Hansı icra başçıları səksəkəyə düşdü
10:39 04-09-2015
İQTİSADİYYAT
Ölkə başçısının son qərarları bəzi rayon rəhbərlərini qorxuya salıb
Srağagün Azərbaycanda bir sıra rayonların rəhbərləri əvəzlənib. Belə ki, prezident İlham Əliyevin sentyabrın 2-də imzaladığı sərəncamla Eldar Əzizov Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Prezidentin digər sərəncamı ilə o, Bakı şəhəri Səbayel rayonuna icra başçısı təyin edilib.
Prezidentin başqa bir sərəncamı ilə Abşeron rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov bu vəzifədən azad edilərək, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.
Həmçinin, prezident sentyabrın 2-də Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəmməd oğlu Məhəməliyevi tutduğu vəzifədən azad edib.
Səbayel rayon İcra Hakimiyyətinin başçısı Asif Yunis oğlu Əsgərov isə bu vəzifədən azad edilərək, Nəsimi rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub.
Ölkə başçısının başqa bir sərəncamı ilə İradə Akif qızı Gülməmmədova Abşeron RİH-nin başçısı təyin edilib. Buna qədər o, Abşeron RİH başçısının birinci müavini vəzifəsində çalışırdı.
Ekspertlər hesab edirlər ki, biz qarşıdakı həftələrdə və ya aylarda bu cür qərarların yenidən şahidi ola bilərik. Məsələ burasındadır ki, Azərbaycanda vətəndaşlarda ən çox narazılıq yaradan dövlət qurumlarından biri məhz yerli icra hakimiyyətləridir. Onlar yerli əhalini incitmək, sahibkarlarda narazılıq yaratmaq məsələsində xeyli "ixtisaslaşıblar".
Artıq hökumət daxilində belə icra başçılarına qarşı müxtəlif cəzalandırma üsullarına əl atılması qaçılmaz hesab olunur. Bu sıraya onların görəvlərindən azad edilməsi, başqa bir rayona dəyişdirilməsi kimi variantlar daxildir. Hətta bir müddət əvvəl bir sıra rayon rəhbərlərinin həbs təhlükəsi yaşaya biləcəyi istisna olunmurdu. Bildirilirdi ki, icra hakimiyyəti başçıları rüşvətin kubunu alırlar; əhalini də, rəhbərlik etdikləri rayonu da durmadan istismar edirlər, torpaqları, varsa, meşə və dağları çəpərləyib, oliqarxlara mülk kimi verirlər... Bütün bunlar daha çox Quba hadisələrindən sonra ortaya çıxıb; indi hətta hakimiyyət "oliqarx-qubernator" sistemini də aradan qaldırmağa, idarəetməni mərkəzləşdirməyə hazırlaşır. Və bunun bir yolu da müəyyən rayon rəhbərlərini həbs edərək digərlərinə gözdağı, yaxud qulaqburması verməkdir.
Ölkə başçısının srağagünki məlum sərəncamları isə artıq xeyli rayon rəhbərində növbənin onda olduğu təəssüratı yaradıb. Odur ki, bir sıra rayonların icra başçılarının ciddi səksəkədə olduğu bildirilir.
Həmçinin belə məlumatlar var ki, xüsusilə payızda keçiriləcək parlament seçkilərindən sonra müəyyən rayonların "kiçik padşah"larının aqibəti çox ağır ola bilər. Belə ki, hansı rayonlarda hakim partiyanın - YAP-ın namizədləri daha az səs toplayacaqsa, bu həmin rayonlarda yerli əhalinin hökumətdən narazılığının əsas göstəricisi kimi qəbul ediləcək, buna görə isə məhz rayonların rəhbərləri cavabdeh hesab olunacaq. Yəni vətəndaşların narazı elektorata çevrilməsinin məsuliyyəti həmin rayonların icra başçılarının üzərinə qoyulacaq və onların ən sərt formada cəzalandırılmasına qərar veriləcək.
Bir sözlə, istər parlament seçkiləri ərəfəsində, istərsə də həmin seçkilərdən sonra xeyli rayon rəhbərinin "qurbanlıq" seçilməsi realdır. Onlar vəzifələrini itirmək, ya da başqa bir rayona dəyişilməklə canlarını qurtarsalar, toy-bayram edə bilərlər. Çünki yuxarıda da qeyd etdiyimiz kimi, vətəndaşların xüsusilə incidildiyi, hökumətdən narazı salındığı şəhər və rayonların icra başçılarının aqibətinin daha pis ola biləcəyinə dair iddialar getdikcə intensivləşməkdədir.
Bir sözlə, rayon rəhbərlərini qarşıda çətin günlər gözləyir. Onların artıq özlərini əvvəlki kimi "kiçik padşahlar" olaraq aparmalarına son qoyulmağa başlanılır. Srağagünki təyinatları bir az da bunun ilkin siqnalı kimi qəbul etmək lazımdır.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00