İri məmurların daha bir biznesi çökür
10:40 04-09-2015
İQTİSADİYYAT
Ölkənin broyler şirkətləri çətin durumda!
Son vaxtlar müşahidə olunan arzuedilməz iqtisadi böhranın Azərbaycandakı məmur şirkətlərini çətin vəziyyətə saldığı göz önündədir. Dünyada gedən iqtisadi proseslərin mənfi təsirləri - neftin qiymətində kəskin ucuzlaşma, bunun nəticəsində Azərbaycanda manatın məzənnəsinin dollara nisbətən aşağı düşməsi, ölkəyə pul kütləsinin axınındakı ciddi azalma oliqarxların biznesinə də ağır zərbələr endirməkdədir.
Getdikcə genişlənən böhranın "acı dadını" isə artıq ölkənin broyler təsərrüfatları da hiss etməyə başlayıblar. Aydın görünür ki, artıq onlar əvvəlki kimi yüksək gəlirlə işləmirlər.
Hətta iş o yerə çatıb ki, Azərbaycanın ən böyük broyler məhsulu istehsalçısı "SƏBA" (keçmiş "Dəvəçi Broyler") ilk dəfə ziyana düşüb. Şirkətin hesabatına görə, 2014-cü ildə satış həcmi 1,5 mln manat artaraq 40,4 mln manatı keçib. İstehsal və digər xərclər il ərzində 6 mln 340,4 min manat artaraq 42,3 mln manat olub. Nəticədə "SƏBA" ASC-nin illik ziyanı 1 mln 943,9 min manat olub.
2014-cü ildə şirkət broyler məhsulu satışını 500,4 ton artıraraq 14,3 min tona çatdırıb.
Nizamnamə kapitalı 4,8 mln manat olan şirkətin xalis aktivləri 31,7 mln manatdır. İl ərzində xalis aktivlər 1,3 mln manat azalıb.
2014-cü ildə "SƏBA" ASC-nin 6,8 mln manat bank krediti olub.
2013-cü ildə nominalı 2 manat olan hər səhmə 2,34 manat dividend ayrılıb. SC-nin kapitalında 16 mln manat bölünməmiş mənfəət var.
"SƏBA" ASC-nin səhmdarlarından biri "Azərbaycan İnvestisiya Şirkəti"dir (10%).
2014-cü ildə "Dəvəçi Broyler" və onun bir neçə törəmə şirkəti yenidən təşkil edilərək "SƏBA" ASC yaradılıb.
Onu da deyək ki, ölkənin ən iri broyler istehsalçısı öz tarixində ilk dəfə olaraq ziyanla işləməyə başlayıbsa, digər broyler şirkətlərinin hansı durumla qarşı-qarşıya qaldığını təsəvvür etmək çətin deyil. Yəqin ki, biz qarşıdakı günlərdə toyuq və toyuq məhsullarının istehsalı və satışını həyata keçirən şirkətlərin də ciddi gəlir itkisinə dair məlumatlarla tanış olacağıq.
"Unikal"ın əldə etdiyi məlumatlar onu göstərir ki, ölkədəki broylerlərin əksəriyyəti bəzi oliqarxların nəzarətindədir. Azərbaycanda digər sahələr kimi, broyler sahəsində də müəyyən iri məmurların monopolist mövqeləri açıq-aşkardır. Bunun ən yaxşı sübutunu isə uzaqda axtarmağa dəyməz. Məhz həmin səbəbdən Azərbaycanda nə müstəqil laboratoriya yaratmaq mümkün olur, nə də yalançı sertifikatların verilməsinin qarşısını kəsmək mümkündür. Nəticədə isə Azərbaycanın broyler şirkətlərinin məhsullarının vətəndaşların sağlamlığına ciddi təhdid təşkil etdiyi müstəqil ekspertlər tərəfindən mütəmadi dilə gətirilir. Broylerlərin arxasındakı oliqarx himayəçiliyi hətta aidiyyatı qurumların da əl-qolunu bağlayır və "toyuq biznesi"ndəki anormallıqların aradan qaldırılması istiqamətində onların əməli fəaliyyət göstərmək imkanlarını məhdudlaşdırır. Bu isə müəyyən məmurların cibinin dolmasına, vətəndaşların sağlamlığının isə ciddi təhlükə altına düşməsinə gətirib çıxarır.
İndi isə görünən odur ki, artıq iri məmurların himayə və nəzarət etdiyi broyler şirkətləri böhran qarşısında tab gətirməyə çətinlik çəkirlər. Bu da son nəticədə artıq həmin məmurların da ciblərini əvvəlki kimi doldurmaq imkanlarının azaldığını göstərir
Ümumilikdə isə böhranlı proseslərin Azərbaycan oliqarxiyasını hər tərəfdən çətin duruma saldığı inkarolunmazdır. Hazırda iri məmurlarımızın tikintidən tutmuş bank sektorunacan bütün biznes subyektləri ciddi krizis yaşayır, əvvəlki gəlirliliyindən xeyli uzaqdır, ziyanla işləməkdədirlər. Bu da bir sıra iri məmurlarımızın sürətlə kasıblamağa başladıqlarını deməyə əsas verir.
Sənan Mirzə
Digər Xəbərlər
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00