Sumqayıtda sahibkarlara divan tutulur
12:26 30-05-2012
CƏMİYYƏT
Sumqayıtda sahibkarlara divan tutulur
İcra başçısı Eldar Əzizov bütün dükanların üzərinə "alkapon haqqı" qoyub
Sumqayıtda sahibkarların vəziyyəti acınacaqlıdır. Kritik həddə çatan durumdan çıxış yolu tapa bilməyən iş adamları isə məcburiyyət qarşısında qalaraq, mətbuata üz tutmalı olublar. Bu barədə qəzetimizə verilən məlumatda deyilir ki, Sumqayıtın icra başçısı Eldar Əzizovun "qanunsuz tikili" olması bəhanəsi ilə bir neçə rayonda sökdürdüyü dükanların aqibətlərinə aydınlıq gəlib.
Məlumatı verən sahibkarlar bildirirlər ki, hal hazırda Sumqayıtdakı 17-ci, 18-ci, 2-ci, 3-cü və digər mikrorayonlarda yol qırağında, Nərimanov küçəsi, Sülh küçəsi boyunca sökdürülən dükanların yeri ayrı-ayrı məmurlara satılmağa başlayıb.
Onlar bildirirlər ki, şəhərdə satmaq üçün boş yer qalmadığından "problemlə" rastlaşan yerli məmurlar bu metodla vəziyyətdən çıxmaq üçün "orjinal" metod tapıblar. Həmin "metod" nəticə etibarı ilə onların külli miqdarda qazanc əldə etməsini şərtləndirir. Lakin Sumqayıtda baş verənlər bununla yekunlaşmır.
"Unikal"a danışan sahibkarlardan biri qeyd edir ki, şəhərdəki 34-cü məhəllənin "Sputnik" adlanan hissəsində yerləşən dükanların sahiblərinin hər birindən abadlaşdırmaq adı ilə 10-20 min manat, bəzi dükanlardan isə 70 min manat "xərac" alıblar. Alkapon vurulması bəhanəsi ilə alınan pulların müqabilində isə həmin dükanlara 3-4 min manatlıq xərc çəkiblər. Bununla ürəyi soyumayan Eldar Əzizov və adamları Sülh küçəsindəki binaların təmir pulunu da həmin dükanların sahiblərinin üzərinə qoyub.
Mənbə bildirir ki, bu rəqəm heç də kiçik deyil. Belə ki, İcra Hakimiyyətinin tələbinin yerinə yetirilməsi 150 min manata başa gələcək. "Qərar verilib ki, həmin binaların altındakı dükanların sahibləri qeyd olunan pulu verməlidirlər. Əks təqdirdə, müxtəlif bəhanələrlə həmin dükanları cəzalandıracaqları barədə xəbərdarlıq olunub. Aydın məsələdir ki, onlar sahibkarların üzərinə vergi və digər dövlət qurumlarını göndərməklə onları külli miqdarda cərimələtdirəcəklər. Bu isə həmin obyektlərin əllərindən çıxması deməkdir".
Sumqayıtdan gələn xəbərlərdə deyilir ki, binaların üzlərinin təmir olunması məqsədi ilə dövlət büdcəsindən yetərli qədər pul ayrılıb. Lakin həmin pulların böyük bir qisminin taleyi məlum deyil. "Şəhərin bir neçə hissəsində binaların üzlərinə ağ daş vurulduğunu görə bilərsiz. Lakin yaxından diqqət etdikdən sonra bunun adi bir daş olduğunu ayırd etmək elə də çətin məsələ deyil. Mütəxəssislər də deyirlər ki, bu örtüklərin ömrü heç də uzun olmayacaq".
Bundan başqa, şəhərdə aparılan abadlıq və yenidənqurma işlərində də ciddi yeyinti hallarının baş verdiyinə dair xeyli sayda məlumatlar var. Tikinti işlərində çalışan ustalardan bir neçəsinin dediyinə görə, Sumqayıtda abadlıq işləri ilə əlaqədar smetada rəqəmlər hər nə qədər göstərilsə də, real məbləğ ondan xeyli azdır. "Bu yaxınlarda zavodlara məxsus binalarda usta işləyirdim. Bizə tabeldə gündəlik 50 manata qol çəkdirsələr də, aldığımız məbləğ cəmi 20 manatı aşmırdı. Yerdə qalan 30 manatın aqibətini isə yəqin ki, icra başçısı bilir".
Bu əsnada bəzi sahibkarların obyektlərinin bağlanması da faktdır. Sumqayıtda baş verən bu özbaşınalığa etiraz edən həmin iş adamları bildirirlər ki, Eldar Əzizov Sumqayıta yeni başçı təyin olunan gündən bütün obyektləri, xüsusən də Heydər Əliyev prospektindəki obyektlərin qarşısına alkapon və qara şüşə vurma kampaniyasına başlanılıb. "Bu kampaniyanın pulunu isə obyekt sahiblərindən tələb edirlər. Verməyənlərin obyektlərini bağlayırlar".
Onlar bildirirlər ki, İcra Hakimiyyətinin onlardan külli miqdarda pul istəyir. Sahibkarlar bildirirlər ki, küçələrə düzdükləri tametə və yol qırağı mərmər bardürlərə görə onlardan külli miqdarda pul istəyirlər. "İmtina etdikdə polis işçiləri ilə birgə bizə hücum çəkir və obyekti bağlamağımızı tələb edirlər. Həmçinin istədikləri pulu vermədiyimiz halda bizə başqa qurumların vasitəsi ilə "torba" tikəcəkləri ilə hədələyirlər. Yuxarı instansiyalara müraciət edəcəyimizi bildirdikdə deyirlər ki, hara istəyirsinizsə, gedin. İcra Hakimiyyətinin bu işləri görən maklerləri göstərişin elə yuxarıdan gəldiyini bildirirlər".
Qeyd edək ki, dövlət başçısının sərəncamı ilə bu yaxınlarda Sumqayıt şəhərinin abadlaşdırılması üçün dövlət tərəfindən 5 milyon manat ayrılıb. Lakin həmin pulların aqibətindən heç bir xəbər yoxdur. Sahibkarlar deyirlər ki, artıq canları boğaza yığılıb. "Bu qədər pul ayrılıbsa, bəs, onlar hara sərf olunub? Bu gün hər 50 kv.metrə görə bizlərdən 4500 manat tələb edirlər".
Bəzi məlumatlara görə, Sumqayıtdan olan sahibkarlar baş verənlərdən bezərək, etiraz aksiyasına başlamaq fikrindədirlər. Onlar bu şəkildə davam edərsə, tamamilə müflis olacaqlarını deyirlər. Sumqayıtlı iş adamları qeyd edirlər ki, Eldar Əzizovdan edilən şikayətlərə baxılmaması da onları belə bir addım atmağa vadar edir. Ona görə də, rəsmi dairələrdən tələb edirlər ki, baş verənlərlə bağlı ölçü götürsünlər.
Cavid Qarabağlı
Digər Xəbərlər
2024-12-25 12:50:14
2024-12-25 12:45:56
2024-12-25 12:45:00
2024-12-25 12:44:53
2024-12-25 12:44:00
2024-12-25 12:30:42
2024-12-25 12:30:00
2024-12-25 12:29:47
2024-12-25 12:18:53
2024-12-25 12:15:02
2024-12-25 12:14:00
2024-12-25 12:00:37
2024-12-25 11:57:00
2024-12-25 11:41:00
2024-12-25 10:48:19
2024-12-25 10:48:12
2024-12-25 10:43:00
2024-12-25 10:27:00
2024-12-25 10:15:33