Elman Rüstəmov yenidən ağır ittihamların hədəfində
10:20 29-08-2015
İQTİSADİYYAT
Elman Rüstəmov yenidən ağır ittihamların hədəfində
Mərkəzi Bank dəyişən rejimdə yeni strategiya qura bilməməkdə günahlandırıldı
Son günlər Azərbaycan Mərkəzi Bankına (AMB) qarşı tənqid və ittihamlar yenidən intensivləşib. Elman Rüstəmovun rəhbəri olduğu qurumun fəaliyyəti əksər ekspertlər tərəfindən effektiv hesab edilmir, bu da istər-istəməz AMB-nin iradlara tuş gəlməsinə yol açır.
Məsələn, iqtisadçı alim Qubad İbadoğlu bildirib ki, Mərkəzi Bankın bu günlərdə açıqladığı 2015-ci ilin 6 ayının yekunlarına həsr olunmuş pul siyasəti icmalının təhlili bır sıra mətləblərə aydınlıq gətirib. O, qeyd edib ki, icmala görə bu ilin 1-ci yarısında valyuta bazarının ümumi həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfədən çox artıb: "Valyuta bazarında əməliyyatların 89%-i ABŞ dollarında, qalan 11%-i isə digər valyutalarda aparılıb. 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə ABŞ dolları ilə əməliyyatların həcmi 2 dəfə, Avro ilə əməliyyatların həcmi isə 2.3 dəfə çoxalıb. Bu dövrdə ticarət balansının müsbət saldosu 5 dəfəyədək azalıb".
Q.İbadoğlu vurğulayıb ki, 2015-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətlərində məzənnə rejmini əsasən dəyişməz saxlayacağını bəyan edən və buna müvəffəq ola bilməyən Mərkəzi Bank dəyişən rejimdə yeni strategiya qura bilməyib: "Mərkəzi Bankınn son dövrlər həyata keçirdiyi tədbirlər strategiyasız taktikalardır. Belə ki, Mərkəri Bank 21 fevral 2015-ci ildən etibarən tətbiq edilən yeni əməliyyat mexanizmi çərçivəsində valyuta bazarının fəal iştirakçılarından biri olaraq qalsa da, onun valyuta bazarında əməliyyatları müdaxilə dəhlizi çərçivəsində (satış və alış məzənnələri arasında diapazon) həyata keçirməsi yalnız taktiki xarakter daşıyır və inzibati əsaslara söykənən köhnə məzənnə siyasəti çərçivəsində əvvəllər aparılan əməliyyatların təkrarıdır".
Ekspert hesab edir ki, ölkədə bank sektorunun maliyyə dərinliyinin artırılması, faiz dərəcələrinin aşağı salınması və onun iqtisadi artımda daha effektiv iştirakının stimullaşdırılması istiqamətində həyata keçirilən tədbirlər demək olar ki, heç bir səmərə vermir: "Mərkəzi Bankı 2015-ci il son rübü üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətlərinə dair bəyanatına yenidən baxmağa və hazırkı situasiyada bazar elementlərinin də rol aldığı yeni məzənnə siyasətinə keçidi təmin etməyə çağırıram. Əks təqdirdə manatın məzənnəsinin sabitliyinə təhlükələr artacaq və milli valyutanın sabitliyi üçün risklərin minimallaşdırılmasınına nail oluna bilməyəcək".
