Ərdoğan hakimiyyətdən Yeltsin kimi gedə bilərmi?
10:27 02-09-2015
İQTİSADİYYAT
Ədalət və İnkişaf Partiyasının və onun "bani"sinin yüksəlişi keçmişdə qalıb
"Biz prezident Rəcəb Tayyib Ərdoğanı Rusiya dövlətinin başçısı Vladimir Putinlə tutuşdurmağa adət etmişik. Lakin mənim fikrimcə, Ərdoğanın "yeni Rusiya"nın ilk lideri Boris Yeltsinlə daha çox ümumi cəhətləri var. Hətta son zamanlar bu sual mənə rahatlıq vermir: Ərdoğan hakimiyyətdən Yeltsin kimi gedə bilərmi?" Bunu Türkiyəli analitik Hasan Aksay özünün son məqaləsində ("T24" (Türkiyə), 27.08.2015) yazıb.
Maraqlı olacağını nəzərə alıb, həmin məqaləni təqdim edirik: "Heç kim bunu ucadan deməsə də, Ədalət və İnkişaf Partiyasının (AKP - redl.) və onun "bani"sinin yüksəlişi keçmişdə qalıb. İndi beyinləri bu fkir məşğul edir ki, Qəzzadan sonra dekabrın 17-də və nəhayət, iyunun 7-də geri dönmüş proses istənilən an güc toplaya bilər.
Kürd məsələsinin dinc həlli heçə çıxdı və qanlı mərhələyə keçdi. Dəfn mərasimlərində etirazlar baş qaldırır. Bütün bunlar 1 noyabr seçkilərinin (əlbəttə, baş tutarsa) prezident üçün olduqca mənfi nəticələrə gətirib çıxara biləcəyi haqda düşünməyə məcbur edir.
Geniş yayılmış başqa bir fikir budur ki, "Seçki yoluyla hakimiyyətə gəlmiş Ərdoğan seçkilər yolu ilə hakimiyyətdən getməmək üçün hər şey edə bilər"...
Bu belədirmi? - məlum deyil.
Lakin hadisələrin indiki gedişatı dəyişilməsə, Ərdoğan siyasi səhnəni Rusiyanın keçmiş lideri Yeltsin kimi uğurlu şəkildə tərk etməyə bilər.
Hiyləgər,
qəddar, kinli...
Yeltsinin özəlliklərini sadalayan Rusiya və Qərb analitikləri, həmçinin KİV sıradakıları qeyd edirdilər: güclü xarizma, kütləni öz ardınca aparmaq bacarığı, yoxsul intellektual və mədəni baqaj ehtiyatı, gözlənilməz və bəzən riskli siyasi qərarlar, inadkarlıq, gərəkəndə hiyləgərlik və yalana əl atmaq, daim "düşmən" axtarmaq yolu ilə tərəfdarları səfərbər etmək, kini gizlətmək, qəddarlıq, doyulmaz hakimiyyət ehtirası...
Heç kimi xatırlatmır?
Təhsilə səyləri ilə heç vaxt yadda qalmayan Yeltsin komsomol və Sovetlər Birliyi Kommunist Partiyasının sıralarında olduqca fəal şəkildə çalışıb. Bunun sayəsində onu çoxlu önəmli vəzifələrə təyin ediblər. Ağır çəkisinə və aravuran olduğuna baxmayaraq, Yeltsin yaxşı idmançı idi (uzun müddət voleybolla, sonra isə tennislə məşğul olub).
1980-ci illərin ortalarında (sonradan düşmən elan etdiyi sovet lideri Qorbaçovun sayəsində) Uraldan Moskvaya gəlmiş Yeltsin ölkənin ən böyük şəhərində partiya təşkilatının rəhbərliyinə, Mərkəzin Komitənin üzvlüyünə və hətta Siyasi Büroya qədər ucaldı. Yeltsin xeyli qalmaqallara cəlb olundu, ona görə araşdırmalar aparıldı. O, bu durumların əksəriyyətindən itkisiz çıxa bildi. Lakin 1988-ci ildə partiya funksiyaları və səlahiyyətlərindən bəzilərini itirdi. Yeltsin iki il ərzində xalq içində populyarlığın artıra bildi və 1990-cı ildə sovet hökuməti zəifləyərkən partiyadan çıxdı və Qorbaçova qarşı mübarizə bayrağı qaldırdı.
1991-ci il iyunun 12-də baş tutmuş seçkilərin nəticələrinə görə Yeltsin Rusiyanın (o zaman hələ Sovetlər Birliyinə aid idi ) xalq tərəfindən seçilmiş ilk prezidenti oldu. 1991-ci il 19 avqust çevrilişindən sonra gücünü sürətlə itirən Qorbaçovu hakimiyyətdən məhrum edən Yeltsin həmin ilin sonunda Sovetlər Birliyinin dağılmasının təşəbbüskarı kimi çıxış etdi.
Korrupsiya və
qanlı olaylar
Rusiya Yeltsinin idarəçiliyi dönəmində xeyli sarsıntılardan keçdi. 1990-cı illərin əvvəli xalqın ağlasığmaz yoxsulluğu və "vəhşi kapitalizmin yaranması" dövrü idi. Yeni meydana çıxmış iş adamları bu illərdə şaxta və zavodları talayırdılar. Onların ən güclülərinin Yeltsin və onun siyasi komandası ilə sıx münasibətləri var idi. O dövrün korrupsiya qalmaqallarında Rusiyanın məşhur maqnatlarının, keçmiş sovet nomenklaturasının, hakim partiya liderlərinin, kəşfiyyat qurumlarının rəhbərlərinin və Yeltsinin yaxın çevrəsinin (məsələn, kiçik qızı və müşaviri Tatyana Dyaçenko-Yumaşevanın) adlarının hallanması diqqəti çəkir.
