Zaur Hüseynovun "kart ÇP-si" karyerasına son qoyur
09:59 21-08-2015
İQTİSADİYYAT
Zaur Hüseynovun "kart ÇP-si" karyerasına son qoyur
Metropoliten rəisinin başı qazanca qarışıb, metro kartlarının üzərinə yazılan iki cümləni belə düz yaza bilmirlər
Gündəmin əsas müzakirə mövzularından biri də "Bakı Metropoliteni"nin sifarişi ilə hazırlanmış və metro və avtobuslarda işləyəcək kartların hazırlanmasında üzə çıxmış bağışlanmaz nöqsanlardır. Sirr deyil ki, həmin kartların hazırlanmasına xeyli zəhmət və külli miqdarda maliyyə vəsaiti xərclənib. Amma yol verilən bağışlanmaz yanlışlıq görülən bütün işlərin üstündən xətt çəkir.
Məlumat üçün bildirək ki, "BakıKart"ın arxasındakı xəbərdarlıq yazılarında ədəbi dil normalarının pozulmasıyla bağlı ciddi yanlışlıqlara yol verilib. Belə ki, kartların arxasında "alınız", "istifadə ediniz", "zədələməyiniz" kimi ifadələrin yazılması təkcə savadsızlıqdan irəli gəlməyib, bu həm də böyük məsuliyyətsizlik və qeyri-peşəkarlığın göstəricisidir.
Məsələ burasındadır ki, kifayət qədər böyük maliyyənin ayrıldığı layihəni hazırlayan məsul şəxslər abreviaturanın, yaxud şəkilçinin düzgün yazılış qaydasını bilməyib. Bu, Azərbaycan dilinin normalarının pozulması deməkdir. Belə müraciət forması ötən əsrin 30-60-cı illərində dəbdə olsa da, bugünkü gündə ədəbi norma baxımından yolverilməzdir.
Baş vermiş xoşagəlməz olayla bağlı Bakı Metropoliteni QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev isə bildirib ki, "Bakıkart"ın üzərindəki yazılar səhv olduğunu heç kim inkar etmir. O bildirib ki, kartın növbəti sifarişi zamanı bu səhvlər olmayacaq. Amma metropoliten rəsmisi onu açıqlamayıb ki, bəs yanlışlıq üzərindən məhv olan maliyyənin məsuliyyəti kimin üzərində qalır? Axı, bütün bunlar olmaya bilərdi. Axı, Metropoliten rəhbərliyi işini professional şəkildə qursaydı, sifarişi peşəkarlara versəydi və nəhayət, kartların kütləvi istehsalından öncə heç olmasa, həmin cümlələri ali savadı olan birinə oxutsaydı, indi bu biabırçı durumla üz-üzə də qalmazdı. Amma görünən odur ki, Metropoliten rəhbərliyinin bu kimi işlərə vaxtı yoxdu, onlar daha "vacib işlər"lə məşğuldur. Bu fakt həm də onu təsdiqlədi ki, Bakı Metropoliteninin yeni rəisi Zaur Hüseynov ona göstərilmiş yüksək etimada layiq olmadığını sərgiləməkdədir.
Xatırladaq ki, Prezident İlham Əliyevin 27 fevral 2014-cü il tarixli sərəncamı ilə Bakı Metropoliteni strukturunda islahatlar aparılanda və bu sistemə 20 il rəhbərlik etmiş Tağı Əhmədov tutduğu vəzifədən kənarlaşdırıldıqdan sonra cəmiyyətdə sözügedən sahənin inkişafına müəyyən ümidlər yaranmağa başladı. Hər halda etiraf olunmalıdır ki, son illər ərzində Bakı Metropoliteninin fəaliyyətində ciddi nöqsanlar görünməkdəydi, bu səbəbdən də dövlət başçısının məlum sərəncamı ictimaiyyətdə məmnunluq hissiylə qarşılaşmışdı.
Amma Zaur Hüseynovun Bakı Metropoliteninə rəis təyin olunmasından ötən müddət ərzində baş verənlərin təhlili göstərir ki, yeni rəis heç də gözlənilən islahatları həyata keçirməmiş, əksinə onun rəhbərliyi dövründə Bakı Metropoliteninin fəaliyyətində çox böyük qüsurlar yaranmışdır. Buna misal olaraq, mütəmadi olaraq təkrarlanan və sərnişinlərin ciddi narazılığına səbəb olan qatarların gecikməylə işləməsini göstərmək olar. Qeyd edək ki, bu kimi hallar dəfələrlə müşahidə olunsa da, Bakı Metropoliteni bu günə qədər də qatarların cədvəl üzrə hərəkətini təmin etməkdə çətinlik çəkir. Bu isə Bakı Metropolitenində hətta ən sadə qrafik məsələsinin belə həll olunmazlığından xəbər verir. Unutmayaq ki, bu sözügedən strukturda hamının hər gün gördüyü qüsurdur.O zaman təsəvvür edin ki, Bakı Metropolitenində ictimaiyyətə qaranlıq qalan daha hansı çatışmazlıqlar mövcuddur.
