Tədris ilinin başlaması paytaxtın kirayə bazarını "yandırdı"
12:07 27-08-2015
İQTİSADİYYAT
Tələbələrin Bakıya axını ev bazarında canlanma yaradıb
Həmişəki kimi, yeni tədris ilinin başlanmasına az qalmış kirayə bazarında qiymətlər yenidən sürətlə yüksəlməkdədir. Digər tərəfdən, bu dövrdə aktivləşən maklerlər rayondan gələn tələbələrə ev tapılmasında kömək üçün bəzən 50-100 manat xidmət haqqı istəyir. Şəhərin metroya yaxın ərazilərində isə kirayə evlərin qiyməti daha çox qalxıb.
Ev alqı-satqısı ilə məşğul olan şəxslər deyir ki, hər il bu vaxtlar kirayə mənzillərin qiymətində artım müşahidə olunur. Maklerlər də etiraf edir ki, kirayə evlərin qiymətində artım var. Əvvəllər 150-200 manata ev tapırdınsa, indi bu qiymətə ev tapmaq mümkün deyil. Metro ətrafında kirayə mənzillərin qiyməti 250-300 manat arasında dəyişir. Həyət evlərində isə bu qiymət bir otaqlı mənzillər üçün 150-200 manatdır. Bəzən imkansızlıq üzündən bir otaqda 4-5 nəfər tələbə qalmalı olur. Bəzi ev sahibləri isə tələbənin sayına görə mənzilini kirayə verir. Məsələn, 5 nəfər tələbə bir evdə qalır, hərəsi 50 manat ödəyir.
İqtisadçı ekspertlər də kirayə mənzillərin qiymətlərinin bahalaşmasını dərs ilinin başlanması ilə əlaqələndirir. Araşdırmalar göstərir ki, ötən dövr ərzində kirayə mənzil qiyməblərində 6 faiz artım olub. Bu artımın əsas səbəbi odur ki, tələb təklifi üstələyir. Tələb əsasən ucuz mənzillər üzərində, xüsusən də təhsil ocaqlarına, metro stansiyalarına yaxın ərazilərdə formalaşır. Proqnozlara görə, bahalaşma sentyabrın ortalarında daha da artacaq. Ev axtaranlar evi ali məktəblərə yaxın ərazilərdə istədiyindən, həmin ərazilərdə qiymətlər daha çox qalxır. Bu ərazilərə, əsasən, "Elmlər Akademiyası", "Nərimanov", "İnşaatçılar", "Gənclik" metrostansiyaları yaxınlığında, Azadlıq prospektində, Montin qəsəbəsində yerləşən evlər aiddir.
Mütəxəssislərə görə, payız aylarında, tələbələrlə yanaşı, bölgələrdən işləmək üçün də Bakıya xeyli insan gəlir. Bu səbəbdən də kirayə evlərə tələbat artmış olur. Bu fürsəti isə işbazlar əldən vermək istəmir. Elə buna görə də yay mövsümündə metro stansiyaları yaxınlığında kirayə üçün 200 manata təklif edilən evlərin qiyməti payız girən kimi qəfildən 250-350 manat olur. Amma bununla belə, mərkəzdən azacıq uzaq rayonlarda kirayə haqqı nisbətən ucuz ev tapmaq olur.
Artıq demək olar ki, şəhərin mərkəzində münasib qiymətə kirayə ev tapmaq mümkün deyil. Bu səbəbdən də bölgədən gələn tələbələr əsasən üstünlüyü şəhər kənarında və Bakı kəndlərindəki kirayə mənzillərə verirlər. Bu ərazilərdə 150 manata mənzil tapmaq mümkündür. Lakin aşağı qiymətə olan evlər pis şəraitdədir.
Mikrorayonlara gəlincə, alqı-satqı ofislərindən bildirilir ki, tələbat artsa da, həmin ərazilərdəki kirayə evlərin qiymətləri cüzi bahalaşıb və ya olduğu kimi qalır. Onu da bildirək ki, kirayə bazarında qiymətləndirmə mexanizmləri bir neçə prinsip əsasında aparılır. Burada əsas rol oynayan amillər evin çoxmənzilli binada yerləşməsindən və ya fərdi həyət olmasından, eləcə də ərazidən asılı olaraq dəyərləndirilir.
Ekspertlər bildirir ki, kirayə mənzil bazarında qiymətlərin aşağı düşməsi üçün daşınmaz əmlakın alqı-satqısı prosesi aktivləşməlidir. Mütəxəssislərin bildirdiyinə görə, daşınmaz əmlak bazarında canlanmanın baş verməsi üçün ilk olaraq ölkədə məşğulluğun səviyyəsi artırılmalı, yeni iş yerləri açılmalı, kredit şərtləri yumşaldılmalı, əhalidə alıcılıq qabiliyyəti yüksəlməli, şəhərdə yenidənqurma işləri aparılmalı, köhnə və fiziki aşınmaya məruz qalmış obyektlər sökülməlidir. Bundan başqa, miqrasiya şərtləri yumşalmalı, əhalinin sosial tərkibi dəyişməlidir. Hələlik isə aydın görünür ki, bu gün ucuz mənzillərə olan təlabat baha və orta qiymətə olan mənzillərə nisbətən, az da olsa, çoxluq təşkil edir. Bunun nəticəsi olaraq ucuz mənzillərin qiymətləri nisbətən stabil qalmaqdadır. Bu seqmentə aid mənzillər əsasən təkrar bazarda olan layihələrdir. Yəni onlar "Xruşşovka", "Leninqrad", "Kiyev", "Fransız" layihəli mənzillərdir. Bunun əksi olaraq bahalı mənzil seqmentinə aid mənzillərin qiymətində xeyli fərqi müşahidə etmək mümkündür. Hazırkı şəraiitdə isə kirayə evlərin qiymətinin yüksək olaraq qalacağı proqnozlaşdırılır. Bu isə indiki şəraitdə tələbə kateqoriyasına qətiyyən sərf etmir.
Elvin Rüstəmov
Digər Xəbərlər
2024-11-26 00:55:40
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52