Mingəçevirin polis rəisi ilə bağlı ittihamlar səngimir; görəvdən alınması tələb olunur
11:18 28-08-2015
İQTİSADİYYAT
Mingəçevirin polis rəisi ilə bağlı ittihamlar səngimir; görəvdən alınması tələb olunur
Cəmiyyət Ələsgər Bədəlova şiddətli töhmət verilməsini yetərli hesab etmir
Ölkə gündəminin əsas müzakirə mövzularından biri Mingəçevir şəhər Polis Şöbəsində bir neçə gün əvvəlki dəhşətli ölüm hadisəsidir.
Xatırladaq ki, Mingəçevir sakini Bəhruz Hacıyev avqustun 20-də şəhər polisinə gətirilib. Onun narkotik istifadəçi olması barədə şübhələr olub. Şöbəyə gətirilən B.Hacıyev 10 dəqiqə sonra müəmmalı şəkildə ölüb. Bundan sonra B.Hacıyevin qohumları ilə polis arasında qarşıdurma yaşanıb. Qarşıdurma zamanı saxlanılanlar və yaralananlar olub.
Ölüm faktı ilə bağlı Mingəçevir şəhər Polis Şöbəsinin bir əməkdaşı həbs olunub. Amma bunu yetərli hesab etməyənlər var. Bildirilir ki, şöbə rəisi Ələsgər Bədəlov barədə də ciddi ölçü götürülməlidir. Onun sadəcə, şiddətli töhmətlə cəzalandırılması gələcəkdə də oxşar halların yaşana biləcəyi ehtimalını artırır.
Maraqlıdır ki, şiddətli töhmət alan polis rəisi mətbuata açıqlamasında belə demişdi: "Daxili işlər naziri cənab Ramil Usubova təşəkkür edirəm ki, mənə etimad göstərdi. Vicdanımla deyirəm ki, işdən uzaqlaşdırılacağımı düşünürdüm. Amma cənab nazir mənə etimad göstərdi, çox sağ olsun, verilən şiddətli töhmət də az cəzadır".
İctimai rəydə Bədəlovun bu açıqlaması ciddi müzakirələrə yol açıb və polis rəisini növbəti dəfə tənqid hədəfinə çevirib. Əvvəla hesab olunur ki, şiddətli töhmət alan şöbə rəisinin bundan sevinməsini açıq büruzə verməsi, hətta nazirə təşəkkürünü açıq ifadə etməsi doğru deyil. Axı Ələsgər Bədəlov özü də etiraf edir ki, ona verilən şiddətli töhmət yüngül cəzadır. Heç olmasa, elə bunu nəzərə alıb, daha fərqli açıqlamalar vermək olmazdımı? Məsələn, Bədəlov etika xatirinə baş verənlərə görə üzr istəyərək, özünü məsul hesab etdiyini və vəzifəsindən istefa verməyə hazır olduğunu dilucu da olsa, deyə bilməzdimi? Bu da mümkün deyildisə, polis rəisi heç olmasa, bir daha belə hadisələrin yaşanmayacağına təminat verə bilərdi. Amma biz onun açıqlamasında sadalananlardan heç biri ilə rastlaşmır, əvəzində onun şiddətli töhmətlə vəziyyətdən çıxdığına görə az qala toy-bayram etməsini görürük.
İkincisi, son vaxtlar ölkə başçısı öz çıxışlarında dəfələrlə yerli məmurlara vətəndaşları incitməmək, onları narazı salmamaq barədə göstərişlər verir, xəbərdarlıq edir. Amma biz bir çox hallarda müəyyən vəzifəli şəxslərin həmin tapşırıq və göstərişlərə etinasız münasibətinin şahidi oluruq. Belə vəzifəli şəxslər arasında ölkənin bəzi rayonlarının polis rəislərini də aid etmək olar. Artıq bu sıraya Mingəçevir şəhər Polis Şöbəsinin rəisi Ələsgər Bədəlovun da adı əminliklə əlavə oluna bilər.
Xüsusilə qarşıdan parlament seçkiləri gəldiyi bir vaxtda Mingəçevir şəhər Polis Şöbəsində baş verən hadisə qəbulolunmazdır. Bu cür hadisələr vətəndaşları hökumətdən narazı salır. Seçki ilində isə belə narazılıqların izahı çətindir. Ona görə də baş verənlərlə bağlı daha sərt cəza tədbirlərinin görülməsi zəruridir. Belədə analoji halların yaşanmasını da minimuma endirməmək mümkündür.
Məhz, bu mənada Mingəçevir şəhər Polis Şöbəsindəki ölüm faktına görə hansısa baş leytenantı sərt formada cəzalandırılması ictimai rəydə yetərli sayılmadı. Cəmiyyət arasında belə bir fikir hakimdir ki, məlum hadisədə polis rəisinin məsuliyyəti kənara qoyula bilməz. O, öz əməkdaşlarının davranışlarından məsuldur. Ən azı rəhbərlik etdiyi polis şöbəsi əməkdaşlarının vətəndaşlarla qanuni rəftar etməsini təmin etmək onun birbaşa borcudur.
Ona görə də Ələkbər Bədəlovun yalnız şiddətli töhmətlə məsuliyyətdən azad olması ictimai rəydə qınaqlara yol açıb. Hesab olunur ki, bu, başqa səbəblərlə (məsələn, polis rəisinin güclü əl tərəfindən himayə olunması ilə) bağlı ola bilər. Amma səbəbin nə olmasından asılı olmayaraq, ölkə başçısının vətəndaşları incidən, onları narazı salan məmurlara xəbərdarlıqları unudulmamalıdır. Dövlət rəhbərinin belə məmurların kəskin şəkildə cəzalandırılması tələbi də kimliyindən asılı olmayaraq hər kəsə, eləcə də Mingəçevirdə vətəndaşların etiraza qalxmasına yol açan hadisənin baş verdiyi şəhər polis şöbəsinin rəisinə qarşı yerinə yetirməlidir.
Əks halda, nə ölkədə məmur qanunsuzluqlarını tamamilə aradan qaldırmaq, nə də vətəndaşların etiraz aksiyaları ilə müşayiət olunmağa başlayan narazılıqlarından sığortalanmaq olar.
Elvin Rüstəmov
Digər Xəbərlər
2024-11-26 00:55:40
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52