"BakıKart"la bağlı ortaya çıxmış rüsvayçılıq da təsdiqlədi ki, Zaur Hüseynov metropoliten işiylə bağlı təcrübəsiz adamdır və çox böyük ehtimalla davamlı olaraq ortaya çıxan problemlərin bir qismi məhz bununla bağlıdır. Xatırladaq ki, Zaur Hüseynov rəis təyinatına qədər metropoliten sistemində bir gün belə işləməyib. O, uzun müddət "Qaradağ-Sement" ASC-nin baş mühasibi işləyib. Z.Hüseynov 2007-ci ildə fərqli müəssisəyə rəhbər vəzifəyə təyinat alıb - "Bakıelektirikşəbəkə" ASC-nin sədr müavini təyin edilib. 7 il burada çalışdıqdan sonra isə yenidən fərqli profilli bir müəssisəyə - Bakı Metropoliteninə rəhbər təyin edilib. Onun rəhbər təyinatından dərhal sonra isə olduqca maraqlı proseslər bir-birini əvəz etməyə başladı. Diqqətli oxucu unutmamış deyil ki, Zaur Hüseynovun vəzifəyə təyinat aldığı ilk günlərdən başlayaraq metro stansiyalarının girəcəyindəki və içindəki bütün ticarət obyektləri birmənalı şəkildə söküldü və bu sahibkarların böyük etirazlarına səbəb oldu. Hətta paytaxt Bakı obyektləri sökülən sahibkarların bir neçə etiraz aksiyalarına da şahidlik etdi. O zaman yeni rəis bu radikal addımını belə əsaslandırmağa çalışırdı ki, metropoliten ərazisindəki ticarət obyektləri sərnişinlərin sərbəst hərəkətinə maneçilik törədir. İnsafən, onu da qeyd edək ki, Zaur Hüseynovun bu arqumenti kifayət qədər əsaslandırıldığından ideya böyük ictimai dəstək də qazandı. Amma bu tədbirlərin üzərindən bir müddət keçdikdən sonra Zaur Hüseynovun təşəbbüsüylə Bakı Metropolitenində ticarətin yenidən bərpa edilməsi yeni suallar yaratdı: Metroda ticarət ləğv olunurdusa, onun yenidən bərpası nə deməkdir? Yaxud, ticarət yenidən bərpa olunacaqdısa, o zaman bunu niyə ləğv edirdilər?
Bu sualların açması isə olduqca sadədir: yeni rəis Bakı Metropoliteninin ticarət sistemində möhkəm kök salmış Tağı Əhmədovun komandasını dağıtmaq üçün ticarəti əvvəlcə ləğv etdi, bütün "rıçaqlar"ı əlinə cəmləşdirdikdən sonra isə ticarət yenidən bərpa olundu – bu qədər bəsit.
"Unikal"a daxil olan məlumatlarda isə yeni rəisin macəralarının bununla yekunlaşmadığı əks olunub. İnformasiyalara görə, Zaur Hüseynov ötən müddət ərzində köhnədən qalma təcrübəli əməkdaşları, hətta texniki personalı belə yeniləri ilə əvəzləyib. Bildirək ki, işdən çıxardılanların böyük əksəriyyəti Bakı Metropolitenində "saç ağartmış" təcrübəli mütəxəssislər idi və onların gedişi strukturun fəaliyyətində də ciddi axsamalar yaradıb.
Qeyd edək ki, Zaur Hüseynov 2014-cü ilin fevralında, bu vəzifəyə yenicə təyinat aldığı günlərdə mətbuata açıqlama verərək "metropolitendə hər hansı kadr dəyişikliyi olacaqmı" sualını belə cavablandırmışdı: "Yaxşılığa doğru hər şey olacaq". Bununla da Z.Hüseynov metropolitendə dəyişikliklər olacağının anonsunu vermişdi, amma tarix göstərdi ki, kadr dəyişiklikləri heç də yaxşılığa gətirib çıxartmadı.
Əldə etdiyimiz digər informasiyada isə iddia olunur ki, Zaur Hüseynov Bakı Metropolitenində "paket" sistemi tətbiq edib. Belə ki, əsasən idarə rəislərinə maaşlarından əlavə "paket" də təqdim olunur ki, bu da "yeraltı səltənət"də qaranlıq işlərin baş verməsini təsdiqləyir.
Orxan Həsənli
Digər Xəbərlər
2024-11-26 00:55:40
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52