İki nazirin narahatlıq yaradan ittifaqı
12:19 22-08-2015
İQTİSADİYYAT
İki nazirin narahatlıq yaradan ittifaqı
Şahin Mustafayevlə Oqtay Şirəliyev kimlərə qarşı birləşdi?
Azərbaycanda dərman biznesi sahəsində ciddi problemlər olduğu sirr deyil. Dərman vasitələrinin bahalığı da məhz inhisarla bağlıdır.
İş hətta o yerə çatıb ki, ölkə başçısı Ilham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ölkədə dərman preparatlarının qiymətinin bahalığından narazılığını ifadə edib.
Ötən ay isə dövlət rəhbəri bir daha ölkədə dərman satışı sahəsində problemlərə toxunub, sərt tənqidlərini dilə gətirib, bu istiqamətdə müəyyən tapşırıqlar verib.
Artıq Azərbaycanda dərman satışı ilə bağlı yaranmış xaotik durumun aradan qaldırılması yönündə vacib addımlardan biri atılıb. Belə ki, dərman vasitələri bazarına nəzarətin gücləndirilməsi barədə verdiyi tapşırıqların icrası ilə bağlı görülən işlərin davamı olaraq, İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi arasında razılaşma imzalanıb. İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidməti bildirir ki, dərman vasitələri apteklərə daxil olmazdan əvvəl qiymətlərin müəyyən olunmuş qaydada qablaşdırmanın üzərində göstərilməsinə və bu qiymətlərin Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilmiş qiymətlərə uyğunluğuna birgə nəzarət təşkil olunacaq.
Bildirildiyinə görə, yeni nəzarət sisteminin təşkili dərman vasitələri bazarında istehlakçıların hüquqlarının daha etibarlı müdafiəsinə, onların qiymətdə aldadılmasının qarşısının alınmasına, baş verə biləcək neqativ hallara qarşı birgə operativ tədbirlər görülməsinə imkan yaradacaq.
Rəsmi məlumatlara görə, 2014-cü ilin yanvar-iyul aylarında Azərbaycan 140 milyon dollar dəyərində dərman idxal edib. Bu aya 20 milyon dollar edirsə, deməli, il ərzində Azərbaycan 240 milyon dollar dəyərində dərman idxal edir.
2015-ci ilin yanvar ayının 21-də Milli Məclisin deputatı, "Avromed" şirkətinin idaretməsini həyata keçirən Cavanşir Feyziyevin müsahibəsi yayılıb. Həmin müsahibədə deputat bildirib ki, əhali il ərzində dərmana 700 milyon dollar xərcləyir.
Göründüyü kimi, Cavanşir Feyziyevin söylədiyi məbləğlə, rəsmi açıqlanan məbləğ arasında 460 milyon - yarım milyard dollara yaxın fərq var. Bu, fərq dərman mafiyasının illik qazancıdır. Cavanşir Feyziyev həmin müsahibədə onu da qeyd etmişdi ki, Azərbaycanda 2000-ə yaxın aptek fəaliyyət göstərir. Əgər ölkəyə il ərzində 240 milyon dollarlıq dərman idxal edilirsə, bu hər aptekin payına ayda təxminən təxminən 10 min dollarlıq dərman düşür. Bu isə gündəlik 333 dollar edir. Azərbaycanda hansısa aptekin günlük alverinin 333 dollar olduğuna inanmaq isə sadəlöhvlükdən başqa bir şey deyil. 333 dollar bəzi hallarda iki resseptdə yazılan dərmana bəs etmir.
Göründüyü kimi, monopolistlər əhalini sadəcə soymaqla məşğuldur. Yeri gəlmişkən, Cavanşir Feyziyev yenə həmin müsahibədə qeyd etmişdi ki, əgər dövlət tənzimlənməsi həyata keçirilərsə, dərmanların qiymətini minimum 25 faiz ucuzlaşdırmaq mümkündür. Bu dərmanların alındığı qiymətdən dəfələrlə baha qiymətə satıldığını bir daha ortaya qoyur.
İndi Şhin Mustafayevlə Oqtay Şirəliyevin rəhbərlik etdikləri nazirliklərin birgə anlaşma sənədi imzalaması dərman biznesində xaos və özbaşınalıq yaradanlara qarşı ittifaq kimi də qəbul edilə bilər. Bəzi ekspertlər iki nazirliyin işbirliyinin real nəticələrinə ümid etməkdə çətinlik çəksələr də, (buna səbəb bəzi hallarda qanunsuzluğa yol verənlərin arxalarındakı hansısa «güclü əl»ə güvənmələri, onların himayəçiliyinə arxayın olmaları ilə əlaqədardır) optimist yanaşmalar da var. Hesab olunur ki, ölkə rəhbərliyi səviyyəsində dərman satışı ilə bağlı problemlərin kəskin şəkildə qoyulması və bundan irəli gələn məsələlərin həlli yönündə iki önəmli nazirliyin anlaşma sənədi imzalaması gələcəklə bağlı ümidlər yaradır. Hesab olunur ki, dərman satışından müxtəlif qeyri-qanuni vasitələrdən istifadə etməklə külli miqdarda vəsait əldə edənlər, həm vətəndaşları soyub həm də dövlətin xəzinəsinə zərbə vuranlar artıq əvvəlki kimi geniş əl-qol aça bilməyəcəklər.
Hər halda ümid edək ki, dərman bazarındakı neqativlərə qarşı Şahin Mustafayevlə Oqtay Şirəliyevin ittifaqı öz real nəticələrini ən qısa zamanda verməyə başlayacaq.
Sənan Mirzə
Digər Xəbərlər
2024-11-26 00:55:40
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52