Azərbaycanda bir neçə nazir və komitə sədri qorxu içində
10:43 01-09-2015
İQTİSADİYYAT
Parlament seçkilərindən sonraya planlaşdırılan hökumət islahatı kimləri əndişəyə salıb?
Azərbaycanda parlament seçkilərindən sonra hökumət daxilində bir sıra önəmli islahatların həyata keçiriləcəyinə dair iddialar ciddiləşir. Belə ki, bir müddət əvvəl Azərbaycanda müxtəlif nazirliklərin, paralel fəaliyyət göstərən qurumların birləşdiriləcəyi müzakirə obyektinə çevrilmişdi. Ölkədəki iqtisadi proseslər məsələni yenidən gündəmə gətirir. Artıq hökumətə yaxın şəxslər də bu mövzuda yüksək səslə danışmağa başlayıblar.
Məsələn, bir neçə gün əvvəl Milli Məclisin üzvü Zahid Oruc KİV-ə açıqlamasında bu barədə maraqlı açıqlamalar verib. Onun sözlərinə görə, hökumətdə belə birləşdirmələr nəzərdə tutulur "Paralel iqtisadi təşəbbüskarlıq, maliyyə fəaliyyəti, bank sektoru, kreditlərlə bağlı məsələlər, o cümlədən kənd təsərrüfatı, aqrar sektorun daha da dirçəlməsi, əhalinin müxtəlif təbəqələrinin həyat şəraitinin yaxşılaşdırılması, kreditləşdirilmə və s. bütün bunlar funksiyaları baxımından bir-birinə yaxın olan dövlət qurumlarının birləşməsini zəruri edir… Dünyada dəqiq normativlər var. Konkret olaraq əhalinin 100 min nəfərinə düşən strukturlar, məmur sayı, məmur aparatı sistemi və s. onların çalışması üçün dəqiq modellər işlənib hazırlanıb. Azərbaycan Avropada mövcud olan məlum mexanizmləri ölkəyə gətirməkdə maraqlıdır. Bu baxımdan, bir-birini təkrarlayan qurumlar birləşdirməlidir. Bunu ölkə başçısının ideyalarına söykənərək deyirik. Bəziləri bir çox hallarda hansı səbəbdən bu qədər insanın işsiz qalmasına, məmurların fəaliyyətinin üzərindən xətt çəkilməsinə getmək istədiyimizlə maraqlanır. Nəzərinizə çatdırım ki, məmurun sayının daha çox olması bizi qabağa aparmır. Məndə olan məlumatlara görə, seçkidən sonra məhz bu cür paralel qurumların birləşdirilməsinə gediləcək. Hazırda Azərbaycanda ən azı 6-8 qurumun birləşdirilməsi vacibdir və hökumət səviyyəsində bu qurumlar araşdırılır. Əminəm ki, prezident tərəfindən seçkidən sonra bu cür dövlət qurumları arasında birləşmələrin həyata keçirilməsi və daha dəqiq nazirliklərin formalaşması prosesi sürətlənəcək. Söhbət nazirlikdən daha çox ayrı-ayrı komitə və qurumların birləşdirilməsi, müxtəlif agentliklərin fəaliyyəti ilə bağlı əlaqələndirmələrin aparılması, səhmdar cəmiyyət modelinin kütləviləşməsindən gedir. Səhiyyə sahəsində dövlət xəstəxana sisteminin kütləvi saxlanması effektli deyil. Bəlkə də onların özəlləşdirilməyə çıxarılması daha effektli olar və rəqabət mühitinə təsir edər. O cümlədən, kənd təsərrüfatı sahəsi ilə bağlı məsələlər çevik reallaşdırılmalıdır. Hökumətin optimal modelini qurmaq vacibdir".
Qeyd edək ki, müstəqil ekspertlər də Azərbaycanda hökumət islahatlarına müəyyən nazirlik və komitələrin birləşdirilməsindən, yaxud onların tamamilə ləğvindən başlamağı məqsədəuyğun sayırlar. Məsələn, iqtisadçı ekspert Qadir İbrahimli hesab edir ki, post-neft dövründə iqtisadi və idarəetmə islahatlarına başlamadan keçinmək mümkün deyil. "Həm komandaya etimadsızlıq, həm də böyük məbləğli dövlət xərclərinin optimallaşdırılması zərurəti komandanın yeniləşməsini, oliqarxların texnokratlarla, menecerlərlə əvəzlənməsi zərurətini yaradır. İndki komandanın əsas prioriteti neft pullarını xərcləmək idisə, yeniləşmiş komandanın mandatı dövlətin maliyyə-iqtisadi resurslarından maksimum səmərəli istifadə etmək və büdcəni doldurmaqdan ibarət olmalıdır. Obrazlı desək, pul xərcləyən hökuməti pul qazanan hökumət əvəzləməlidir… Xərclərin optimallaşdırılması, paralel strukturların ləğv edilməsi, idarəetmənin sadələşdirməsi hazırda hökumətin əsas prioritetlərindən biridir. Neft dövrünün nəhəng idarəetmə aparatı artıq ölkənin inkişafında problemə çevrilib. Post-neft dövründə sadələşmiş, ancaq cevik, qlobal və yerli tendensiyalara adekvat cavab verən hökumətə ehtiyac var" deyə o, bildirib.
Parlament seçkilərindən sonraya gözlənilən məlum islahatların hansı nazir və komitə sədrlərini "vuracağına" dair isə ilkin ehtimallar ortadadır. Bu sırada Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun adı ön plana çıxanlardan biridir. Onun rəhbərlik etdiyi qurumun Xarici İşlər Nazirliyinin tabeliyinə keçməsi gözlənilir. Bundan başqa, Oqtay Şirəliyev də payızda postsuz qala bilər - onun rəhbərlik etdiyi Səhiyyə Nazirliyinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birləşdirilməsi təklif olunur.
Başqa bir iddiaya görə isə Ramiz Həsənovun rəhbərlik etdiyi Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin ləğvi, funksiyalarının isə Şahin Mustafayevin rəhbəri olduğu İqtisadiyyat və Sənaye Nazirliyinə verilməsi kifayət qədər gözləniləndir.
Sadalananlardan başqa, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Statistika Komitəsinin də ləğvinin nəzərdə tutulduğuna dair iddialar var. Həmçinin Kənd Təsərrüfatı Nazirliyinin ləğv edilərək səlahiyyətlərinin İqtisadiyyat və Sənaye Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında bölüşdürülməsi də müzakirə edilir.
İddialara görə, Dövlət Gömrük Komitəsinin ləğv edilməsi, səlahiyyətlərinin bir qisminin ASAN xidmətə, bir qisminin isə Vergilər Nazirliyinə verilməsi nəzərdə tutulur.
Ekspertlər əminliklə bildirirlər ki, əgər bu proses başlayarsa, o zaman prosesin gedişi təkcə lazımsız ştatların ləğvi ilə dövlət büdcəsinə qənaət deyil, həm də illərdir kreslolarından qopmayan korrupsiyaya bulaşmış böyük bir məmur ordusunun getməsi ilə nəticələnəcək.
Eyni zamanda getdikcə ciddiləşən islahat gözləntilərinin artıq indidən xeyli nazir və komitə sədrinin yuxusunu qaçırdığını, onlara vəzifələrini itirmək qorxusu yaşatdığını əminliklə söyləmək olar.
Sənan Mirzə
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53