015
İQTİSADİYYAT
Sabiqlər deputat mandatı uğrunda hərəkətə keçir
Onlardan hansı yenidən parlamentdə təmsil oluna bilər?
Bu ilin payızında keçiriləcək parlament seçkilərində bəzi sabiq deputatların və keçmiş məmurların da iştirakı gözlənilir. Onlar bu istəklərini hələlik açıq şəkildə biruzə vermirlər. Bunun da səbəbi həmin keçmiş millət vəkillərinin seçkidə iştirak üçün "yuxarılar"dan hələlik heç bir razılıq ala bilməmələridir.
Bunu son günlərdə bəzi sabiqlərin mətbuata verdiyi açıqlamalar da təsdiqləyir. Maraqlıdır ki, həmin açıqlamalarda sabiqlərdən heç biri özlərinin deputatlıq arzusunu birmənalı şəkildə inkar etmir, daha çox, mücərrəd, ümumi sözlərlə kifayətlənirlər. Bu da onların deputatlıq istəklərinin olduğunu dolayı yolla təsdiqləyir.
Məsələn, dünən Yeni Azərbaycan Partiyası Siyasi Şurasının və İdarə Heyətinin üzvü, sabiq millət vəkili Nizami Xudiyev deyib ki, "Bu il keçiriləcək parlament seçkilərində deputatlığa namizədliyimi verib-verməmək haqqında hələ ki bir qərara gəlməmişəm. Qərara gələn kimi özüm bu haqda məlumat verəcəyəm. İndi isə heç nə deyə bilmərəm".
O bu barədə danışmağın çox tez olduğunu vurğulayıb: "Mənim deputatlığa namizəd olub-olmamağımın mətbuatda işıqlandırılmasını məqsədə uyğun hesab etmirəm. Hələ vaxta var. Hər şeyi zaman göstərəcək".
Xatırladaq ki, Nizami Xudiyev birinci və ikinci çağırış Milli Məclisin deputatı olub.
1996-2006-cı illərdə Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri, 2006-2011-ci illərdə isə Azərbaycanın Belarusda səfiri olmuş Əli Nağıyev isə bir neçə gün əvvəlki açıqlamasında bildirib ki, "Bu ilki parlament seçkilərinə qatılmağı qarşıma məqsəd qoymamışam. Ümumiyyətlə, bu barədə heç vaxt düşünməmişəm".
Əli Nağıyev mövzuya dair digər suallara cavab vermək fikrində olmadığını deyib: "Düşünürəm ki, dediklərim kifayətdir. Əlavə nəsə danışmaq fikrim yoxdur".
1999-2006-cı illərdə maliyyə naziri postunu tutmuş Əvəz Ələkbərovun da builki parlament seçkilərində mandat qazanmaq istədiyinə dair iddialar var. Ələkbərov son illərdəki müsahibələrində yenidən vəzifədə çalışmaq arzusunu gizlətməyib. Amma onun bu gözləntiləri hələ ki, puç çıxmaqdadır. Bu ilin mayında Ələkbərov müsahibə verərək maliyyə naziri postundan uzaqlaşdırıldıqdan sonra ona müxtəlif vəzifə təklifləri olduğunu deyib: "Mənə müxtəlif vəzifələr təklif olundu. Nazirlər Kabinetində iqtisadiyyat şöbəsinin müdiri, istədiyim hər hansı bir nazirlikdə nazir müavini olmağım üçün təkliflər gəldi. Bundan əlavə, Ukraynada səfir olmağım üçün də təklif gəldi. Siyahını genişləndirə də bilərəm. Məsələn, məni Prezident Administrasiyasında aqrar siyasət şöbəsinin müdiri də qoymaq istəyirdilər. Mən bu şöbənin müdiri olmağa razılıq verdim. Çünki həm cənab prezidentin komandasında bu siyasəti davam etdirmək imkanım olacaqdı, həm də kənd təsərrüfatının problemləri mənə məlum idi. Ancaq bu da reallaşmadı".
İddialar bu yöndədir ki, vəzifə gözləntiləri davam edən Əvəz Ələkbərovu indi daha çox payızda keçiriləcək parlament seçkilərində mandat qazanmaq düşündürür. Amma bunun üçün ona hakim dairələrdən "yaşıl işıq" yandırılması lazımdır.
Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədovun da adı Milli Məclis üzvlüyünə iddia edənlər sırasında çəkilir. Hazırda YAP-ın Yasamal rayon təşkilatının sədri olan Əhmədov elə bu rayondan da millət vəkilliyinə namizəd olmaq istəyir. Ancaq sabiq "metro şefi"nin bu arzusuna "hə" dheyilib-deyilməyəcəyini zaman göstərəcək.
2015-ci ildə parlamentə düşmək eşqində olanlardan biri sabiq Maliyyə naziri Fikrət Yusifovdur. Rusiyayönümlü fiqur kimi bilinən Yusifov ilin əvvəllərində Azərbaycana qayıdıb və "Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Mərkəzi təsis edib. O, mətbuatda xeyli aktivdir, müxcalifəti sərt tənqid edən açıqlamalar verir, məqalələr yazır və bununla görünür, öz yaxın keçmişini unutdurmaq, yenidən hökumətin etimadını qazanmaq və parlamentə düşməsinə "yaşıl işıq" yandırılmasına çalışır.
Digər sabiq məmurlardan sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun, sabiq təhsil naziri Misir Mərdanovun, "Azəriqaz"ın keçmiş rəhbəri Əlixan Məlikovun, "Azərsu"nun sabiq sədri Nizaməddin Rzayevin və bir neçə eks məmurun adlarının parlament seçkiləri ərəfəsində Milli Məclisə iddialı olaraq tez-tez gündəmə gəlməsi istisna olunmur.
Keçmiş məmurların millət vəkili mandatı əldə edərək öz siyasi karyeralarını bərpa etmək cəhdləri nə qədər realdır? Onlardan hansıların üzünə bəxt güləcək? Bu suallara cavab vermək hələlik çox çətindir. Odur ki, həmin sualların cavabını əlahəzrət zamanın ixtiyarına buraxaq.
Elvin Rüstəmov
Digər Xəbərlər
2024-11-26 00:55:40
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52