Başqa bir tanınmış iqtisadçı, millət vəkili Vahid Əhmədovun da hədəfində Mərkəzi Bank var. O da hesab edir ki, AMB öz siyasətində çox ciddi dəyişiklik etməlidir. Vahid Əhmədov deyib ki, Mərkəzi Bankın son vaxtlar atdığı addımlar kosmetik xarakter daşıyır: "Ümumiyyətlə Mərkəzi Bank ölkənin bank sistemində ciddi islahatlar aparmalıdır. Xüsusilə bank sistemində yaranmış korrupsiya, problemli borcların günü-gündən artması təhlükəli vəziyyət yaradıb. Görün məsələ nə qədər böyüdüsə ölkə başçısı problemli kreditlərin qaytarılması üçün hüquq-mühafizə orqanlarına sərt göstərişlər verdi. Halbuki bütün bunları Mərkəzi Bankın özü tənzimləməliydi və belə bir acınacaqlı vəziyyətin yaranmasına yol verilməmıliydi. Mərkəzi Bank ölkədə pul-kredit siyasətini həyata keçirən orqandır. Ona görə də Mərkəzi Bank elə bir tənzimləyici siyasət aparmalıydı ki, kreditlərin qaytarılmasında belə xoşagəlməz olaylar yaşanmasın. Axı necə ola bilər ki, hansısa bank bir milyarada yaxın kredit versin, amma Mərkəzi Bankın bundan xəbəri olmasın?".
Vahid Əhmədov əlavə edib ki, verilən kreditlərin təyinatı üzrə xərclənməsinə də bankların nəzarəti demək olar ki, yox dərəcəsindədir. Halbuki buna da Mərkəzi Bank cavabdehdir: "Yəni kredit hansısa biznes layihələrinin icra olunmasına, yeni iş yerlərinin yaradılması, istehsalın genişləndirilməsinə verilir, daha ona görə verilmir ki, həmin vəsaiti dədənin malı kimi kefin istədiyi şəxsi işlərinə xərcləyəsən. Krediti verən bank mütəmadi monitorinqlər aparmalıdır ki, bu kredit hara və necə xərcləndi. Amma bankların burada şəxsi maraqları olduğu üçün bu məsələyə fikir vermirlər. Ona görə də ölkənin bank sistemində belə bir çətin vəziyyət yaranıb. O ki, qaldı Mərkəzi Bankın 21 fevraldakı sərt devalvasiyasına, mən o vaxt da demişdim, yenə də təkrar edirəm ki, bu cür qəfil addımlar atılmasına ehtiyac yox idi. Daha doğrusu, bir il öncədən bu devalvasiyanı yumşaq şəkildə həyata keçirmək olardı. Indi də ikinci devalvasiyanın labüdlüyü məsələsi ortaya çıxıb və dünya bazarında neftin qiymətləri kəskin şəkildə aşağı düşür. Biz istəsək də, istəməsək də manatın kursunu sabit saxlamaq mümkün olmayacaq. Çünki inzibati yolla dövlət öz ehtiyatından külli miqdarda vəsait ayıraraq manatın məzənnəsini zorla saxlaya bilməyəcək. Ona görə də manatın məzənnəsini bazar qiymətlərinə gətirib çıxarmaq lazımdır. Yəni bu prosesi sürüşkən məzənnə prinsipiylə aparmaq lazımdır ki, insanlar ikinci dəfə kəskin devalvasiya şoku yaşamasın. Mərkəzi Bank niyə bunu eləmir, mən hələ də bunu anlaya bilmirəm. Digər tərəfdən, dəfələrlə desək də təkrar etmək istəyirəm ki, Azərbaycan kimi ölkələrə bu qədər bank lazım deyil. Indi ölkədə 43-44 bank var, doğrudur, son dövrlər onların bir neçəsi bağlandı. Amma 40 bankın özü də çoxdur. Həmin bankların kredit portfelinə, dövriyyə vəsaitlərinə, likvidliyinə baxdıqda çox aşağı səviyyədə olduğu görsənir. Ona görə də əksər banklar mövcud bank sistemində fəaliyyət göstərmək imkanına malik deyillər".
Göründüyü kimi, ölkənin tanınmış iqtisadçıları manat ətrafında yaranmış vəziyyətin günahkarı qismində Elman Rüstəmovu, onun rəhbərlik etdiyi Mərkəzi Bankı görürlər. Əksər ekspertlərin mövqeyi də bu cürdür. Belədə isə hesab etmək olar ki, qarşıdakı dövr AMB və onun rəhbəri üçün xeyli çətin keçəcək. Hətta istisna olunmur ki, proseslərin sonrakı gedişi Mərkəzi Bank rəhbərinin əvəzlənməsini zəruri etsin.
Elvin Rüstəmov
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53