Rusiya lideri çoxlu qanunsuzluqlara və zorakılıq aktlarına cəlb edilmişdi. 1993-cü ilin payızında parlamentlə kəskin münaqişədən sonra onun əmriylə müxalif deputatların olduğu Ağ Evi atəşə tutdular ki, nəticədə onlarla insan həlak oldu və yüzlərlə siyasətçi həbs edildi. Yeltsin 1996-cı ildə öz seçkiqabağı kampaniyasını Qərb dövlətlərinin və "yeddi oliqarx"ın maliyyə dəstəyi il keçirtdi. İllər keçəndən sonra indiki baş nazir Dmitri Medvedyevin etiraf etdiyi kimi, 1996-cı il seçkilərini, əslində, kommunistlərin namizədi Züqanov udmuşdu, lakin "Kreml çevrilişi"nə və Yeltsinin hakimiyyətdən getməyinə yol vermək olmazdı. Qocalmış lider tədricən gücünü itirir və populyarlığı yoxa çıxırdı. İctimai rəyin sorğusna görə, 1999-cu ilin ikinci yarısında isə onun reytinqi, demək olar, 2%-ə qədər düşmüşdü.
Daxili siyasətdə hərc-mərclik hökm sürür, xarici siyasət iflasa uğramışdı. Əvvəlcə çeçenlərlə vuruşdular, sonra barışıq prosesi işə salındı, daha sonra ondan da imtina etdilər, cəmiyyətin böyük qismi rus millətçiliyinin təsiri altında hərbi əməliyyatlar tələb etməyə başladı.
Kreml durumu idarə edə bilmirdi. Cəmiyyətdə bu qənaət möhkəmləndi ki, "daha bu cür davam edə bilməz".
Son mərhələ və
qurtuluş ümidi
Nə zamansa əhalinin yarıdan çoxunun dəstəyi ilə (1991-ci ildə 57 %, 1996-cı ildə şübhəli 53 %) hakimiyyətə gəlmiş Yeltsin son dərəcə hiddətlənmişdi. O, durmadan baş nazirləri dəyişdirirdi. Bunu etməklə onun yerini tuta biləcək "etibarlı" varis axtarırdı. Kiriyenkonu işdən götürüb Çernomırdini təyin etdi (ikinci dəfə). Onu Primakov, sonra Stepaşin və nəhayət, Putin əvəz etdi.
Dörd ay ərzində Putinə inanmış Yeltsin 1999-cu ilin son günündə Yeni il müraciətində özü tarixi qərarını elan etdi: "Yorulmuşam, mən gedirəm".
Yeni lider Putin Yeltsinin bütün siyasətini yenidən qurdu. Putin Kremldən bayıra çıxmamış və Yeltsinin inamından istifadə etmiş siyasətçi və biznesmenləri cəzalandırdı. Berezovski, Qusinski kimi media maqnatları ölkədən qaçmağa məcbur oldular. Putin ölkənin baş varlısı Xodorkovskini isə həbsxanaya atdı.
Lakin Putin Yeltsinə verdiyi sözə axıradək sadiq qaldı: Yeltsinə və ailəsinə toxunmadı, ona qarşı yönəlmiş bütün siyasi hücumları dəf etdi, Yeltsinin hüquqi təqibinə imkan vermədi. "Keçmiş lider" və yaxud "keçmiş prezident" deyil, "bütün xalqın seçdiyi Rusiya prezidenti" adlandırılmasını istəyən Yeltsin hakimiyyətdən gedəndən yeddi il yarım sonra 2007-ci ilin yazında 77 yaşında öz əcəli ilə öldü.
Ərdoğan Yeltsinin
etdiyini edə bilərmi?
Yeltsinin səciyyəvi özəllikərindən danışarkən "xarizma"dan başlayıb "doyulmaz hakimiyyət ehtirası"nda qurtardıq. Sonuncu Yeltsin üçün xüsusən önəmli idi. Demək olar, onun bütün həyatı boyu bu cür olmuşdu. Lakin Kremldə olduğu son illərdə bu ehtirası başqa, daha güclü ehtiras üstələdi: yaşamaq və azad olmaq... O, bunun xatirinə olduqca təhlükəli yol seçdi: başqa lideri öz yerinə qoydu və siyasəti tərk etdi. Yeltsin ömrünün son yeddi il yarımında ürəyincə olmayan və bəzən onun inamını sarsıdan çox şeylərdən keçsə də, son nəticədə hesab etmək olar ki, onun riskli qərarı son dərəcə düzgün çıxdı və onu həqiqi mənada xilas etdi.
Eyni variant Türkiyədə də mümkündürmü?
Ərdoğan Davudoğlunun və yaxud hansısa "əlverişli lider"in dönəmində və "əlverişli vaxt"da fəal siyasəti və yaxud özünün icad etdiyi "tərlyən prezident" konsepsiyasını tərk edib siyasətdən gedə bilərmi?
Ona qarşı toplanmış hüquqi iddiaları bu qayda ilə uzaqlaşdıra bilərmi? ƏİP yenə də yüksələ bilərmi və hakimiyyətdə nə qədər çox qala biləcək?
Cavabı tarix verəcək..."
Murad İbrahimli
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53